Özü Yaradanın görkəmli görkü, Turanın ərdəmli türkü idi, yaradıcılığı poeziyamızın özünəməxsus bir mülkü...
   
   Əziz poeziyasevər - deməli, həm də Şahmarsevər oxucu! Çoxusu “köhnə”, bir qismi də yeni oxucu! Əksəriyyətiniz onun bütün yazdıqlarını oxumusuz. Sizinləyəm, qədir-qiymətcə “köhnə”, xətir-hörmətcə vəfalı oxucular! Siz də bunu bilirsiz ki, Şahmar Əkbərzadə oxunmayası yazı yazan ədiblərdən deyildi. Onun bütün söhbətlərini, xatirələrini xatırlayanlar da var. Onun “qalanlara salam olsun!” deyib getdiyi oxucuları, dost-tanışlarını nəzərdə tuturam. 

   Nəhəng boy-buxun və ipək yuxalıq. Adındakı məlum zəhm, mərifət-mədəniyyət ladındakı könülçalanlıq. Gözəllikalanlıq, qəlblərə odsalanlıq, dərdəqalanlıq...
   Düzdür, bunlar tək elə Şahmarlıq deyil, ümumən, şairlikdir. Onların demək olar, hamısı dünyanın hələ də rəsmiləşdirmədiyi bu “vəzifə”sində çalışır. Bunu “Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatlarının şeir antalogiyası”nda (2008) bir daha duydum. O kitabda heç kəsin heç vaxt cavablandıra bilməyəcəyi poetik suallar, heç kimin sual edə bilməyəcəyi cavablar var ki, bunların hamısı elə Şahmar Əkbərzadəni də varından yox edən daxili mükalimələrdən idi. Bu şairlərdən biri (V.Bəhmənli) deyir:
   
   Dərdimin dərdlərdən harası kəmdi?
   Məni də ağlağan bir qələm doğub...
   Niyə şairlərin atası qəmdi,
   Bütün şairləri niyə qəm doğub?
   
   O biri (A.Səməd) deyir:
   
   Şuşada güllər gülürmü?
   Dağına duman gəlirmi?
   Xudu müəllim bilirmi,
   Şuşaya gedə bilmirəm?!.

   
   Bu laureatlar antalogiyasının baiskarı Şahmar Əkbərzadə isə bir vaxt yazırdı:
   
   Məni tənha bilmə, yalnız sayma sən,
   Analar anamdır, tacımdır mənim.
   Dəli həsrətimi ovudub öpən
   Yovşanlar, lalələr bacımdır mənim.
   
   Orxon-Yeniseyin, qədim Sibirin,
   Sirli yazıları sirdaşlarımdır.
   Ölməz Füzulinin, Mirzə Sabirin
   Başdaşı doğmaca qardaşlarımdır.
   
   Deyirdi...
   
   Nə deyirdi, necə deyirdi?..
   Sözün bəlasını çəkə-çəkə bal süzürdü qələmindən Şahmar Əkbərzadə. Onu yaxşı tanıdığımdan nə yaxşı-yaman, nə “yalan” yazsam, inanın. O, cahan hikmətə, canan bəlaya halalından da artıq diqqət yetirir, qafiyəsi bağrıbadaş misraları qaraqaş-qaragöz balalarından da gözəl geyindirib-kecindirirdi!..
   O, kimi, nəyi sevirdisə - dolğun idi, gözəl idi. Sevmirdisə, solğun idi, xəzəl idi. Necə ki “çün istərdi bəla” Füzulini, eləcə də söz azarı sağaldırdı “müstər Şahmar”ı. Bütün şairiyyətə məxsus “min gözəlin içindən təkcə səni” “istehlakçılığına” rəğmən, bu “söz arısı” dil gül-çiçəkstanımızdan köz-köz kəlmələr çəkirdi. O vaxtadək axtarıb-arayırdı ki, tapdığından “dodağıballı” yarı da yarıyırdı, ucqar bir kənddəki “folklorabənzər qarı” da. Elə poetik dava-dərman yaradırdı ki, olumun da işinə yarayırdı, ölümün də:

   Səndən zülümlər görsəm -
   Zülümdən gözəl nə var?
   Dizin üstə can versəm -
   Ölümdən gözəl nə var?!.
   
   Desəm ki, ölümü də olum kimi gözəlləşdirirdi bu gözəl şair, - nə deyərsiz? Belədə mən onun haqqında bir kitablıq sözümü-söhbətimi necə bəyan edim? Kitablarındakı ədəbi-bədii sevgililərinin, ilham pərilərinin vəsfi bir yana, onu evindəki, ömür-günündəki vəfalı yarının - öz Mələyinin müsahibəsindən kəsdiyim bu bir-iki abzasa necə sığışdırım?
   Neynək, hər çətinliyə mətinlik göstərən Şahmar! Vəfalı yarın, ...sənsiz cəfalı Mələyin ən vəfalı dostdan belə bir köynək və bir göynək irəlidi...
   - On iki il öncə gözəl şairimizdən necə ağrılı, üzüntülü ayrıldığınızdan az-çox xəbərdarıq... İndi necə tapışmağınızdan danışın...
   - O, uzaq qohumlarımızdan olsa da, münasibətlərimiz çox isti idi. Babam Əliş bəy sovet vaxtı Orta Asiyanın Çimkənd vilayətinə sürgün edildiyindən, atam Qarabağdan Gəncəyə köçüb. Amma Şahmargillə get-gəlimiz qalırdı. Atam Şahmarın xətrini həddən-ziyadə istəyirdi. Mənsə onu ali məktəbə daxil olduqdan sonra tanıdım. Mən ADU-da (BDU), o isə Pedaqoji Dillər İnstitutunda oxuyurduq. Mən həyata iqtisadçı nəzərlərilə baxırdım, o başdan-başa şair gözüylə...
   O, qardaşımla kirayə yaşadığımız evə gəlib maraqlı söhbətlər etməkdə, şeirlər oxumaqda, mənsə yavaş-yavaş onun mənə olan duyğularını anlamaqda... Amma, düzü, mənim ona qarşı ciddi bir hissim yox idi. Hətta qohumluq “normalarından” artıq gəlib-getdiyini və söz açmağa fürsət axtardığını başa düşüb, üzümü turşutduğum da olub. Mən “Bir də bu universitetə gəlmə!” demiş, o da “Yaxşı...” deyib getmişdi.
   Doğma kəndində rus dili müəllimi işlədiyi vaxtlar onun qəzet və jurnallarda çıxan şeirlərini oxuyur, qohum kimi rəğbət bəsləyirdim. Mən universiteti bitirəndən sonra atam ağır xəstəliyə tutuldu. Qarabağlı qohumlarımız tez-tez atama baş çəkirdilər - ələlxüsus da Şahmar! Atam ona o qədər öyrəşmişdi ki, gəlməyəndə darıxırdı. Ölümündən bir neçə saat əvvəl o, hamını otaqdan çıxarıb Şahmarla məni saxladı. Əcəl üzüntüləri içərisində ordan-burdan söhbət etdi, çox sevdiyi türk şairi Tofiq Fikrətin bir şeirini oxudu və qəflətən mənə müraciətlə: “Bu dünyada ən çox kimi istəyirsən?” - dedi. Özümü itirdim və “- Sən kimi istəyirsən, onu!” - dedim. “- Mən Şahmarı istəyirəm!” - deyib, bizim əllərimizi birləşdirdi və gözlərini əbədi yumdu...
   Şahmar hər gün mənə zəng edir, hər həftə Ağdamdan Gəncəyə - atamın məzarını ziyarətə gəlirdi. Elə “İrəm, mirəm” şeiri də o günlərin yadigarıdır:
   
   Haçandı ürəyim dağlanır köz-köz,
   Dəstəkdən üstümə od ələnibdir.
   Könlümün həsrətlə gözlədiyi söz,
   Telefon xəttində çiliklənibdir.
   
   Telefon telini bağrına basıb,
   Çalıb-oxuduğu “Yanıq Kərəm”di.
   Neyləsin, “sev” - çatıb, sözün arxası,
   Bilmir ki, “irəm”di, yoxsa “mirəm”di.
   
   Həmin günlərin birində yenə bizə gəlmişdi və mən ona çay süzəndə nəlbəkidə “quş” formalı bir kağız gördüm:
   
   Durmusan “hə” ilə “yox” arasında,
   Birini deməyə cəsarət eylə.
   İqtisad elmini sevib-seçənim,
   Verdiyin əzaba qənaət eylə...
   
   Deyim ki, mənim “nəm-nüm”ümün, “verdiyim əzaba qənaət etməməyimin” bir səbəbi də evimizdə heç kəsin (əlbəttə, atamdan başqa!) bu izdivaca razı olmaması idi...
   Nəysə...1969-cu il noyabrın 1-də köhnə “İnturist”in böyük zalında toyumuz oldu.
   Çox dəbdəbəli keçən o toyda kimlər yox idi... Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Zeynal Məmmədov, Süleyman Ələsgərov, Ziyad Səmədzadə, Şahbaz Muradov...
   - Əlqərəz, maraqlı tapışma, təmtəraqlı toy fəsillərindən sonra... alovlu birgəyaşam illəri...
   - Hə, 31 illik gözəl, mənalı ailə həyatımızdan 4 övladımız oldu. O 31 ildə də, dünyasını dəyişdiyi bu 12 ildə də onun ərliyi-ərdəmliyi, ata tərbiyəsi, ailəsinə bağlılıq mədəniyyəti, cəmiyyətdəki mövqeyi ilə qürur duymuş və duymaqdayam. Bir söz də demək istəyirəm. Belə ki, fikirləşəndə, bəzən onun məndən əvvəl dünyasını dəyişməyinə “sevinirəm”. Çünki hər günü bir ilə bərabər olan bu son, əbədi hicranın çalın-çarpaz dağlarına mən idim ki, dözə bildim! Necə deyərlər, “torpaq idim dayandım, daş olsam - əriyərdim!” Razı ola bilməzdim ki, mən çəkən əzabları o çəksin. Mən ölsəydim, onun infarkt ürəyi neylərdi? Övladlarımız tamam başsız qalardı...
   - İstedadından tutmuş görkəminədək - çox orijinal, sevimli Ş.Əkbərzadə və qadınlığın əbədi atributu: qısqanclıq...
   - Hə, onun çox yaraşıqlı, cazibəli, istedadlı gəncliyi vardı. Təbii ki, belə bir kompleksə laqeyd qalmayan bir çox institut yoldaşları, “şeirsevərlər”lə yanaşı, ayrıca “Şahmarsevərlər” də vardı...
   - Dostları da çox idi və onlardan ən yaxın “yüzdə biri” təxminən neçə nəfər olardı? Ən yaxşı “trio” kimlər, ən birincisi kim?..
   - O, jurnalistika sahəsinə keçdikdən sonra respublikamızın hər guşəsində, dünyanın çox ölkələrində ezamiyyətlərdə olur, dünya şöhrətli ədiblərlə, incəsənət nəhənglərilə dostluqları başlanır, dərinləşirdi. Və məndə, bayaq dediyiniz qısqanclığın belə bir “növ”ü də yaranmışdı ki, “deyəsən, o, dostlarını bizdən çox istəyir...” Qaldı “dostlarının yüzdə biri”, “trio”, “birincisi” məsələləri. “Yüzdə biri”ni barmaqla saymaq olar: Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Nurəddin Rza, Qarabağda “Bala Marks” deyilən Zeynal Məmmədov, Həsənağa Salayev, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Çingiz Aytmatov, Cavad Heyət... “Trio”nu bir qədər “virtual” görürəm: Xudu - Bəxtiyar - Nurəddin, Xudu - Zeynal - Çingiz, Xudu - Nurəddin - Bəxtiyar... Allah hamısına rəhmət eləsin.
   - Bir dəfə Xudu müəllim dedi: “Şahmar ki poeziyadan bu qədər yanıqlı-qanıqlı danışır, deyəsən, onun ilk məhəbbəti şeir olub...”
   - O qəni-qəni rəhmətliyin fikrilə tam şərikəm. Əgər Şahmarın ilk məhəbbəti şeir olmasaydı, yəqin ki, mən də onu bu qədər sevə, ikinci və ömürlük məhəbbəti ola bilməzdim...
   - Bəlli münaqişə olaylarına qədər Qarabağı nə qədər sevdiyi, sevdirdiyi, vəsf etdiyi bizə də məlumdur. Ömrünün son on-on iki ilində isə bizim üçün məchul məqamları da olurdu...
   - Şahmar evdə də “çöl işləri”lə məşğul olurdu. Ümumittifaq və beynəlxalq mətbuata da məqalələr yazırdı. Çingiz Aytmatovun SSRİ Ali Sovetinə bağlı dönəmində elə həftə olmazdı ki, ona telefon açıb, bu məsələlər barədə fikir mübadiləsi etməsin.
   - Şair idi - maddi baxımdan sizin dar gününüzə nəsə qoyub gedəsi deyildi ki... Bəs mənəvi baxımdan necə, ən çətin anınızda hansı şeirlərini “xərcləyir”siniz?
   - Artıq 11-ci ildir ki, bu evin əri, atası, babası onun şeirləridir! Bu kitablar, bu şəkillər bizim canlı canımızdır. Hər gün evimizə tanımadığımız adamlar telefon açırlar, kitablarını istəyənlər olur. İştirak etdiyimiz məclislərdə Şahmarın şeirlərini eşidirik. Dünyasını dəyişdikdən sonra - ailəmizin dəstək-qatqısı olmadan - Türkiyədə və İranda şeir kitabları çap olunub. Beləliklə, Şahmarın şeirləri artıq tək elə bizim ailəyə, bizim xalqa yox, bütün Türk, Turan ədəbiyyatına məxsuslaşıb. Bu durum bizim üçün ən böyük qürur və dolanışıq mənbəyidir. Mənə gəldikdə isə - bir insan kimi, halal xanımı kimi başımın tacı bildiyim Şahmarın bütün şeirlərini özünü sevdiyim qədər sevirəm...
   - Mələk xanım, düzdür, “Sözün də su kimi lətafəti var”, amma həcm zərurətinə görə “hər sözü az demək...” heç də həmişə xoş olmur. Şəxsən mənim bir sinə sualım qaldı, Sizinsə, yəqin, iki o qədər cavablarınız...
   - Narahatçılığa dəyməz. Şahmar kitablarında özünü tam bəyan edib...

    Tahir Abbaslı