Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”si və buraya daxil olan məsnəvilərinin müxtəlif əlyazmaları ayrı-ayrı ölkələrin kitabxanalarında, arxivlərində, əlyazma institutlarında qorunur.
   
   Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynov bu günlərdə Praqa şəhərində ezamiyyətdə olarkən XIV əsrdən fəaliyyət göstərən Çexiya Milli Kitabxanasında “Xəmsə”nin naməlum nüsxəsini tapıb.
   “Xəmsə”nin bu nüsxəsi XVII əsrdə köçürülüb. Həmin nüsxəni N.Gəncəvinin indiyədək elmə bəlli olan digər əlyazmalarından fərqləndirən əsas xüsusiyyət onun xüsusilə nəfis şəkildə işlənməsi, 80-dək miniatürlə bəzədilməsidir. İcra tərzinə və üslub xüsusiyyətlərinə görə bu miniatürlər Təbriz məktəbi ənənələrini nümayiş etdirir. Əlyazmanın tərtibi və ona çəkilmiş miniatürlər bu nadir nüsxənin yüksək dəyərindən xəbər verir. “Xəmsə”nin gözəl məsnəvi xətti ilə qələmə alınmış mətni də digər bəlli nüsxələrin çoxundan orijinala sadiqliyi, təhriflərin olmaması ilə seçilir.
   Nizami yaradıcılığının tədqiqatçılarından olan professor R.Hüseynov hazırda həmin əlyazma haqqında qələmə aldığı kitabı çapa hazırlayır. Yaxın vaxtlarda həmin kitab Azərbaycan, çex və ingilis dillərində nəşr ediləcək. Cari ilin sonunadək Bakıda və Praqada kitabın təqdimatının keçirilməsi nəzərdə tutulub.
   * * *
   Yeri gəlmişkən, Çexiya Milli Kitabxanasında Azərbaycanla əlaqədar XVII-XVIII əsrlərə aid əlyazmalar da saxlanılır.
   M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasından verilən məlumata əsasən, Çexiya Milli Kitabxanasında 320-dək fars dilində əlyazma var. Azərbaycan Milli Kitabxanası həmin əlyazmaların öyrənilməsinə başlayır. Əlyazmaların öyrənilməsi və araşdırılması məqsədilə kitabxananın xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsinin müdiri Xəyalə İsmayılova və AMEA-nın Əlyazmalar İnstitutunun farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri Möhsün Nağısoylu sentyabrın 17-dən 27-dək Praqa şəhərinə ezam olunacaqlar.   

  Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar