Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycana turistlərin cəlb olunması, həmçinin Qazaxıstanın aparıcı turizm şirkətləri ilə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə iyunun 5-də Qazaxıstanın aparıcı turizm şirkətlərinin nümayəndələri ölkəmizə tanışlıq səfərinə gəlib.
İyunun 7-də “Boulevard hotel”də Azərbaycan və Qazaxıstanın turizm təmsilçilərinin işçi görüşü (work shop) keçirilib. Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin əməkdaşları Türkan İsmayılova və Aysel Əliməmmədova, 10-dan çox turizm şirkətinin nümayəndələri iştirak edib. Görüşün əvvəlində ölkəmizin turizm potensialına dair video təqdimat izlənilib.
Tədbirdə turist mübadiləsinə dair danışıqlar aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
İyunun 11-dək davam edəcək səfər çərçivəsində qonaqlar paytaxt Bakı ilə yanaşı, Qəbələ, Naftalan, Gəncə və Şəkiyə səfər edərək bu regionların turizm potensialı ilə yaxından tanış olacaqlar.