Professor, iqtisad elmləri doktoru Əyyub Əyyubovun bu yaxınlarda “Turizm və mehmanxana təsərrüfatı” adlı dərs vəsaiti işıq üzü görüb. Rəhbərlik etdiyi Mingəçevir Turizm Kolleci tələbələrinin ehtiyacını, turizmin yeni elm sahəsi kimi inkişafını və bu sahədəki elmi mənbələrin azlığını nəzərə alaraq Ə.Əyyubov bu mövzuya müraciət edib.
Müstəqillik qazanandan sonra respublikamızın coğrafi şəraiti, iqlimi və təbiəti iqtisadiyyatımıza gəlir gətirən turizmin inkişafını diqqətdə saxlamağı və kadr potensialını artırmağı zərurətə çevrilib. Bu həm də ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılmasının, qeyri-neft sektorunun inkişafının mühüm amillərindən biridir.
Bu gün dünyanın bütün ölkələrində turizmə böyük önəm verilir. Azərbaycanda nisbətən gənc olan turizm elm və iqtisadiyyat sahəsi kimi ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra təşəkkül tapmağa və inkişaf etməyə başlayıb. Müəllif “Azərbaycanda turizmin inkişafı” fəslində ümummilli liderin siyasi kursunu bacarıqla davam etdirən Prezident İlham Əliyevin xidmətlərini xüsusi qeyd edir. Kitabda Azərbaycanın beynəlxalq və regional təşkilatlarla turizm sahəsində əməkdaşlığının perspektivləri və gələcəyi barədə tələbələrdə təsəvvür yaradılır, turizmin inkişafı ilə bağlı Dövlət Proqramından (2010-2014), bu sahədə son dövrlərdə görülən işlərdən söz açılır.
Müəllif turizmi öyrənməyin məqsədlərini, turizm anlayışına mütəxəssislərin, alimlərin verdiyi tərifləri tələbələr üçün şərh edir, turizmin digər elm sahələri ilə bağlılığı və qarşılıqlı əlaqəsindən bəhs edir, turizmin növləri haqqında ətraflı məlumat verilir. Kitabın bir özəlliyi də odur ki, vəsaitdən istifadə edənlər dünya ölkələrinin, ayrı-ayrı qitələrin qabaqcıl turizm dövlətləri haqda - dili, dini, əhalisinin sayı, coğrafi mövqeyi, turizmdən əldə etdiyi gəlirlər və s. barədə ətraflı informasiyaya malik olurlar.
Müəllif Azərbaycanın turizm imkanları, perspektivləri, o cümlədən ayrı-ayrı şəhər və rayonların özünəməxsus xüsusiyyətlərini, tarixi-memarlıq abidələrini, adət-ənənələrini geniş şəkildə diqqətə çatdırır. Dərs vəsaitinin bir üstünlüyü də hər fəslin dərindən öyrənilməsi və qavranılması üçün keçilən mövzuya və fəslə dair sualların tərtib edilməsidir. Kitaba siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri, professor Novruz Quliyev və universitetin kafedra müdiri, dosent Bahadur Bilalov rəy veriblər.
Ümid edirik ki, 24 kitabın və 300-ə yaxın elmi məqalənin müəllifi olan professor Əyyub Əyyubovun “Turizm və mehmanxana təsərrüfatı” kitabı tələbələrin və turizmlə maraqlananların ürəyincə olacaqdır.

Yusif Ələkbərov