Rusiyanın "Travel.ru" turizm saytı 2016-cı ildə MDB ölkələrində istirahət üçün perspektivli sayılan turizm istiqamətlərini müəyyənləşdirib. Reytinq son bir ildə müstəqil şəkildə dincəlməyə gedən rusiyalı turistlərin bron etdikləri hotellərin və mənzillərin sayına əsasən tərtib olunub.
Azərbaycan bu il xaricdə dincələn ruslar üçün MDB-də ən yaxşı ölkə seçilib və reytinq cədvəlinə liderlik edib. Azərbaycandan başqa, Qazaxıstan, Qırğızıstan və Belarus da siyahıda yer alıb. MDB ölkələri rusiyalı turistlər üçün nisbətən ucuz qiymətlər, inkişaf etmiş infrastruktur, vizasız giriş və əsasən yerli sakinlərin rus dilində danışa bilmələri ilə cəlbedicidir. Qeyd olunur ki, 2015-ci ildə Azərbaycana gələn qonaqların 600 mindən çoxu Rusiyanın payına düşüb.