5-6 mart tarixində Azərbaycan paytaxtı dünya turizminin ən mötəbər təsisatlarından biri olan Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (Think Tank) toplantısına ev sahibliyi etdi. İsveçrənin Lüsern şəhərində əsası qoyulan forum dünya qonaqpərvərlik sənayesində yeri və önəmi baxımından bu ölkənin digər şəhərində - Davosda keçirilən Dünya İqtisadi Forumu ilə müqayisə edilir və “Turizm Davosu” kimi tanınır.

Martın 6-da “Fairmont Baku” hotelində Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (Think Tank) toplantısı keçirildi. “İnkişaf edən istiqamətlərdə uğurun faktorları” mövzulu toplantıda dünyada turizm sahəsi üzrə fəaliyyət göstərən bir sıra yüksək səviyyəli şəxslər iştirak edirdi. Toplantıda növbəti on il ərzində turizm sahəsinə təsir edəcək qlobal tendensiyalar, turizm üçün insan resursları inkişafının mahiyyəti, yeni texnologiyaların biznes modellərinə və marketinqə təsiri və digər mövzularla bağlı müzakirələr aparıldı.
Toplantıda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizmin inkişafı üçün infrastruktur, nəqliyyat və maliyyənin əhəmiyyəti, turizm və qonaqpərvərlik sənayesinin iqtisadiyyatı balanslaşdıran faktor kimi rolu, sosial və ətraf mühit amilləri mövzusunda geniş məruzə ilə çıxış etdi.
Nazir əvvəlcə Azərbaycanda turizmin formalaşması haqqında ətraflı məlumat verdi. Bildirdi ki, ölkəmizdə bu prosesin tarixi sovet dövrünə təsadüf edir: "O dövrdə SSRİ ərazisində Xəzər və Qara dənizlərin sahillərində yaradılmış istirahət zonaları məşhur idi. Azərbaycanda da bir sıra turizm müəssisələri yaradılmışdı. Sovet İttifaqı dağıldıqdan sonra bu sahədə durğunluq yaşandı. Ermənistanın təcavüzü nəticəsində ərazilərimizin 20 faizi işğal edildi, 1 milyondan artıq vətəndaşımız öz doğma torpaqlarından didərgin düşdü. Doğma torpaqlarından qaçqın düşmüş vətəndaşlarımızı turizm obyektlərində, sanatoriyalarda da məskunlaşdırdıq. Müharibə işğal olunan torpaqlarımızda mövcud olan infrastrukturun dağıdılması, tarixi mədəniyyət abidələrimizin məhv edilməsi ilə nəticələndi, bütövlükdə ölkə iqtisadiyyatına olduqca mənfi təsir göstərdi".
Nazir diqqətə çatdırdı ki, ötən əsrin 90-cı illərinin ikinci yarısından etibarən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz sabitlik və inkişaf yoluna qədəm qoydu, o cümlədən turizm sektoru da dirçəlməyə başladı: "Son dövrlər ölkəmizdə turizm infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Yeni turizm, istirahət və əyləncə mərkəzləri, hotellər və ölkənin bütün regionlarını birləşdirən geniş yol infrastrukturu yaradılıb. Hazırda ölkəmizdə ən müasir standartlara cavab verən 6 beynəlxalq hava limanı fəaliyyət göstərir. Orta hesabla hər il 20-25 yeni hotelin açılışını edirik. Onların böyük əksəriyyəti 4, 5 ulduzlu hotellərdir. İndi isə 2, 3 ulduzlu hotellərin tikilməsi üçün sahibkarlara öz dəstəyimizi veririk. Bu infrastrukturun yaradılmasında ətraf mühitin və ekologiyanın qorunmasına xüsusi diqqət yetiririk".
Əbülfəs Qarayev daha sonra turizm sahəsinin inkişaf etdirilməsində beynəlxalq təşkilatlarla əməkdaşlıqdan danışdı. Vurğuladı ki, beynəlxalq təcrübənin öyrənilib ölkəmizdə tətbiq edilməsi, həmçinin beynəlxalq əməkdaşlığın gücləndirilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Ölkəmiz 2013-cü ildə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzv seçilib: "Azərbaycan son illər bir çox mədəniyyət, idman və digər sahələr üzrə beynəlxalq tədbirlərə, o cümlədən ənənə halını almış Dünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarına ev sahibliyi edir. Belə tədbirlər də ölkəmizə turistlərin cəlb olunmasına öz müsbət təsirini göstərir. Həmçinin turizm kadrlarının hazırlanması istiqamətində bir sıra ölkələrlə fəal əməkdaşlıq edirik. Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq yüksək səviyyədə davam edir".
Nazir ölkəyə turist axınının gücləndirilməsi üçün vizaların verilməsi sahəsində də islahatların aparıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycana səfər etmək istəyən hər bir xarici vətəndaş elektron qaydada müraciət etməklə ən geci 5 gün müddətində elektron viza əldə edə bilər. Bir sıra ölkələrin vətəndaşları isə birbaşa hava limanında viza əldə etmək imkanına malikdir.
Turizmin inkişaf etdirilməsində müasir texnologiyalardan istifadənin əhəmiyyətini diqqətə çatdıran Əbülfəs Qarayev ölkəmizdə bu sahədə də önəmli addımların atıldığını qeyd etdi. Bildirdi ki, "Gomap.az" elektron xəritə xidməti fəaliyyət göstərir: "Bu elektron xidmət vasitəsilə hər bir turist ölkəmizdə mövcud olan turizm müəssisələri, hotellər, tarixi abidələrin ünvanları və bu ünvanlara necə getmək haqqında məlumat ala bilər. Həmçinin taksi ilə gediləcək yola ödəniləcək məbləğ də göstərilir. Bizim yaratdığımız elektron xəritə xidmətinə Türkiyə və Gürcüstan da qoşulub".
Sonra Əbülfəs Qarayev forum iştirakçılarını maraqlandıran sualları cavablandırdı. Bir sıra maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) baş katibi Taleb Rifai və tədbirin moderatoru, Lüsern Dünya Turizm Forumunun icraçı direktoru Martin Bart və digər iştirakçılar Azərbaycanı Şərqlə Qərb mədəniyyətinin qovuşduğu zəngin tarixə və mədəniyyətə malik olan bir ölkə kimi xarakterizə etdilər. Qeyd olundu ki, Azərbaycanda mövcud olan multikulturalizm, tolerantlıq, yüksək qonaqpərvərlik və əsrarəngiz təbiət burada turizmin bütün sahələrinin inkişaf etdirilməsinə şərait yaradır.
Forum daha sonra müxtəlif mövzularda müzakirələrin aparılması ilə davam etdi.

Fariz







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar