Dünyanın nüfuzlu xəbər telekanalı olan “Euronews”da Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və bu çərçivədə keçirilən təntənəli tədbirlər barədə reportaj yayımlanıb. Azərbaycanın müxtəlif bölgələrindən tədbirə qatılan sənətkarlar qədim el sənətləri barədə “Euronews” müxbirinə ətraflı məlumat veriblər. Azərbaycan qutabı barədə məlumatı isə kanal əməkdaşı şəxsən təqdim edib.
Xatırladaq ki, aprelin 28-də Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində keçirilən “Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016” ilinin təntənəli açılış mərasimində BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qazaxıstanın tanınmış yazıçısı Oljas Süleymenov, türkdilli ölkələrdən gəlmiş nümayəndə heyətləri, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin təmsilçiləri, elm və incəsənət xadimləri, digər qonaqlar iştirak ediblər.