Turistlərə təklif olunacaq menyu milli mətbəx brendi kimi qeydiyyatdan keçib

Fevralın 8-də “Boulevard Baku” hotelində Mədəniyyət və Turizm Nazirliyi və Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə “Azerbaijan breakfast” - milli səhər yeməyi layihəsinin təqdimat mərasimi keçirildi. Təqdimatda bir sıra mehmanxanaların menecerləri və icraçı direktorları iştirak edirdi.

Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov layihə haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, Azərbaycanda turizmin inkişafı, ölkəmizin turizm imicini formalaşdıran yeni turizm məhsullarının yaradılması məqsədilə müxtəlif layihələr həyata keçirilir. “Azerbaijan breakfast” - milli səhər yeməyi layihəsi də bu qəbildəndir.
Layihənin məqsədi milli səhər yeməyi növlərinin ayrı-ayrı elementlərinin beynəlxalq kulinariya və iaşə xidməti seqmentində Azərbaycan Respublikasının mülkiyyəti və qeyri-maddi mədəni irs nümunəsi kimi təqdim olunmasıdır. Bildirildi ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Azerbaijan breakfast” səhər yeməyi brendinin menyusu və loqosu Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçib və müvafiq şəhadətnamə alıb. Bununla da layihə üzərində nazirliyin müstəsna hüquqları tanınıb. Eyni zamanda layihənin tətbiqinə ümumi nəzarət edilməsi və onun yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi məqsədilə nazirlik tərəfindən müvafiq qaydalar tərtib edilib. “Azerbaijan breakfast” - milli səhər yeməyi kompleksi menyusu həm də əmtəə nişanı kimi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət reyestrindən keçib və müvafiq şəhadətnamə alıb.

Sektor müdiri qeyd etdi ki, Azərbaycanda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlər, eləcə də turistlərə xidmət göstərən iaşə obyektlərinin hər birinə bu layihədə iştirak etmək üçün müqavilə şərtləri göndərilib. Bildirdi ki, müqavilə ödənişsiz olaraq həyata keçiriləcək. Azərbaycan xalqının milli və ənənəvi səhər yeməyi kompleksinə daxil olan müxtəlif qida növlərinin milli və beynəlxalq hüquqla qorunan brend məhsul kimi “Azerbaijan breakfast” adı altında təbliği və təqdimatı nəticə etibarilə mədəniyyətimizin bir hissəsi olan milli mətbəximizin nəinki ölkə daxilində, eləcə də xaricdə tanıdılmasına zəmin yaradacaq.
Daha sonra çıxış edən Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov milli səhər yeməyi brendinin yaradılması və xarici turistlərə təqdim olunmasının əhəmiyyətindən danışdı. Qeyd etdi ki, bu layihə həm Azərbaycan xalqının qədim mətbəx ənənələrinin təbliğinə xidmət edəcək, həm də mətbəx nümunələrimizin bədnam qonşularımız tərəfindən mənimsənilməsinin qarşısını alacaq. O da diqqətə çatdırıldı ki, hotel və digər turizm-xidmət obyektlərində “Azerbaijan breakfast” layihəsinin həyata keçirilməsində yaranacaq çətinliklərin aradan qaldırılması üçün Milli Kulinariya Mərkəzinin əməkdaşları tərəfindən köməklik göstəriləcək.
Mərasimdə Azərbaycanın səhər yeməyi ənənələri, “Azerbaijan breakfast” kompleksinə daxil edilmiş milli kulinariya məhsulları təqdim olundu. Xalqımızın mətbəx ənənələrinin xüsusiyyətləri, həmçinin layihənin məqsədləri və tətbiqi qaydaları haqqında geniş məlumat verildi, layihənin həyata keçirilməsi istiqamətində iştirakçılarla əməkdaşlıq perspektivləri müzakirə edildi.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar