15-ci dəfə keçirilən Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisinə 29 ölkə və ümumilikdə 300-dən çox şirkət qatılıb

Aprelin 7-də Bakı Ekspo Mərkəzində 15-ci Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” (AİTF-2016) sərgisinin açılış mərasimi keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İteca Caspian” və onun tərəfdaşı “İTE Group plc” şirkətlərinin təşkilatçılığı ilə gerçəkləşən ənənəvi sərgi Xəzəryanı regionda turizm sənayesinin ən böyük tədbiri sayılır. Bu il yubileyini qeyd edən AİTF Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) tərəfindən dəstəklənir.

Turizm sənayesinin inkişafı prioritet istiqamətlərdən biridir

Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev AİTF sərgisinin artıq 15 ildir turizm sənayesi üzrə beynəlxalq görüş platforması kimi regionda lider olduğunu diqqətə çatdırdı: “İldən-ilə bu sərgiyə maraq artır. Biz bunu iştirakçıların sayının hər il artmasında da görə bilərik. Dünyada iqtisadi cəhətdən müəyyən problemlərin olmasına baxmayaraq, turizm sənayesi inkişaf etməkdədir. Ölkəmizdə də bu sahədə böyük işlər görülür. Turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet istiqamətlərdən biridir. Hər il bu sərgini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyarət edir və bununla turizm sənayesinin inkişafına diqqət və qayğısını nümayiş etdirir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun (DİF) 2015-ci il üçün “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yerdədir. Hazırda turizm sənayesi ölkə üzrə ümumi daxili məhsulun 4 faizini təşkil edir. Azərbaycanda 250-dən çox turizm şirkəti və 570-dən çox yerləşdirmə yerləri fəaliyyət göstərir. Son 10 il ərzində ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb”.
Nazir qeyd etdi ki, Azərbaycan turizminin dünya ölkələrində daha geniş tanıdılması üçün böyük təbliğat işləri görülür: “Bizim ərəb ölkələri üzrə təmsilçiliyimiz var idi. Həmçinin Avropa ölkələri üzrə Almaniyada təmsilçiliyimiz fəaliyyət göstərir. Bu il eyni zamanda daha iki yeni - Türkiyə və Rusiyada turizm təmsilçiliyimizi açmışıq. Ölkəmizə xarici turistlərin daha rahat şəkildə səfər etmələri üçün elektron turist vizalarının verilməsi sahəsində də müvafiq işlər həyata keçirilir. İndi əcnəbi vətəndaşlar bu turist vizalarını ən geci 5 gün ərzində elektron qaydada əldə edirlər. Eyni zamanda Azərbaycan turizminin marketinq strategiyasına uyğun olaraq, turistlərin cəlb olunması baxımından prioritet hesab olunan ölkələrin vətəndaşları üçün hava limanlarında sadələşdirilmiş qaydada viza verilir və ölkələrin coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur”.

Əbülfəs Qarayev qeyd etdi ki, hazırda Azərbaycanda turizm sənayesinin inkişafı üçün yeni proqramlar, yeni layihələr icra olunur. Turizm haqqında yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunmaqdadır. Nazir dövlət başçısının sərəncamı ilə yaradılan Azərbaycan Turizm və Menecment Universitetinin bu sahədə ali təhsilin daha yüksək səviyyəyə qaldırılması üçün əhəmiyyətini də diqqətə çatdırdı. Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecində də sahə üzrə ixtisaslı kadr hazırlığının aparıldığını dedi.
“AİTF 2016” barədə fikirlərinə davam edən Əbülfəs Qarayev bildirdi ki, sərgi ötən illərdə regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirməklə yanaşı, dünyanın müxtəlif guşələrinin koloritini təqdim edən beynəlxalq sərgi statusunu daha da möhkəmləndirib: “Azərbaycan bu gün böyük beynəlxalq tədbirlərin məkanına çevrilib. Ölkəmiz son illər bir çox mədəniyyət, idman və digər sahələr üzrə beynəlxalq tədbirlərə, o cümlədən ənənə halını almış Dünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarına layiqincə ev sahibliyi edir. Aprelin 25-dən 27-dək keçiriləcək Birləşmiş Millətlər Təşkilatı (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna və 17-19 iyun tarixində gerçəkləşəcək “Formula 1” Avropa Qran-pri yarışına da yüksək səviyyədə hazırlıq görülür. Azərbaycan 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Belə mötəbər beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin dünyada artan nüfuzunu bir daha sübut edir. Həyata keçirilən böyük tədbirlər turizm sənayesinin inkişafına da müsbət təsirini göstərir”.
Əbülfəs Qarayev son günlər cəbhə bölgəsindəki hadisələrə də toxunaraq Ermənistanın işğalçı qüvvələrinin təxribatlarının qarşısının layiqincə alındığını vurğuladı. Bildirdi ki, bu cür halların baş verməsi Azərbaycan turizm sənayesinin inkişafının qarşısını ala bilməz. Azərbaycan xalqının qonaqpərvərlik və tolerantlıq ənənələri hər zaman ölkəmizə gələn hər bir turistin diqqətini cəlb edir. Turizm məqsədilə Azərbaycana səfər etmək istəyən bütün xarici turistlərin rahat, təhlükəsiz istirahəti üçün hər cür şərait var. 15-ci dəfə təşkil olunan Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisinin də bu ənənələrin nümayişi üçün böyük imkanlar açdığını dilə gətirən nazir sərginin işinə uğurlar arzu etdi.


“Budəfəki sərgi də maraqlı anları ilə yadda qalacaq”

“İTE Group plc” şirkətinin icraçı direktoru Edvard Stroon çıxış edərək tədbirə qatılmasından məmnunluğunu bildirdi, “AİTF 2016” sərgisi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, sərginin iştirakçıları arasında turoperatorlar, milli turizm təşkilatları, hotel şəbəkələri, sanatoriyalar, müalicəvi və spa mərkəzləri, idman və ekoloji turizm obyektləri var.
Diqqətə çatdırıldı ki, sərgidə 29 ölkə öz milli stendi ilə iştirak edir. O cümlədən Türkiyə, Belarus, Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Tailand, Xorvatiya, Serbiya, Monteneqro, Çexiya və Ukrayna öz ölkələrinin turizm potensialını və koloritini parlaq şəkildə nümayiş etdirmək məqsədilə milli pavilyonlarını qurublar. Ümumilikdə sərgiyə 300-dən çox şirkət qatılıb: “Budəfəki sərgi də maraqlı anları ilə yadda qalacaq. Hesab edirəm ki, növbəti illərdə bu sərgiyə gələnlərin sayı daha da artacaq. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bu sərginin daha da genişlənməsi üçün şərait yaradır”.
Edvard Stroon vurğuladı ki, sərgi stendlərində tibbi turizm və Bakıda keçiriləcək “Formula 1” Avropa Qran-prisi barədə də maraqlı məlumat veriləcək. Həmçinin ilk dəfə olaraq İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin keramika, zərgərlik, batika kimi əl işləri nümayiş olunur.
Çıxışlardan sonra nazir və digər rəsmilər sərginin ekspozisiyası ilə tanış oldular.
Əbülfəs Qarayev və qonaqlar Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Mədəniyyət” qəzetinin əlavəsi olaraq nəşr edilən “Baku Guide” kataloqunun, nazirliyin “Mədəniyyət.AZ” jurnalının nümayiş olunduğu stendlərə də baxdılar.
Qeyd edək ki, sərgi aprelin 9-dək davam edəcək. Ekspozisiya sərginin ilk iki günü yalnız peşəkarlar, ayın 9-da eyni zamanda turizm həvəskarları üçün də açıqdır.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar