İnfotur və digər təbliğat xarakterli tədbirlərdə birgə iştirakın əhəmiyyəti vurğulanıb
Fevralın 10-da Mədəniyyət və Turizm Nazirliyi ilə “Türk Hava Yolları” aviaşirkəti arasında əməkdaşlıq imkanlarının müzakirəsinə dair görüş keçirilib.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov “Türk Hava Yolları”nın Bakıdakı ofisinin rəhbəri Seyfullah İlyasla görüşdə ölkəmizin turizm potensialının xarici ölkələrdə tanıdılması və Azərbaycana daha çox turistlərin cəlb olunması məqsədilə nazirlik tərəfindən təşkil olunan tədbirlər barədə danışıb.
Qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm sənayesinin nümayəndələri ilə birgə müxtəlif beynəlxalq turizm sərgilərində iştirak edir, B2B formatında tədbirlər, xarici ölkələrin turizm operatorları və KİV nümayəndələri üçün infoturlar təşkil edir. Həmçinin xarici populyar televiziya kanallarında reklamlar yerləşdirilir və digər təbliğat xarakterli layihələr həyata keçirilir.
Söhbət zamanı təbliğat və marketinq sahəsində Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizə uçuşlar həyata keçirən aviaşirkətlər arasında əməkdaşlığın vacibliyi vurğulanıb. Nazirliklə milli hava daşıyıcısı olan AZAL aviaşirkəti arasında qurulmuş əməkdaşlıq xüsusi qeyd edilib. Bildirilib ki, bu əməkdaşlıq çərçivəsində AZAL tərəfindən uçuşlar həyata keçirilən ölkələrdən turistlərin cəlb olunması məqsədilə birgə təbliğat xarakterli tədbirlər təşkil edilir.
Seyfullah İlyas öz növbəsində “Türk Hava Yolları” tərəfindən Azərbaycana səfər edənlərin sayının artırılması məqsədilə görülən işlər barədə məlumat verib. Aviaşirkət tərəfindən 2016-cı ildə keçiriləcək bir sıra infotur və digər təbliğat xarakterli tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin iştirakının əhəmiyyətli ola biləcəyi diqqətə çatdırılıb.
Görüşdə Mədəniyyət və Turizm Nazirliyi və “Türk Hava Yolları” aviaşirkəti arasında əməkdaşlıq haqqında çərçivə sənədinin hazırlanması barədə razılıq əldə olunub.