Aprelin 14-də “Fairmont” hotelində turizm peşəkarlarının “B2B Luxury & MICE Workshop” çərçivəsində görüşü keçirildi. Böyük Britaniyanın “TMI Consultancy” şirkətinin azərbaycanlı tərəfdaşlarla birgə təşkil etdiyi ənənəvi tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşır.

Biznes üçün biznes (Business-to-business - B2B) formatlı görüşdə Azərbaycanın aparıcı turizm şirkətlərinin və müxtəlif ölkələrin hotel, turoperator və turizm təşkilatlarının təmsilçiləri iştirak edirdi. “B2B Luxury & MICE Workshop” kimi tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanda turizm infrastrukturunun mövcud standartlara uyğunlaşdırılması və xarici turistlərin ölkəmizə axınının təmin edilməsi baxımından əhəmiyyət daşıyır.
Tədbirdə əvvəlcə Sloveniya və Sinqapurun turizm potensialının təqdimatı keçirildi. Bu ölkələrdə turizmin müxtəlif növləri, sağlamlıq turizmi mərkəzləri, termal turizm haqqında geniş məlumat verildi.
“TMI Consultancy” şirkətinin meneceri Mariya Qorbaçova bildirdi ki, lüks və işgüzar (MICE) turizmi üzrə görüş Bakıda artıq 5-ci ildir təşkil edilir və iştirakçılarının sayı ildən-ilə artır. Bu isə onu göstərir ki, Azərbaycanın turizm bazarına xarici ölkələrdə maraq getdikcə artmaqdadır. Belə tədbirlərin Azərbaycanda mütəmadi təşkil olunması lüks turizmin inkişafına da müsbət təsir göstərəcək.
Qeyd olundu ki, “B2B Luxury & MICE Workshop” formatlı daha bir tədbir aprelin 12-də Qazaxıstanın Almatı şəhərində baş tutub. Ümumilikdə il ərzində dünyanın müxtəlif şəhərlərində belə tədbirlərin təşkil olunması nəzərdə tutulur.
Gün ərzində yerli turizm şirkətləri ilə xarici ölkə nümayəndələri arasında işgüzar görüşlər olub, turist mübadilələrinin həyata keçirilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan vətəndaşlarına xarici lüks hotellərdə münasib qiymətlərlə istirahət etməyə imkan yaradılmasıdır. Eyni zamanda yerli turoperatorlar xarici həmkarları ilə əlaqələr qurur və Azərbaycanın lüks turizm imkanlarını təqdim edirlər.

F.Hüseynov