Mayın 21-də Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasına tur təşkil olunub.
Assosiasiyanın sədri Ruslan Quliyevin verdiyi məlumata görə, turda ölkəmizdə fəaliyyət göstərən klinika və tibb mərkəzlərinin həkimlərindən ibarət 23 nəfərlik heyət iştirak edib.
Tur iştirakçıları Naxçıvanda inkişaf etmiş üç turizm istiqaməti ilə tanış olmaq imkanı əldə ediblər. Heyət Əshabi-Kəhf ziyarətgahına, Duzdağ müalicəvi istirahət mərkəzinə və Batabat gölünə baş çəkib, bu məkanların turizm potensialı və təqdim etdiyi xidmətlərlə tanış olub, eyni zamanda Naxçıvan mətbəxinin təamlarından dadıb.
Ruslan Quliyev bildirib ki, Naxçıvana ilk dəfə belə bir tur təşkil olunub və çox səmərəli alınıb. Son illərdə Naxçıvan Muxtar Respublikasında turizm sahəsinin sürətlə inkişaf etdiyini, burada turizmin demək olar ki, əksər istiqamətlər üzrə müasir standartlara cavab verən infrastrukturun qurulduğunu diqqətə çatdıran assosiasiya sədri turun məhz bu potensialla tanışlıq xarakteri daşıdığını söyləyib.
Qurum rəhbəri belə turların tez-tez təşkil ediləcəyini qeyd edib.
F.Hüseynov