Özbəkistanın kultura.uz saytında Azərbaycanın turizm imkanları haqqında məqalə verilib.
Məqalədə turizm xidmətləri üzrə ixtisaslaşan Travel.ru-ya istinadən qeyd olunur ki, MDB məkanında 2016-cı ildə ən perspektivli olan ölkələrin reytinqində Azərbaycan rus turistlər arasında lider ölkədir. Bildirilir ki, ötən il Azərbaycana gələn 2 milyondan çox turistin 680 mindən çoxu Rusiya vətəndaşları olub.
Məqalədə Azərbaycanın məşhur turizm şəhərləri barədə ətraflı məlumat verilir. Qədim insan yaşayış məskəni Qobustan, tarixi abidələri və müalicəvi Duzdağ sanatoriyaları ilə tanınan Naxçıvan, füsunkar təbiət mənzərələri ilə insanı valeh edən Göygöl, Qəbələ, isti və qumlu çimərlikləri ilə turistlərin rəğbətini qazanan Nabran, müalicə turizminin inkişaf etdiyi Naftalan barədə geniş məlumat verilir. Burada turistlər üçün maraqlı yerlər, istirahət mərkəzləri, hotellər, habelə təklif olunan xidmətlər haqqında informasiyalar yer alıb.
Həmçinin “Formula-1” Avropa Qran-prisinin bu ilin iyun ayında Bakıda keçiriləcəyi qeyd olunur və bu tədbirin turistlər üçün cəlbedici ola biləcəyi vurğulanır.
Məqalə ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yayımlanıb.