Bakı Ekspo Mərkəzində Azərbaycanın və dünyanın 28 ölkəsinin turizm imkanları,
istirahət məkanı və marşrutlar, çeşidli turizm növləri nümayiş olunur

Xəbər verdiyimiz kimi, aprelin 7-də Bakı Ekspo Mərkəzində 15-ci Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” (AİTF 2016) sərgisi işə başlayıb. Aprelin 9-dək davam edəcək sərgiyə 29 ölkə və ümumilikdə 300-dən çox şirkət qatılıb. Türkiyə, Belarus, Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Tailand, Xorvatiya, Serbiya, Monteneqro, Çexiya və Ukrayna sərgi mərkəzində öz milli pavilyonlarını təqdim edirlər.

Belarus ilk dəfə olaraq AİTF sərgisində öz milli pavilyonu ilə təmsil olunur. Həmçinin sərgidə Rusiya Federasiyasının Stavropol vilayəti, İspaniyanın Kataloniya bölgəsi, Latviyanın Yurmala şəhəri ayrıca stendlərlə iştirak edir.
Sərginin iştirakçıları arasında beynəlxalq assosiasiyalar, ticarət və sənaye palataları, eləcə də dövlət müəssisələri, o cümlədən İndoneziya və Türkiyənin Azərbaycanda akkreditasiya olunmuş səfirlikləri də yer alıb. İştirakçılar arasında turizm şirkətləri, aviaşirkətlər, milli və regional turizm təşkilatları, hotellər, xaricdə daşınmaz əmlak agentlikləri, müalicə-sağlamlıq və SPA mərkəzləri, idman və ekoloji turizm obyektləri var.
Sərginin ilk günü əcnəbi iştirakçıların bəzilərinin fikirlərini öyrəndik.

Türkiyənin Alanya Turizm Tanıtımı Vəqfinin nümayəndəsi Elvan Günəş Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırdı: “Artıq 15-ci ilini qeyd edən bu sərgidə biz də Alanya bölgəsinin turizm potensialını tanıtmaq üçün iştirak edirik. Aralıq dənizi sahilində yerləşən Alanya ildə 300 günəşli günlə müşayiət olunan çimərlik turizmi, eləcə də təbii və mədəni zənginlikləri ilə məşhur bir bölgəmizdir. Dünyanın müxtəlif ölkələrindən olan 50 yaşdan yuxarı insanlar Alanyada yaşamağa gəlirlər. Artıq Alanyada 79 ölkədən 17 min nəfərdən çox xarici ölkə vətəndaşı yaşayır”.

İran İslam Respublikasının Ərdəbil şəhərinin Turizm Təbliği İdarəsinin rəhbəri Qadir Tağızadə AİTF sərgisində artıq ikinci dəfədir iştirak edir: “İkinci ildir ki, bu sərgidə Ərdəbil şəhərinin turizm potensialını təqdim edirik. Deyə bilərəm ki, sərgidə bizim stendimizə maraq yüksək səviyyədədir. Hər kəs Ərdəbilin tarixi yerləri haqqında maraqlanır. Azərbaycandan da hər il Ərdəbilə 400 min nəfərdən çox turist gəlir. Bunların sırasında sağlamlıq turizmi məqsədilə gələnlər çoxluq təşkil etsə də, Ərdəbilin tarixi, memarlığı, mədəniyyəti və mətbəxi ilə tanış olmaq istəyənlərin də sayı az deyil”.

Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ənənəvi ekspozisiyalarında isə Azərbaycanın daxili turizm potensialı bütün çalarları ilə təqdim edilir. Eləcə də Qax, Qəbələ, Gəncə, Zaqatala, İsmayıllı, Lənkəran, Mingəçevir, Masallı, Sumqayıt və digər regionların ekspozisiyası nümayiş olunur.
Qarabağ regionunun gözəlliyini və turizm imkanlarını nümayiş etdirən Qarabağ stendi sərginin ənənəvi iştirakçısıdır.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendində isə Naxçıvanın unikal təbiəti, tarixi yerləri, o cümlədən mehmanxana və müalicə mərkəzləri haqqında məlumat verilir.
Azərbaycanın 20-dən artıq turizm şirkətini, eləcə də hotel və sanatoriyalarını öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiasiyasının ekspozisiyası isə həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təklifləri əks etdirir.
Sərgidə həmçinin 17-19 iyun tarixində Bakıda keçiriləcək “Formula 1” Avropa Qran-prisinə həsr olunmuş ayrıca stend quraşdırılıb. Burada qonaqlara yarış haqqında ətraflı məlumat verilir. Həmçinin ilk dəfə olaraq İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin keramika, zərgərlik, batika kimi əl işləri nümayiş olunur.

“AİTF 2016” sərgisi ilə yanaşı, ənənəvi olaraq, Qafqaz beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar” (“HOREX Caucasus”) sərgisi də start götürüb. Xəzəryanı regionda qonaqpərvərlik sənayesi üzrə yeganə ixtisaslaşdırılmış tədbir olan “HOREX Caucasus” sərgisi bu il onillik yubileyini qeyd edir. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində isə “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir. Sərgi aprelin 9-dək davam edəcək.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar