1-2 iyun tarixində Ankarada İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) işçi qrupunun 4-cü koordinasiya iclası keçirilib.
İclasda üzv ölkələrlə işçi qrupun gələcək fəaliyyət istiqamətləri, komitənin layihə maliyyələşdirilməsi mexanizmlərinin funksionallığı və təkmilləşdirilməsi, 2017-2019-cu illərdə turizm və digər sahələr üzrə işçi qrupunun əsas mövzuları və digər məsələlər müzakirə olunub.
İclasa 30-a yaxın ölkədən nümayəndələr qatılıb. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin böyük məsləhətçisi Cavid Abdullayev iştirak edib.
İclasda bu ilin sentyabr ayı ərzində elan ediləcək COMCEC-in 4-cü layihə çağırışının detallarına dair müvafiq təlim də keçirilib.