Hüseyn Cavid - 130
   
   
   Azərbaycanda romantizm ədəbi cərəyanı nümayəndələrinin dünya ədəbi fikri haqqında zaman-zaman bir sıra sanballı elmi mülahizələri olmuşdur. Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq və başqaları Şərqdə, eləcə də Qərbdəki ədəbi inkişafı, müxtəlif təmayülləri xarakterizə edən ya məqalələr yazmış, ya da bədii əsərlərində bu və ya digər səviyyədə bəhs etmişlər. 
   
   Bəlli olduğu kimi, Hüseyn Cavid mollaxana və orta təhsil illərindən dünya ədəbiyyatı haqqında müəyyən məlumatlar əldə etmişdir. Xüsusilə də mollaxanada Şərq ədəbi-mədəni məfkurəsində və təhsil sistemində uzun müddət dərslik funksiyasını yerinə yetirmiş Nizaminin, Sədinin əsərlərindən, şübhəsiz, xəbərdar idi. Sonrakı təhsil illərində də mütaliə dairəsini genişləndirərək Firdovsi, Nizami, Hafiz, Şekspir, Höte, Nitsşe, Russo, Hüqo, Puşkin, Tolstoy, Dostoyevski, Lermontov və başqa dünya şöhrətli ədəbi simaları öyrənib, onlardan yaradıcı şəkildə bəhrələnmişdir.
   Onun Qərb ədəbiyyatı ilə yanaşı, rus ədəbi-elmi fikrinin müxtəlif istiqamətləri haqqında ciddi mülahizələri var. Bu yanaşmaların formalaşmasında, əksər Cavidşünas alimlərin də qeyd etdiyi kimi, Avropa və rus ədəbiyyatına xüsusi maraq göstərən Türkiyə mühitinin də xüsusi rolu olmuşdur.
   
   Ədəbi zərurət
   
   Cavid hələ İstanbul Universitetinin Ədəbiyyat fakültəsində oxuduğu illərdə müəyyən qədər bildiyi rus dilini mükəmməl öyrənmək üçün ciddi səy göstərir. Hətta onun üçün iş axtaran naxçıvanlı maarifçi müasiri Qurbanəli Şərifzadədən xahiş edir ki, elə bir iş tapsın ki, “tərbiyəli rus ailəsi içərisində” yaşasın. Çünki Cavidin rus dilini mükəmməl öyrənməsi ona imkan verəcəkdi ki, bu dildəki ədəbi nümunələri orijinaldan oxuya bilsin. Ədib həmçinin Türkiyədən yazdığı məktublarından birində kiçik qardaşı Əlirzanın da rus dilini öyrənməsini tövsiyə edirdi.
   Cavidin rus dilinə hansı səviyyədə önəm verdiyi onun “Həsbi-hal” adlı silsilə məqalələrində də əks olunmuşdur. O, orta məktəblərdə bu dilin tədrisi məsələlərindən danışarkən vurğulayırdı ki, “...ikinci ildən etibarən (tədris proqramlarına) rus dili də əlavə edilməlidir. Çünki onsuz da iş aşmaz”. Həqiqətən də, bu elə bir zaman idi ki, Avropa və rus elmini, ədəbiyyatını izləmək üçün bu dil çox önəm daşıyırdı.
   Cavid həm Türkiyədə oxuduğu illərdə, həm də vətənə döndükdən sonra rus ədəbiyyatı ilə ciddi şəkildə maraqlanmışdır. Yaxın dostu və məsləkdaşı Əziz Şərifin vasitəsilə bir çox rus yazıçı və şairi haqqında bilgilər əldə etmişdir. Rus ədiblərinin taleyi və yaradıcılıq yolu, xüsusilə Fyodor Dostoyevskinin, Leonid Andreyevin kəşməkəşli həyatı və zamanın diktəsinə boyun əyməmələri Cavidin də ruhuna yaxın idi. Buna görə də onun daha çox insan talelərini əks etdirən, insanlığın faciələrinin təsvirinə həsr olunan bədii nümunələrə maraq göstərməsi təbii görünür.
   Ə.Şərifin gündəliklərindən bəlli olur ki, Cavid hələ 1912-ci ildə Tiflis teatrında F.Dostoyevskinin “İdiot” əsərinin tamaşasını izləmişdir. O, eyni zamanda Cavidin L.Andreyevin “Anatema”, M.Lermontovun “Demon” əsərləri ilə “çox maraqlandığını” da qeyd edir. 1915-ci ildə “Açıq söz” qəzetində nəşr etdirdiyi “Müharibə və ədəbiyyat” adlı dəyərli məqaləsində Cavid ingilis, fransız, italyan, alman və rus ədəbi fikri haqqında qısa, lakin sanballı tezislər söyləmişdir. Görkəmli dramaturqun ədəbi-nəzəri görüşlərini təhlil edərkən onun rus ədəbiyyatı haqqındakı qənaətləri ilə əlaqədar maraqlı nüanslarla qarşılaşırıq.
   Görkəmli ədib yaradıcılığına böyük maraq göstərdiyi və müəyyən mənada təsirləndiyi Lev Tolstoyun dünyabaxışı və estetik idealları ilə əvvəllər razılaşmışdır. O, Tolstoy irsini dönə-dönə oxumuş və əsərlərinin ideya-sənətkarlıq məziyyətlərini yüksək qiymətləndirmişdir. Cavid Tolstoyun Rusiya ədəbi fikrinin inkişafındakı xidmətlərini belə izah edirdi: “Tolstoy qocaman və möhtəşəm romanları ilə, ufacıq, sadə risalələri ilə monis bir qayeni, əməl, məsihapəsəndanə bir məslək izləmiş, izlədiyi qayeyi-əməli düşündüyü məsləki, rusiyalılara, birxassə ruslara bəyəndirmiş, milyonlarca qayələrini, incili-şərifin əfvedici təlimatı ilə yaşatmağa çalışmış, az çox müvəffəq də ola bilmişdir”.
   Göründüyü kimi, böyük ədibin bu fikirləri Tolstoyun dünyagörüşü və estetik ideallarını ifadə etmək baxımından əhəmiyyətlidir. Burada Cavid Tolstoyun rus ədəbi mühiti haqqındakı fikirlərinə də həssas münasibət bəslədiyini diqqətə çatdırır. Bu zaman Nitsşe ruhlu Leonid Andreyevin ədəbi-estetik fikirlərinə sərt müdaxilə edən Tolstoyun “Leonid! Leonid! Sən məni qorxudursan. Fəqət mən səndən qorxacaq deyiləm” fikirlərini oxucularla bölüşür. Cavidin fikrincə, Tolstoy burada öz ruhuna, amalına yad olan Nitsşe ideallarına yaxınlaşan Andreyevi fikirlərindən daşındırmaq məqsədi güdmüşdür. Cavidin Tolstoya və tolstoyçuluq fəlsəfəsinə olan münasibəti özünün də dünyagörüşü və estetik idealları haqqında müəyyən bilgilər verir.
   H.Cavid Tolstoyun “Zülmə, sitəmə, bəla və müsibətə qarşı səbir” fikirlərinə sonradan etiraz etmiş, sələfi Hötenin “Yaşamaq istərsən, vuruş həmişə!” kimi qəti hökmünə haqq qazandıraraq “Haqqını sən yalnız mübarizə ilə alarsan!” qənaətinə gəlmişdir.
   Cavid rus ədəbiyyatının təsirləri ilə yanaşı, Avropa ədəbi fikrinin bu ədəbiyyata təsirlərini də xarakterizə etmişdir. Rus ədəbiyyatına Fridrix Nitsşenin təsirindən bəhs edən ədib yazırdı: “Rusiyada Nitsşenin qareləri az deyildir. Rusiyanın məşhur ədiblərindən, mətin üsluba, dərin düşüncəyə malik olan Dostoyevski - o böyük dahi və ruhşünas belə Nitsşe yolunu, Nitsşe ideyasını daha əvvəl ortaya sürmüş, indiki bərhəyat ədiblərdən Leonid Andreyevin faciələrində də az-çox Nitsşe ruhu görülməkdədir”.
   
   İdeya-estetik paralellik

   
   Cavidin maraq göstərdiyi, ədəbiyyat və sənət mövqeyindən yüksək qiymətləndirdiyi rus yazıçılarından biri də öncə adını çəkdiyimiz Leonid Nikolayeviç Andreyev (1871-1919) olmuşdur. Bu yazıçı haqqında danışmazdan öncə qeyd etməliyik ki, müxtəlif dövrlərdə Cavidin tərcümeyi-halını və ədəbi-estetik düşüncəsinin formalaşması haqqında yazan müəlliflər Dostoyevski, Tolstoy, Lermontov, Puşkin və başqaları haqqında nisbətən geniş bəhs etsələr də, Andreyevin taleyindən və yaradıcılıq yolundan çox qısa şəkildə danışmışlar. Cavidin ona münasibəti məsələlərinə yer verməmişlər. Bəzi tədqiqatlarda isə professor Ə.Şərifin məşhur gündəliklərindəki informasiyalarla kifayətlənmişlər.
   Rus ədəbiyyatında nihilist cərəyanın görkəmli nümayəndəsi Leonid Andreyev daha çox pyes və kiçik hekayələr müəllifi kimi tanınmış, 1905-ci il inqilabı ilə bolşevizm inqilabı arasındakı zaman kəsimində çox populyar olmuşdur. İlk hekayələrini Maksim Qorki “kəşf” etmiş, bununla da ədəbiyyat aləminə atılmışdır. Yaradıcılığının ilk mərhələsində simvolist olsa da, 1910-cu ildən etibarən realizmə qayıtmışdır. Müxtəlif mövzulu “Ulduzlara doğru”, “İnsanın həyatı”, “Qara maskalar”, “Qızıl qəhqəhə”, “Anatema” (öz ideyası ilə “Faust”u xatırladır), “Professor Storitsin”, “Şilləni yeyən təlxək” və s. əsərlərin müəllifidir. Onun qələmə aldığı xatirələr rus bioqrafiya sənətinin ən parlaq nümunələridir. Andreyevin pyesləri sovet dönəmində Rusiyada səhnələşdirilməmişdir. İlk dəfə 1992-ci ildə “Yekaterina İvanovna” adlı pyesi Moskvada oynanılmışdır. “Ömrünün sonlarında teatrın xilasını panpsixizmdə (bu cərəyana görə bütün əşyalar canlıdır, həyata və psixikaya malikdir. Bir növ animizmin fəlsəfi cəhətdən yenidən təzahürüdür - F.Y.) görmüşdür”.
   L.Andreyev ixtisasca hüquqşünas olduğundan, insanların haqsızlıq və ədalətsizlik üzündən çəkdiyi əziyyətləri daim diqqətdə saxlamışdır. Qeyd edək ki, o da Cavid kimi repressiyaya məruz qalmış, öz vətənində deyil, 1919-cu ildə Finlandiyada vəfat etmişdir. Andreyevdəki anti-bolşevik meyl onun bolşevik intellektləri tərəfindən daim tənqid və təhdid edilməsinə səbəb olmuşdur.
   Görünür, Cavidin bu ədəbi şəxsiyyətə bağlanmasında rus yazıçının azad düşüncəsi, çərçivələrə, ölçülərə sığmayan dünyabaxışı böyük rol oynamışdır. L.Andreyevin “Faust” üslubu və ruhunda qələmə aldığı “Anatema” əsərinin ideya-sənətkarlığı Cavidin də ədəbi meyl və marağına, problematikasına uyğun gəldiyindən, bu əsəri yüksək qiymətləndirmişdir. Cavid Tolstoyun “mərhəmətlərinə”, “zülmə qarşı səbir” kimi tendensiyalarına qarşı “Anatema”nın tutarlı cavab verdiyini qeyd edir. Onun fikrincə, Andreyev əsərdə tərki-dünyalıq fəlsəfəsini tənqid və rədd etmişdir. Ədib yazır: “Əgər mən Tolstoyun fəlsəfəsinə qarşı çıxmaq istəsəydim, məhz elə bir əsər yazardım. Andreyev isbat edir ki, özündən əl çəkməklə insan özünü də məhv edir, ətrafındakıları da”.
   Bütün bunlardan aydın olur ki, haqlarında qısa da olsa bəhs etdiyimiz rus yazıçılarının talelərindəki kəşməkəş, yaradıcılıqlarındakı haqq-ədalət uğrunda dönməz mübarizə ruhu Cavidi mənəvi cəhətdən təmin etmişdir. Belə ki, Lermontovun “Demon” və Andreyevin “Anatema”sının ardından “İblis”in ortaya çıxması ilə dünyanın mədəni fikir karvanında Cavidin sənətkar qüdrəti sübuta yetmişdir.
   Bir sözlə, əgər Cavid Dostoyevskini “mətin üslublu”, “dərin düşüncəli” və “o böyük dahi və ruhşünas”, Tolstoyu “ədib”, “filosof”, “nüfuzlu mütəfəkkir” kimi xarakterizə edir, həmçinin Tolstoy-Andreyev münasibətlərindən, məktublaşmalarından bəhs edirsə, deməli, bu, onun rus ədəbi fikrini daim izlədiyindən və ədəbiyyat faktlarına həssas yanaşdığından soraq verir. Burada Cavidin yanaşmaları həvəskarlıqdan çox elmiliklə peşəkarlığın vəhdətindən doğan sanballı ədəbiyyatşünas təsiri bağışlayır. Biz həm də Hüseyn Cavidin təqdimində rus ədəbi fikrinin müəyyən bir dövrünün maraqlı məqamları haqqında tutarlı elmi bilgilər alırıq.
   
   Fariz Yunisli