Media təmsilçiləri üçün yaddaqalan tur

Ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə və təbii gözəlliklərə sahib olması turizmin daha yüksək səviyyədə inkişafı üçün münbit şərait yaradır. Son illər dövlətin dəstəyi ilə bu sahədə böyük layihələr icra olunub, geniş imkanlara malik müasir infrastruktur yaradılıb, maddi-texniki baza gücləndirilib. Qusarda “Şahdağ” Turizm Mərkəzinin, Qəbələdə “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin istifadəyə verilməsi ilə Azərbaycan turizminin mövsümiliyi də aradan qalxıb.

Ölkəmizə xarici turistlərin cəlb olunması istiqamətində də müvafiq addımlar atılır, islahatlar həyata keçirilir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə edilən dəyişiklikdən sonra turist vizaları ən geci 5 gün müddətində elektron qaydada verilir. Bir sıra ölkənin vətəndaşları isə vizaları respublikanın beynəlxalq statuslu hava limanlarından əldə edə bilərlər.

Qəbələ “turizm paytaxtı”na çevrilir

Bu gün regionlarımız arasında turizmin daha çox inkişaf etdiyi bölgələrdən biri Qəbələ rayonudur. Qədim Qafqaz Albaniyasının paytaxt şəhəri indi turizmin paytaxtına çevrilməkdədir. Zəngin tarix və mədəni irsi, əsrarəngiz təbiəti olan Qəbələ bu gün beynəlxalq hava limanına, inkişaf etmiş şəhər və turizm infrastrukturuna malik bir məkandır.
Fevralın 20-21-də “Qafqaz” hotellər şəbəkəsinin təşkilatçılığı ilə Azərbaycanda daxili turizmin inkişafına dəstək məqsədilə Qəbələyə “Turizmin inkişafında KİV-in rolu və funksiyası” adlı media tur təşkil olundu. Media tur sayəsində ölkəmizdə fəaliyyət göstərən 30-a yaxın KİV-in nümayəndəsi bölgənin turizm potensialı ilə yaxından tanış olmaq imkanı qazandı.
“Qafqaz Baku City Hotel”dən başlayan səfərdə ilk duracağımız “Qafqaz Yengicə Termal & SPA Hotel” kompleksi oldu. Kompleksdəki “SPA” sağlamlıq mərkəzinin rəhbəri Rəşad Abdulhəlimov məlumat verdi ki, bu hotel Qəbələ rayonunda yerləşən 8, ölkə ərazisində “Qafqaz” brendi ilə fəaliyyət göstərən 13 hoteldən biridir. Rayonun Yengicə kəndində, mineral su mənbəyinə yaxın ərazidə yerləşən kompleksdə ümumilikdə 61 otaq mövcuddur.
Yaxınlıqda məşhur “Yeddi gözəl” şəlaləsi, Nohur gölü və süni yaradılmış göllər var. Ərazidəki mineral su vasitəsilə sümük ağrıları, revmatik ağrılar, əzələ ağrıları, dəri xəstəlikləri, osteoxondroz kimi müxtəlif xəstəliklərin müalicəsi aparılır. Burada olan mineral sulardan hələ qədim zamanlardan yerli əhali tərəfindən müalicə məqsədilə istifadə olunduğu haqda bilgilər var. Hoteldə həmçinin Naftalan nefti ilə kompleks müalicə prosedurları təklif edilir.
Sonra “Qafqaz Sport Hotel”i ilə tanış oluruq. Yeddimərtəbəli əsas korpusdan və kotteclərdən ibarət olan hoteldə 117 nömrə var. Bütün nömrələrdə qonaqların yüksək səviyyədə istirahəti üçün hər cür şərait yaradılıb. Hotelin idman mərkəzində təlim-məşqlər keçirmək də mümkündür. Hotelin ərazisində yüksək standartlara cavab verən, ailəvi istirahət üçün hər cür şəraitə malik 21 kottec, həmçinin açıq havada hovuz, uşaq oyun meydançası turistlərin ixtiyarındadır.

Buludlardan yüksəkdə duran “Tufandağ”

Gözəl təbiətə malik olan Qəbələ artıq MDB və Avropa məkanında da geniş tanınmaqdadır. Media turun ikinci günü “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə səfərlə davam etdi.
Turizm mərkəzinin müştəri xidmətinin rəhbəri Samir Cəfərov kompleks haqqında məlumat verərək bildirdi ki, obyekt 2014-cü il yanvarın 3-də dövlət başçısı İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Burada turistlərə ilboyu kanat gəzintisi, qış mövsümündə mürəkkəb səviyyəli yollarda xizəklə sürüşmə təlimi, hotel və digər xidmətlər göstərilir. Samir Cəfərov əvvəlki illə müqayisədə müştərilərin bu turizm obyektinə daha çox maraq göstərdiklərini bildirdi: “Xizək sürməyə görə ötən mövsümdə 1700-dən artıq turist qəbul etmişdiksə, hazırda bu rəqəm 3000-dən çoxdur. Hazırda kompleksdə ümumi uzunluğu 6 kilometr olan 4 kanat xətti turistlərin xidmətindədir. Qış aylarında hündürlüyü dəniz səviyyəsindən 1920 metr yüksəklikdə, ümumi uzunluğu 17 kilometr olan və 10 müxtəlif çətinlik səviyyəli xizək yolu turistlərin ixtiyarına verilib. Ən uzun xizək yolu 1950 metrdir. Xizək həvəskarları dolanıb getməklə bu yolu 6 kilometrə qədər uzada bilərlər. İlk dəfə xizək sürənlərə fərdi və qrup şəklində təlim keçilir”.
Media nümayəndələrinə də xizəkdən istifadə etməyə şərait yaradıldı. Əvvəlcə hər kəsə xizək kirayəsi məntəqəsində xizək və xizək ləvazimatları verildi. Sonra kompleksin yeni öyrənən turistlər üçün nəzərdə tutulmuş sürüşmə zolağında təlim başladı. Təlim zamanı xizəkdən istifadə qaydaları, xizəksürmənin ən asan və təhlükəsiz yolları, xizək enişi və yamaclardan istifadə zamanı diqqət yetirilməli olan əsas məqamlar öyrədildi. Daha sonra media mənsubları xizəksürmənin həyəcanlı anlarını yaşadılar...
Qeyd edək ki, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ərazisində yerləşən “Tufandağ” hoteli həm həftə içi, həm də həftəsonu xüsusi paketləri ilə müştərilərinə maraqlı təkliflər edir. Belə ki, müştərilər 2 nəfər üçün 179 manat ödəyərək hoteldə ikinəfərlik otaqda gecələməklə bərabər, səhər yeməyi, SPA və fitnes, xizək dəsti və geyimləri, xizək xəttinə buraxılış kartı almaq imkanları da əldə edə bilirlər. Hotel Novruz bayramı münasibətilə martın 19-dan 28-dək endirimli kampaniya da keçirir.
Media nümayəndələri soyuq Qəbələdən isti, xoş təəssüratlarla ayrıldılar.

F.Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar