İTB sərgisində Azərbaycanın da milli stendi qurulub

Taleb Rifai: “Səyahətlərin maneəsiz təşkili və təhlükəsizliyinin təmin edilməsi turizm sahəsinin əsas prioritetlərindən biridir”

Martın 9-da Almaniya paytaxtında “İTB Berlin” beynəlxalq turizm sərgisi işə başlayıb. Bu il 50 illik yubileyini qeyd edən sərgidə 150-dən artıq ölkənin, o cümlədən Azərbaycanın turizm imkanları nümayiş olunur.

Beynəlxalq tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov, Regionlarda turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil Kəlbəliyev, turizm şirkətləri və “Formula 1” Avropa Bakı Qran-prisi təşkilat komitəsinin əməkdaşlarından ibarət heyət iştirak edir. Sərgiyə ölkəmizdən “Geo travel”, “The tour”, “Silk Way travel”, “All travel”, “İNC tur”, “Gilan turizm”, “Atropatena travel”, “Xəzər travel”, “Paşa travel”, “Azterra travel”, “Greenwich travel”, “Galaxy travel” turizm şirkətlərinin əməkdaşları qatılıb.
“Messe Berlin” sərgi kompleksində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş 94 kvadratmetr sahədə Azərbaycanın turizm imkanlarının nümayiş olunduğu stend qurulub. Stendimizdə sərgiyə gələn ziyarətçi və qonaqlara təqdim edilmək üçün ingilis və alman dillərində müxtəlif növ reklam-çap məhsulları, digər təbliğat materialları, ölkəmizin inkişafını, tarixi və təbiət mənzərələrini, mədəniyyətini əks etdirən fotolar yer alıb. Böyük monitorlarda ölkəmiz haqqında tanıtım filmləri nümayiş olunur.
Sərginin ilk iki günündə Azərbaycanın milli stendində nazirliyin Almaniyada turizm təmsilçiliyini həyata keçirən “Aviareps Tourism” şirkətinin təşkilatçılığı ilə Almaniyanın aparıcı tur operatorları ilə işgüzar görüşlər keçirilib. Sərgi martın 13-dək davam edəcək.
Dünyanın ən böyük turizm sərgilərindən hesab olunan “İTB Berlin” sərgisinin pavilyon və stendləri “Messe Berlin” kompleksində 160 min kvadratmetr sahədə və 26 sərgi zalında nümayiş olunur. Azərbaycan Berlin sərgisində 2002-ci ildən başlayaraq hər il təmsil olunur.
* * *
Bu il sərginin fəxri qonağı Maldiv Respublikasıdır. Sərginin rəsmi açılış mərasimində qonaq ölkənin rəngarəng təqdimatı keçirilib.
Açılışda çıxış edən Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) baş katibi Taleb Rifai bildirib ki, səyahətlərin maneəsiz təşkili və təhlükəsizliyinin təmin edilməsi bu il turizm sahəsində əsas prioritetlərdən biri olmalıdır.
O deyib: “Təhlükəsizlik - bizim hamımız üçün prioritetdir və biz buna nail olmalıyıq ki, təhlükəsizlik sahəsində milli və beynəlxalq gündəliklərdə turizmin bütün aspektləri nəzərə alınsın. Turistlərin təhlükəsizliyinə təcrid və maneələr yaradılması yolu ilə deyil, əməkdaşlıq yolu ilə nail olmaq lazımdır”.
Turizm dünyada ən dinamik inkişaf edən iqtisadi sektorlardan biridir. 2015-ci ildə beynəlxalq səfərlərə çıxanların ümumi sayı əvvəlki illə müqayisədə 4,4 faiz artıb və 1 milyard 184 milyon nəfərə çatıb. T.Rifai bildirib ki, proqnozlara görə, 2016-cı ildə beynəlxalq turistlərin sayı daha 4 faiz artacaq.
Sərgi çərçivəsində Berlində Dünya Turizm Təşkilatının himayəsi altında İpək Yolunda turizmin inkişafına həsr olunmuş görüş də keçiriləcək.
Görüşdə dünyanın 20 ölkəsinin nazirləri və yüksəkvəzifəli şəxslər iştirak edəcək. Onlar səyahətçilərin İpək Yolu boyunca yerləşən ölkələrə necə cəlb olunması mövzusunu müzakirə edəcəklər. Reklam, infrastrukturun yaxşılaşdırılması, aviasiya daşımaları və böyük tədbirlərin təşkili məsələlərinə xüsusi diqqət yetiriləcək.

F.Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar