Dünya üzrə hotellər şəbəkəsi olan şirkət Azərbaycanda fəaliyyət imkanlarını nəzərdən keçirir

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ölkəmizdə səfərdə olan Fransanın “Accor” şirkətlər qrupunun Rusiya və MDB ölkələrindəki bölməsinin baş direktoru Aleksis Delaroff ilə görüşüb. Görüşdə Fransanın Azərbaycandakı və Azərbaycanın Fransadakı səfirliklərinin nümayəndələri iştirak edib.
Görüşün keçirilməsində məqsəd sözügedən şirkətin Azərbaycan turizm sənayesinə verə biləcəyi töhfələri və mümkün əməkdaşlıq perspektivlərini müzakirə etmək olub.
Nazir müavini Nazim Səmədov qeyd edib ki, ölkəmizdə artıq kifayət qədər dünya səviyyəli, beşulduzlu, lüks hotellər fəaliyyət göstərsə də, orta sinif və büdcə turistləri üçün nəzərdə tutulan yeni hotel brendlərinin artırılmasına böyük ehtiyac var.
“Accor” şirkətlər qrupunun nümayəndəsi öz növbəsində görüşdən məmnunluğunu ifadə edərək bildirib ki, şirkət artıq Azərbaycanın müvafiq kateqoriyada olan bir neçə yerli hoteldən təkliflər alıb. Hazırda həmin hotellərlə əməkdaşlıq imkanları təhlil edilir.
Görüşdə şirkətin öz şəbəkəsində tətbiq etdiyi keyfiyyət standartlarının Azərbaycandakı müvafiq hotellərdə tətbiqinin araşdırılması qərara alınıb.
Məlumat üçün bildirək ki, “Accor” dünyanın 90-dan çox ölkəsində fəaliyyət göstərən, “İbis”, “Sofitel”, “Novotel”, “Pullman”, “Mercure”, “Adagio” və s. kimi tanınmış hotel brendlərini özündə birləşdirən, nəhəng hotel və restoran şəbəkəsi olan Fransa şirkətidir.