Martın 30-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclasda “Turizm haqqında” yeni hazırlanan qanun layihəsinin ilkin müzakirəsi aparılıb.

Komitə sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanda turizmlə bağlı qanun 1999-cu ildə qəbul olunub və indi bu günün tələblərinə cavab verən yeni qanuna ehtiyac var. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının da yaxından iştirakı ilə işçi qrup yaradılıb. Komitə sədri qeyd edib ki, yeni hazırlanan layihəni təkmilləşdirərkən əvvəlki qanunla müqayisədə 30-a yaxın müddəa azaldılıb. Yeni qanun layihəsi səkkiz fəsil və 87 maddədən ibarətdir.
H.Rəcəbli qeyd edib ki, 2001-ci ildə Azərbaycanda 80-dən çox mehmanxana olduğu halda, indi onların sayı 400-ü keçib. Azərbaycanın böyük turizm potensialı var. Ölkədəki 223 muzey, 29 teatr, 6300-dən tarixi abidə, 27 qoruq və digər məkanlar turizm üçün mühüm imkanlar deməkdir. Lakin bu sahədə müəyyən çatışmazlıqlar da mövcuddur. Ölkədə yolların tikilməsinə baxmayaraq, bəzi bölgələrə hələ də yol çəkilməyib. Görüləsi işlərimiz çoxdur.
Müzakirələrdə çıxış edən millət vəkilləri layihə barədə qeyd və təkliflərini bildirib, ölkədə turizmin inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxışında bildirib ki, layihə ilə bağlı intensiv müzakirələrin keçirilməsinə ehtiyac var: “Bizim məqsədimiz turizmlə bağlı problemləri kökündən həll etməkdir”. Turizm obyektləri və hotellərdə qiymətlərin yüksək olması barədə səslənən fikirlərə münasibət bildirən nazir müavini qeyd edib ki, bu sahədə problemlərin bir çoxu nazirlikdən asılı deyil. Nazirliyin hansısa şirkət, hotel və ya restoranın qiymətini aşağı salmağa səlahiyyəti yoxdur. Çünki ölkədə sərbəst bazar şəraiti mövcuddur.
Hazırda xarici valyuta ilə hesablayarkən Azərbaycanda qiymətlərin qonşu ölkələrlə müqayisədə daha münasib olduğunu söyləyən N.Səmədov deyib ki, Novruz bayramından əvvəl Gürcüstanda olan qiymətlərlə Azərbaycan hotellərində olan qiymətləri müqayisə etdikdə 4 və 5 ulduzlu seqment üzrə Bakıdakı hotellərin azı 2 dəfə ucuz olduğu məlum olur. Azərbaycanda bu sahədə əsas problem 2-3 ulduzlu hotellərin az olmasıdır. Əsas diqqət bu problemin həllinə yönəlməlidir. İndiyədək iri şirkətlər bu sahəyə böyük maraq göstərməyiblər. Halbuki 2-3 ulduzlu hotelə qoyulan investisiya daha tez geri qayıdır.
Nazirliyin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov isə Azərbaycanda turizm fondlarının yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda bu günədək Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilən vəsaitlərin və digər formada xarici investisiyaların həcmi turizm sahəsində nəzərdə tutulan məsələlərin həllinə nail olmağa kifayət etmir. Ona görə də turizm fondlarının və daha çevik maliyyə mexanizmlərinin yaradılması, bu mexanizmlərin dövlət tərəfindən tənzimlənməsi lazımdır.
Sektor müdiri bu məsələlərin qanun layihəsində əksini tapdığını söyləyib. Layihəyə əsasən, ölkənin mövcud turizm potensialının, xidmətlərin həm yerli, həm də xarici səviyyədə tanıdılması, yəni reklam məqsədləri üçün idarəetmə formatında turizm bürolarının yaradılması planlaşdırılır. Həmin bürolar regionlarda turizm xidməti sahələrinin formalaşmasına, onun təşviqi işinin gücləndirilməsinə təsir göstərəcək. Bununla yanaşı, layihədə turizm informasiya mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi, onların müasir dövrün tələblərinə cavab verən formada qurulması məsələsi ortaya qoyulub.
M.Qəhrəmanov qeyd edib ki, hazırkı qanundan fərqli olaraq, yeni qanun layihəsində turizm növləri - sağlamlıq, sosial, ekoloji, ekstremal, kənd-yaşıl turizmi ayrıca qeyd edilib: “Lakin bu o demək deyil ki, bu gün Azərbaycanda yalnız həmin turizm növləri var. Azərbaycanda turizmin çox geniş növləri var. Lakin digər ölkələrin təcrübəsi və Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə görə, bu turizm növlərinə dövlət dəstəyinin vacibliyini nəzərə alaraq, onları qanun layihəsinə salmışıq”.
Müzakirələrdən sonra layihə işlənib başa çatdırılması üçün işçi qrupuna qaytarılıb.