Aprelin 14-də Bakıdakı “Boulevard Hotel”də “Beynəlxalq fransız dili və frankofoniya həftəsi” çərçivəsində İsveçrə mətbəxi ilə bağlı ustad dərsi keçirildi. Tədbir Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində İsveçrə səfirliyi tərəfindən təşkil olunmuşdu.
Təşəbbüsün əsas məqsədi kulinariya sahəsində təhsil alan tələbələr, qabaqcıl mehmanxana və restoranların yerli aşpazlarına yerli məhsullardan istifadə etməklə Azərbaycan, İsveçrə və Fransanın müxtəlif yeməklərinin hazırlanma qaydalarını təqdim etmək idi. Tədbirdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvləri və ölkəmizdə kulinariya sahəsində təhsil alan tələbə aşpazlar iştirak edirdilər.
Əvvəlcə İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder çıxış edərək iki ölkənin mədəni əlaqələrinin yüksək səviyyədə olmasından söz açdı, Azərbaycan və İsveçrənin zəngin mətbəx mədəniyyətinə malik olduğunu vurğuladı. Ölkəsinin kulinariya ənənələrindən danışan səfir İsveçrə mətbəxində daha çox pendir və kolbasa məhsullarından istifadə olunduğunu diqqətə çatdırdı.
Sonra isveçrəli aşpaz Paskal Aubert, fransalı Thibault Bera və azərbaycanlı aşpaz Orxan Muxtarov praktiki bişirmə texnikalarını nümayiş etdirdilər. Onların hər biri yalnız yerli məhsullardan istifadə etməklə xüsusi milli reseptlər və hazırlanma qaydasını təqdim etdilər. Ustad dərsi zamanı göbələk, kolbasa, pendir və göyərtilərdən istifadə etməklə İsveçrə mətbəxinə məxsus müxtəlif təamlar hazırlanaraq təqdim olundu.

Fariz