Tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin yeni kitabı təqdim olundu
   
   Sentyabrın 29-da “Əli və Nino” kitab evində tanınmış nasir, publisist Mustafa Çəmənlinin “Ölüm mələyi” kitabının təqdimat mərasimi keçirildi.
   
   Mərasimdə çıxış edən dramaturq Əli Əmirli həmkarının ilk romanı - “Xallı gürzə” haqqında danışdı: “Həmin roman Qarabağ mövzusundadır və Mustafa Çəmənli digər əsərləri ilə də sübut etdi ki, tarixi roman janrının öhdəsindən məharətlə gəlməyi bacarır”.
   Qeyd olundu ki, yazıçının orta əsrlər Azərbaycan tarixinə müraciət edərək qələmə aldığı “Ölüm mələyi” romanında daha çox intriqa və dramaturji gərginlik var. Bu da həmin əsəri səhnə üçün, film üçün yararlı edir. Professor Cahangir Məmmədli bildirdi ki, ədibin əsərlərini bizə sevdirən oradakı obyektivlik, düzgünlükdür.
   Müəllif əsəri yazmaq üçün bir il ərzində tarixi materialları araşdırdığını dedi. Əsərdə XVI əsrdə yaşamış Səfəvi hökmdarı I şah Təhmasibin ömrünün son iki ili və əsasən onun düşüncələri təsvir edilir. Baxmayaraq ki, geniş döyüş səhnələrinə yer verilməyib, əsərdə Osmanlı-Səfəvi müharibələrindən də bəzi məqamlar əksini tapıb. Hakimiyyət uğrunda mübarizə, saraydaxili çəkişmələr, insan xislətinə xas xüsusiyyətlər önə çəkilib. Əsərdəki personajların hamısı tarixi şəxsiyyətlərdir. Müəllif bildirdi ki, roman üzərində işləyərkən zaman keçsə də, yaşayış tərzimiz dəyişsə də, insan xislətinin dəyişməz olaraq qaldığına bir daha əmin olub.
   
   Reyhan