Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (Think Tank) Bakı toplantısında dünya turizminin tanınmış simaları, beynəlxalq şirkətlərin, telekanal və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edirdi.
Onlardan bir neçəsinin ölkəmiz, tədbir və dünya turizmi haqqında fikirlərini öyrəndik.

“Dünyada baş verən münaqişələr turizmin inkişafına əngəl yaradır”

“Azərbaycanda turizm sektorunun daha da inkişaf etdirilməsi üçün lazımi müzakirələr aparmışıq. Müzakirələrimiz praktik olaraq müvafiq təcrübələrə əsaslanır. Ümidvarıq ki, müzakirələrimizin nəticəsi Azərbaycanda bu sahədə inkişafa daha da təkan verəcək”.
Bu sözləri jurnalistlərə müsahibəsində Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai dedi.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mövcud olan tarixi abidələrin dağıdılması, qanunsuz turist səfərlərinin qarşısının alınması barədə suala cavabında baş katib bildirdi ki, dünyada baş verən münaqişələr və həllini tapmayan problemlər turizmin inkişafına əngəllər yaradır: “Bu problemləri Azərbaycanda da görürük. İstəyirik ki, hər bir münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həllini tapsın və dünyada turizm sahəsi daha da inkişaf etsin”.

“Azərbaycanda turizmin inkişafı üçün böyük perspektivlər var”

Amerika Birləşmiş Ştatlarının CBS televiziyasının səyahətlər üzrə redaktoru Piter Qrinberq ölkəmizdəki zəngin tarixi irs və mədəniyyətdən təsirləndiyini dilə gətirdi: “Azərbaycanda daha əvvəl olmamışam. Onu da deyim ki, Bakını gəzməyə çox vaxtım olmasa da, şəhərdə olan bir neçə mədəniyyət ocağı ilə tanış ola bilmişəm. Bakı Konqreslər Mərkəzi, Heydər Əliyev Mərkəzi, həmçinin Tarix Muzeyində olmuşam. Burada gördüklərim məni təəccübləndirdi. Azərbaycanda turizmin inkişafı üçün böyük perspektivlər var. Düşünürəm ki, yaxın vaxtlarda daha böyük heyətlə Azərbaycana səfər edim. Buradan hazırlayacağımız süjetlər vasitəsilə ölkənin mədəniyyətini, tarixini və turizmini ABŞ ictimaiyyətinə daha geniş şəkildə çatdıraq”.

“İlk dəfədir ki, bu forumun toplantısı İsveçrədən kənarda keçirilir”

“Jumeirah” hotellər qrupunun icraçı direktoru Gerald Lawless Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin növbəti toplantısının Bakıda keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirdi: “İlk dəfədir ki, bu forum İsveçrədən kənarda - Bakı şəhərində toplanır. Ümid edirəm ki turizm sənayesinin gələcəyinə dair burada müzakirə olunan məsələlər ölkəniz üçün də bir töhfə olacaq. Azərbaycan turizminin dünya ölkələri tərəfindən daha yaxşı tanınması üçün öz müsbət təsirini göstərəcək. Ümumiyyətlə, Azərbaycanda son illər turizmin inkişafı istiqamətində böyük işlər görülüb. Yeni turizm müəssisələri, hotellər, hava nəqliyyatı və viza sisteminin asanlaşdırılması istiqamətində müvafiq addımları görürük. Hətta bir sıra ölkələr, o cümlədən Körfəz ölkələrindən turistlər birbaşa olaraq hava limanlarında viza əldə edə bilirlər. Bu da özlüyündə turizmin inkişafı üçün ən vacib məsələlərdən biridir. Ümidvaram ki, Azərbaycanda turizmi daha da inkişaf etdirmək istiqamətində islahatlar davam etdiriləcək”.

F.Hüseynov