Prezident İlham Əliyev və xanımı sərgi ilə tanış olub

Xəbər verdiyimiz kimi, aprelin 7-dən 9-dək Bakı Ekspo Mərkəzində 15-ci Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” və 10-cu Qafqaz beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgiləri keçirilib. Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərlə tanış olublar.

Hər iki sərgi bu il yubileyini qeyd edir. AİTF sərgisi keçirildiyi illər ərzində Xəzəryanı regionda əsas turizm tədbirinə çevrilib, bu sənaye sahəsinin qovşağı statusunu qazanıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına və xanımına məlumat verib ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası, Dünya Turizm Təşkilatı və Asiya-Sakit Okean Turizm Assosiasiyası sərgiyə fəal dəstək verib. Turizm ölkəmizin qeyri-neft sektorunun perspektivli sahələrindən biri olduğu üçün bu sahənin inkişafı və dəstəklənməsi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. AİTF sərgisi də bu prosesə töhfə verir. Təsadüfi deyil ki, 2002-ci ildə keçirilən ilk sərgidə 5 ölkədən 26 şirkət iştirak edirdisə, sonrakı illərdə müsbət dinamika əldə olunub. Builki sərgidə 39 ölkədən 300-dək şirkət iştirak edir. Sərgi regionda ölkə, şirkət və turizm marşrutlarının sayı üzrə bütün digər turizm sərgiləri arasında birinci yeri tutur.
Azərbaycanın 20-dən artıq turizm şirkətini, eləcə də hotel və sanatoriyalarını öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiasiyası da ölkədə turizmin inkişafına töhfə verir. Assosiasiya ölkəmizdə turizm və hotel sahəsində təlim və inkişaf həllərini təmin edən ən böyük qeyri-hökumət təşkilatlarından biridir.
Azərbaycan Prezidenti və xanımı ölkəmizin turizm regionlarını əks etdirən ekspozisiyalara baxıblar.
Daxili turizm Azərbaycanda əsas təmayül olaraq qalır. Hazırda diqqət paytaxtla yanaşı, bölgələrdə də geniş turizm şəbəkəsinin yaradılmasına yönəldilib. Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkəmizin bölgələrinin malik olduğu təbii gözəllikləri, ecazkar təbiəti və digər istiqamətləri nümayiş etdirmək baxımından sərgi bir çox özəllikləri ilə seçilir. Qax, Qəbələ, Gəncə, Zaqatala, İsmayıllı, Lənkəran, Mingəçevir, Masallı, Sumqayıt və digər regionların ənənəvi ekspozisiyalarında Azərbaycanın daxili turizm potensialı təqdim edilir, milli mədəniyyətimizin zəngin nümunələri qonaqlara nümayiş olunur. Qarabağ regionunun gözəlliyini və turizm imkanlarını nümayiş etdirən ənənəvi stend də sərgidə yer alıb. İyun ayında Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti də sərgidə ayrıca stendlə təmsil olunub. Burada yarışların proqramı, biletləri harada və necə əldə etməklə bağlı ziyarətçilərə ətraflı məlumat verilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgidə xarici ölkələrin milli pavilyonları ilə də tanış olublar.
Bildirilib ki, keçirildiyi illər ərzində AİTF sərgilərində dünyanın 40-dan çox ölkəsindən yüzlərlə şirkət iştirak edib. Bu il də bir sıra ölkələr öz milli pavilyonlarını qurublar. İndoneziya milli pavilyonunda bu ölkə ecazkar təbiətə malik möhtəşəm səyahət məkanlarından biri kimi təqdim olunur. Rusiyanın şəhərlərinin, xüsusilə də Stavropol vilayətinin təqdim etdiyi imkanlar da sərgidə böyük maraqla qarşılanır.
Bu il tibbi və sağlamlıq turizmi istiqamətlərini təmsil edən iştirakçıların sayı əhəmiyyətli dərəcədə artıb. Sərgidə Azərbaycan, Belarus, Gürcüstan, İtaliya, Latviya, Xorvatiya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələr tibb mərkəzi, sağlamlıq ocağı və sanatoriyalar müalicə-sağlamlıq və SPA turizmi üzrə ən son nailiyyətləri təqdim edirlər. Hindistan da builki sərgidə fəal iştirak edir. Bu ölkə hər zaman tarixi abidələri, dağ kurortları, vəhşi təbiəti və maraqlı ekoloji sistemi ilə turistlərin diqqətini çəkir.
İranın milli pavilyonunda bu ölkənin müxtəlif turizm istiqamətləri barədə geniş məlumat verilir. Belarus, Bolqarıstan, Gürcüstan, Dominikan, İspaniya, Tailand, Monteneqro, Çexiya və Ukrayna şirkətləri də öz ölkələrinin turizm potensialını və milli koloritini parlaq şəkildə nümayiş etdirmək məqsədilə sərgidə özəl pavilyonlar quraşdırıblar. ABŞ, İordaniya, İsveçrə, Latviya, Maldiv adaları, Sloveniya, Yunanıstan və digər ölkələrin turizm şirkətləri və hotelləri də sərgiyə qatılıb. Qonşu Gürcüstan da builki sərginin iştirakçıları sırasındadır. Bu ölkənin Milli Turizm Assosiasiyasının qatıldığı sərgidə Gürcüstanın malik olduğu turizm potensialı barədə geniş informasiya çatdırılır.
Sərgidə Türkiyə də geniş təmsil olunur. Dünyanın ən məşhur və tanınmış turizm məkanlarından olan Türkiyənin potensialının təqdim olunması baxımından bu sərgi əla fürsətdir. Bu həm də turizm sahəsində yeni marketinq strategiyalarının müəyyən olunmasına və təşviqinə geniş imkanlar açır.
Hər bir sərgi yeni hava xətlərinin elan edildiyi, razılaşmaların imzalandığı, sənayedəki yeni məhsul və nailiyyətlər barədə hesabatların səsləndirildiyi platformadır. Odur ki, bu sərgi Azərbaycanın zəngin turizm potensialını xarici iştirakçılara təqdim edir. Bakı Ekspo Mərkəzində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun xüsusi pavilyonunun yaradılması, milli əl işlərindən ibarət ekspozisiyanın quraşdırılması da ölkəmizin turizm potensialının kompleks təbliğinə xidmət edir.
Sərgi ilə tanışlıqdan sonra dövlət başçısı və xanımı turistlər üçün şəhər turlarında istifadə ediləcək avtobusa və mikroavtobusa baxıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar