Ötən müddətdə 45 minə yaxın əcnəbi vətəndaş elektron turist vizası alıb

Məlum olduğu kimi, “Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” ölkə Prezidentinin 30 noyabr 2012-ci il tarixli sərəncamının icrasının təmin edilməsi məqsədilə 2013-cü ilin 15 mart tarixindən xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir. Ötən müddətdə elektron turist vizası verilən əcnəbi vətəndaşların sayı 45 minə çatıb.
Bu sistemin yaradılmasında məqsəd ölkəmizə səfər etmək istəyən əcnəbi turistlərin rahat və tez bir zamanda turist vizası əldə etməsini təmin etmək, eləcə də turizm şirkəti tərəfindən turistlərin fərdi və qrup halında səfərlərinin təşkili zamanı turpaketin qiymətinin azalması və ölkəyə turist axınını artırmaqdır.
Elektron turist vizasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası"nın tələblərinə uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyindən akkreditasiyadan keçmiş turizm şirkətləri tərəfindən verilir. Bu turizm şirkətlərinin siyahısı Mədəniyyət və Turizm Nazirliyinin, Xarici İşlər Nazirliyinin və Azərbaycanın xaricdə yerləşən səfirliklərinin saytlarında yerləşdirilib.
Qeyd edək ki, elektron viza sistemi tətbiq ediləndən sonra ölkəmizə turist qismində səfər etmək istəyən əcnəbi vətəndaş akkreditasiyadan keçmiş turizm şirkətlərinin birinə telefon, e-mail və ya turizm şirkətlərinin veb səhifələrində yaradılmış imkanlardan istifadə edərək müraciət edir, tələb olunan sənədləri təqdim etməklə və dövlət rüsumunu ödəməklə ən geci 10 gün müddətinə e-mail vasitəsilə elektron turist vizasını əldə edə bilirdi.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsindən sonra bu müddət iki dəfə qısaldılıb. Ölkə Prezidenti tərəfindən imzalanan müvafiq qanun fevralın 18-də dərc olunub. Miqrasiya Məcəlləsinin 38.3-cü maddəsinin ikinci cümləsinə edilən düzəlişə əsasən elektron vizanın verilməsi ən geci 5 günə reallaşacaq. Viza verilməsindən imtina edildikdə bu barədə əsaslandırılmış məlumat verilir.