Azərbaycan paytaxtı bu il də Novruz bayramını təmtəraqla, el şənlikləri ilə qeyd etdi. Bir həftəyə yaxın davam edən bayram tətili günlərində Bakıya müxtəlif ölkələrdən gələn turistlər də bu təntənənin iştirakçısı oldular. Qonaqlar küçə və meydanlarda keçirilən konsert və əyləncə proqramlarını izlədilər, şəhərimizin görməli yerləri, tarixi-mədəni məkanları ilə tanış oldular, Novruz şirniyyatlarının, milli yeməklərimizin dadına baxdılar, Bakıdan zəngin təəssüratla ayrıldılar. Onların bir neçəsi ilə biz də həmsöhbət olduq.

İranlı İbrahim Aslan ikinci dəfədir ki, Novruzu Bakıda qeyd etdiyini deyir: “İranın hər yerində, o cümlədən Cənubi Azərbaycanda Novruz bayramı geniş şəkildə qeyd olunur. Biz Bakıya çox bağlıyıq. Çalışırıq ki, azı ildə bir dəfə buraya gələk, əsasən də Novruz bayramında ailəliklə gəlməyi xoşlayırıq. Çünki Novruzun ən böyük təntənə ilə bayram edildiyi şəhər Bakıdır. Novruz şirniyyatları, təşkil edilən tədbirlər, göstərilən qonaqpərvərlik ürəyimizcədir. Gələn il də Novruzu burada qarşılayacağıq”.

Böyük Britaniyadan Alister Forder bir müddətdir ki, Bakıda yaşadığını, ilk dəfə Novruz şənliyində iştirak etdiyini bildirir: “Doqquz aya yaxındır ki, Bakıda yaşayıram və ilk dəfədir ölkənizin milli bayramına qatılıram. Xanımımla bərabər bayram şənliyini izlədik və xoş əhval-ruhiyyədəyik. Yeməkləriniz, kabablar, Novruz şirniyyatları, milli rəqslər, mahnılar - hamısı əladır”.
Qazaxıstanlı gənclər - Yerzan İmanmalik və Aygerim Baygalı isə tələbə olduqlarını və Novruz tətillərini Bakıda keçirdiklərini deyirlər: “Novruz Qazaxıstanda da milli bayramdır və bir neçə gün davam edir. Bu il azərbaycanlı dostlarımızın məsləhəti ilə bayram tətilini Bakıda keçirməyə qərar verdik və çox məmnunuq. Hər şey yüksək səviyyədə təşkil olunub, yeməklərinizə, şirniyyatlara söz ola bilməz. Novruzun simvolları olan Bahar qızı, xüsusilə Kosa və Keçəl bizə çox maraqlı gəldi. Şəhəriniz çox gözəldir. Bir daha Novruz bayramında Bakıya gələcəyik”.

Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar