Azərbaycandan ilk olaraq Qalaaltı regionunun “Termal Şəhərlər” beynəlxalq marşrutuna üzv qoşulması rəsmiləşib
Aprelin 13-dən 15-dək Çexiyanın Karlovı Varı şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının baş konfransı keçirilib.
Konfransda Azərbaycanın “Qalaaltı” kurort regionunun təqdimatı olub. Tədbirə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Marketinq sektorunun aparıcı məsləhətçisi Günel Aslanova, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının nümayəndəsi Vüqar Əliyev və Qalaaltı sanatoriyasının meneceri Çingiz Hacıyevdən ibarət nümayəndə heyəti iştirak edib.
Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulması ilə bağlı həyata keçirilən layihə çərçivəsində 21 yanvar 2016-cı il tarixində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyasında keçirilən görüş zamanı Şabran rayonu ərazisindəki “Qalaaltı” sağlamlıq və istirahət mərkəzinin (“Qalaaltı Hotel & SPA”) bu marşruta üzv seçilməsi barədə qərar qəbul edilmişdi.
Tədbirdə Avropa Tarixi Termal Şəhərlər Birliyinin prezidenti Guiseppa Bellandi bu layihələrin ölkələrə verdiyi töhfələr və gələcəkdə daha çox üzv şəhərlərin müəyyənləşdirilməsi barədə danışıb, eləcə də layihə vasitəsilə sağlamlıq turizmi növü üzrə daha çox turistlərin cəlb olunmasının vacibliyini vurğulayıb. O, Azərbaycandan ilk olaraq Qalaaltı regionunun bu layihəyə qoşulması münasibətilə nümayəndə heyətini təbrik edib.
Sonra nümayəndə heyətinin üzvü Çingiz Hacıyev “Qalaaltı” sağlamlıq və istirahət mərkəzinin marketinq strategiyası haqqında çıxış edib və bu kurort regionu haqqında assosiasiya üzvlərinə geniş təqdimat edib.
Müzakirələr zamanı bu layihədən bəhrələnərək regionun nail ola biləcəyi məsələlər, ölkəmizə turistlərin cəlb olunması, Qalaaltının müalicə və termal suyunun dünyaya tanıdılması və növbəti mərhələdə Azərbaycanın digər termal regionlarının təşkilata qoşulması ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Tədbirin sonunda Qalaaltı regionunun “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna üzv qoşulması barədə rəsmi sertifikat Azərbaycan nümayəndə heyətinə təqdim edilib.