Hüseyn Cavidin ölməz əsərinin tarixi simaları
   
   Azərbaycan bədii-ictimai fikir tarixində əbədi yeri olan sənətkarlarımızdan biri də böyük filosof-şair Hüseyn Caviddir. Cavid bütün yaradıcılığı boyu bəşəri və milli səadət, sülh və əmin-amanlıq tərəfdarı olub. İnsanları bəşəriyyətin tərəqqisinə, yüksək ideallara səsləyib. ”İblis” əsəri də ədibin həmin düşüncələrini əks etdirən romantik faciədir.
   
   “İblis” dramaturqun dövrün dramatik tarixini əks etdirmək ehtiyacından yaranmış bir əsərdir. I Dünya müharibəsinin xalqların həyatında doğurduğu faciələr, xüsusilə Osmanlı Türkiyəsinin üzləşdiyi ölüm-qalım şəraiti 1918-ci ildə ədibi “İblis” əsərini yazmağa sövq edib.
   Əsərin baş obrazları Osmanlı sarayının və türk ordusunun rəhbərləridir. Tarixdən məlumdur ki, hələ I Dünya Müharibəsindən çox-çox əvvəl Osmanlı təfəkkürünü yabançı düşüncələr sarmışdı. Yurdunu sevən türklər sarayda ərəblər, ermənilər tərəfindən öldürülür, günah da başqa bir yurdsevər türkün üstünə atılır. Belə bir şəraitdə Osmanlı baxışlarındakı türk düşmənçiliyi yox olmadan türklüyün qurtuluşu mümkün deyildi. Bütün bunlar “İblis” əsərində əksini tapır.
   Əsərdə Rənanın atası Osmanlı sarayında vəzifə sahibi olub. O, hansı səbəbdənsə öldürülür. Qız atasının qatilini axtarır və onu tapıb intiqam alacağına inanır. Sarayda ən çox etibar edilən ərəb general İbn Yəmin Rənanı sevir. Qatilin tapılmasında qıza yardım edəcəyinə söz verir. Əslində isə sarayda bütün fitnələri elə bu ərəb törədir. Ancaq İbn Yəmin hər an etibarını itirən bir obrazdır. Çünki hadisələr içində onun kimliyi yavaş-yavaş üzə çıxır...
   Əsərdə uşaqlıqda bir-birindən ayrı düşən iki qardaş obrazı da var. Vasif və Arif. Onlar bir-birlərini tanımırlar. Vasif bir türk zabitidir. Hər iki qardaş Rənaya aşiqdir. Vasif Rənanın atasının qatilini tanıyır. Arif isə daha sonra İbn Yəminin söhbətlərinə təsadüfən qulaq asarkən qatilin kim olduğunu öyrənir. Bu zaman sarayın bir çox tanınmış şəxsləri özünü itirir və sarsıntı keçirirlər. Osmanlı sarayının türklərə necə düşmən olduğunu açıqca görürlər. Çünki sarayda Osmanlı dövlətinin yolunda canını fəda edən türklərin heç bir etibarı yox ikən, dövlət xəzinəsini dağıdan ərəblərin etibarı daha yüksək idi. Bu üzdən də hamı şübhəli və ümidsizdir. Sarayın ən hörmətli şəxsi İbn Yəmin isə türk ordusuna etdiyi xəyanətlərindən çox məmnundur. Fitnələri ifşa edildikcə istehza ilə deyir:
   
   Bir böyük ordu, bir yığın insan,
   Mənim uğrumda oldu həp qurban.
   Mən kiməm? Bir ərəb...nə zənn etdin?
   Bir çocuqdanmı qorxar İbn Yəmin?

   
   İbn Yəmin çox hiyləgər siyasətçidir. O, Rənanı ustalıqla özünə bağlayıb. Elə edib ki, qızcığaz atasının qatilini tapmaqda ancaq onun yardım edə biləcəyinə inanıb. Türk zabiti Vasif isə Osmanlıdakı bütün cinayətlərin kimlər tərəfindən edildiyini başa düşür. Bilir ki, sarayda qorxulu bir plan hazırlanır. Anlayır ki, ərəb və ermənilər tərəfindən əl-qolu bağlanan Osmanlı hökumətinin gözündə türklər sadəcə savaş alətidir. Bu gerçəkləri bilən Vasif çox gərginləşir və öz əndişələrini belə dilə gətirir:
   
   Əfsus ki, heçdir sonu, türk ordusu varsın,
    İstərsə, bütün Hindi də, Əfqanı da sarsın,
    İstərsə, bütün qarşı çıxan manii yıxsın,
    Turanı basıb bağrına, Altaylara çıxsın,
    Mümkün deyil, əsla olamaz naili-amal
    Etdikcə xəyanət əli bu milləti pamal.

   
   Sarayda türk xalqına, türk ordusuna qarşı fitnələr gündən-günə artdıqca, bu zəfərlərin nə mənası ola bilər?
   Türk-rus ordularının qarşıdurmasında yaralı bir əsgər əsir düşür. Bu rus ordusunda xidmət edən bir Kazan-tatar türkü olur. Ondan kimliyini sorurlar. O, belə deyir:
   
   Əfv edərsin, hayır, nə bir rusum,
    Nə lehim mən, nə kirli casusum,
    Bir müsəlman, kazanlı bir türküm,
    Məncə bir ya həyat və yaxud ölüm,

   
   Yaralı əsirin türk olduğunu bilən türk ordusunun mənsubları:
   
    Başqa millətdən olmuş olsaydın,
    Yenə mümkündü əfvin... Ah, azğın!
    Türk olub, türkə atəş etmək için
    Yalnızca bir cəzaya layiqsin.
    O da edam...

   
   Bu zaman Osmanlıda hərbi xidmət edən bir ərəb zabit gülə-gülə gəlir və türklərin məğlub edildiklərini sevinərək xəbər verir. Ərəb zabitin bu qədər sevincini görən yaralı tatar əsiri dərindən ah çəkərək üzülür. Çünki yaralı tatar Anadoluda türk ulusunun yenildiyini qəbul edə bilmir. O, gerçək bir türkdür, ancaq taleyi onu rus ordusunda əsgər etmişdir. Yaralı tatarın bir başqa intizarı Anadolunun qurtuluşu yolunda savaşa bilməməsi və öz soydaşları tərəfindən öldürüləcəyidir. Ərəb zabit gülə-gülə və sevinc içində İstanbulun ingilislər tərəfindən işğal edildiyini bildirir. Tatar əsir bundan çox pərişan olur və deyir:
   
   Ah ərəb, ruhu, qəlbi ərəb,
   Həm də məmnun... nədir bu halə səbəb?
   
   Bu ərəbi əsir tatar0 tanıyır. O, türk ordusuna xəyanət edib ruslara casusluq edən bir ərəbdir. Əsir tatar, türk ordusunda casusluq edib ruslarla işbirliyi quran Osmanlı-ərəb zabitinə atəş açır və onu öldürür. Anadolunu rus təbəəsi olan tatar Osmanlıda zabit olan ərəbdən daha çox sevir…
   Böyük Atatürkün daha sonra dilə gətirəcəyi “Türkün türkdən başqa dostu yoxdur” fikrini Hüseyn Cavid əsərdə bu şəkildə qabardıb. Cavid dünyada məhz, belə bir türklüyün var olmasını istəyib...
   Əsərdə Elxan surəti gec görsənsə də, parlaq şəkildə verilir. O da bir türkdür. Osmanlı sarayında önəmli bir vəzifədə çalışır. Törədilən qətlləri, cinayətləri ifşa edib günahkarları yaxalamaq istəyir. Məhz buna görə onun da səsini kəsmək istəyirlər. O, bunu başa düşür. Bu səbəbdən saraydan uzaqlaşır. Gedib meşədə yaşayır. Tərəfdarları ilə Osmanlını və onun bütün dəyərlərini devirib türk ulusunun tarixi qurtuluşunu saxlamaq istəyir. Hüseyn Cavid Elxan obrazının xarakterində, əxlaqında vətənpərvərlik, insansevərlik və ədalət duyğuları canlandırıb. Elxan ormanda yaşayır və Anadolunun qurtuluşu üçün planlar hazırlayır. Hadisələrin cərəyan etməsindən məlum olur ki, gələcəkdə ölkənin qurtuluş yolları bu ormanlıqdan keçəcək. Hər kəs burada öz xəyanətini etiraf edəcək, türk ulusunun dəmir iradəsinin göstəricisi olan Elxana hesabat verəcək və cəzasını alacaq. Əsərdə o, türk ulusunun qurtuluş öndəri kimi təqdim olunur…
   Məlumdur ki, əsərdə İblis bütün qəhrəmanları aldadır. Ancaq Elxana üstün gələ bilmir. Çünki o, hədəfi bəlli olan və istəyindən heç bir şəkildə geri çəkilməyən xilaskardır. Elxanı 1918-ci ildə Hüseyn Cavid Anadolunun qurtuluşu üçün kəşf edir. Tam bir il sonra Elxan xarakteri Mustafa Kamal timsalında ortaya çıxır...
   Hüseyn Cavidin “İblis” dramında məqsədi sadəcə gerçəkliyin zahiri təzadlarını, ziddiyyətlərin üzdə təzahürlərini ifadə etmək olmayıb. Pyesin qayəsi daha dərindir. Əsərdə göstərilir ki, dünyada insan əlilə törədilən sarsıntıların səbəbi əslində insanın ikili təbiətindən irəli gəlir...

   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar