Bakıda “Cəmiyyətdə multikulturalizm və turizm” mövzusunda beynəlxalq tədbirin keçirilməsi müzakirə edilib

Aprelin 25-də Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) Madriddəki qərargahında “Turizm etikası üzrə Konvensiya”nın hazırlanması məqsədilə işçi qrupun ilk iclası keçirilib. İşçi qrup təşkilatın 2015-ci ilin sentyabr ayında Kolumbiyanın Medellin şəhərində keçirilmiş 21-ci Baş Assemblyasının qəbul etdiyi qətnamə əsasında yaradılıb və 23 ölkənin rəsmi şəxslərindən və ekspertlərindən ibarətdir.
İşçi qrupun əsas vəzifəsi Turizm Etikası üzrə Dünya Komitəsi ilə birgə işləyərək Dünya Turizm Təşkilatının Turizm üzrə Qlobal Kodeksi əsasında hüquqi cəhətdən bütün üzv ölkələrə məcburi qaydada şamil oluna bilinəcək “Turizm etikası üzrə Konvensiya”nı hazırlayıb qurumun Baş Assambleyasına təqdim etməkdir.
İşçi qrupun ilk iclasında Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov təmsil edib. Gündəlikdə duran ilk məsələ işçi qrupun sədrinin seçilməsi məsələsi idi. İclasda yekdilliklə həmin işçi qrupa sədrlik Azərbaycana həvalə olunub.
İşçi qrupun iclasından sonra Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai və mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov arasında görüş keçirilib. Görüş zamanı qurumla Azərbaycan arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb. 27 sentyabr - Dünya Turizm Günündə Azərbaycanda “Multikulturalizm ili” çərçivəsində və ölkəmizin təşkilata üzv olmasının 15 illiyi münasibətilə Bakıda “Cəmiyyətdə multikulturalizm və turizm” mövzusunda birgə beynəlxalq tədbirin keçirilməsi məsələsi müzakirə olunub.