“Bu gün bölgənin iqtisadi, siyasi mərkəzi Azərbaycandır. Bu gün qitənin enerji mərkəzi Azərbaycandır. Mən çox istəyirəm ki, Azərbaycan bölgənin və dünyanın turizm mərkəzlərindən birinə çevrilsin. Buna imkanlar vardır...”.
Prezident İlham Əliyev bu fikirləri 2012-ci ildə Bakıda “JW Marriott Absheron” hotelinin açılış mərasimində söyləyib. Dövlət başçısının bu sözlərində müasir Azərbaycanın gerçəklikləri və turizm sektoru ilə bağlı aydın hədəf əksini tapıb. Güclü siyasi iradə, dayanıqlı iqtisadiyyat, əlverişli təbii-coğrafi şərait, tarixi mədəni irs, müasir infrastruktur, zəngin mətbəx, xalqımızın qonaqpərvərliyi və sektorun inkişafı üçün qəbul olunan mühüm qərar - sadələşdirilmiş viza rejimi - bütün bunlar Azərbaycanın turizm baxımından da mərkəz olmasını şərtləndirən əsas amillərdir.

İmkanların düzgün dəyərləndirilməsi

Ölkəyə turistlərin cəlb olunmasında müasir infrastruktur nə qədər əhəmiyyət kəsb edirsə, mövcud imkanlardan məqsədyönlü istifadə də bir o qədər önəmlidir. Yəni ölkənin maddi mədəniyyət nümunələrinin, xalqın sahib olduğu dəyərlərin turizm məhsulu kimi peşəkarlıqla təqdim edilməsindən çox şey asılıdır. Belə bir el deyimi var: “Əsas varın olması deyil, əsl iş onu yerli-yerində təqdim etməkdir”. Burada qeyd olunan imkanlar yalnız maliyyə resursu, yüksək standartlara cavab verən infrastruktur demək deyil. Bu, xalqın adət-ənənələrindən geyiminə, mətbəxindən musiqisinə, maddi mədəniyyət nümunələrindən təbiətinə kimi böyük bir zənginliyi əhatə edir. Dövlət bu mirasın öyrənilməsi, qorunması və təbliğində nə qədər maraqlı olsa da, yenə də turizm şirkətlərinin, iş adamlarının, ümumilikdə ölkə vətəndaşlarının dəstəyinə ehtiyac var. Hər sahədə olduğu kimi, bu işdə də birgə uğurlu fəaliyyətlə yüksək nəticə əldə etmək olar.
Bu gün bir çox ölkələrin inkişafında turizm sahəsinin necə önəmli rol oynadığı hər kəsə bəllidir. İqtisadiyyatını neft və qaz təşkil etməyən, böyük istehsal sənayesinə malik olmayan, lakin sistemli şəkildə inkişaf edən ölkələr çoxdur. Bu ölkələr müasir kurort zonaları, tarixi məkanları ilə səyahət həvəskarlarını cəlb edə bilirlər. Çünki turistləri min kilometrlərlə məsafə qət etməyə vadar edən gözəl istirahət, əyləncə ilə yanaşı, fərqli mədəniyyətlər, tarixi abidələr, xalqların özünəməxsus mətbəxi və digər məqamlardır.
“Azərbaycan zəngin ölkədir, turizmin inkişafı üçün gözəl yerlər vardır və biz bu imkanlardan istifadə etməliyik”. Ölkə başçısının bu çağırışı malik olduğumuz imkanları layiqincə ortaya qoymağın nə qədər zəruri olduğunu bir daha göstərir. Dövlət tərəfindən həm turizmə, həm də mədəni irsimizin mühafizəsinə və təbliğinə göstərilən diqqət, qəbul edilən sənədlər, icra olunan sosial-iqtisadi layihələr bu sahədə uğurlu fəaliyyət üçün geniş imkanlar yaradır.
İnsanları təkcə yeniliklərlə təəccübləndirmək və təbliğat siyasətini yalnız bu istiqamətdə qurmaq məsələyə birtərəfli yanaşma olardı. Keçmiş həmişə bizdə fərqli duyğular oyadıb. Ona görə də hansısa bir bölgəyə gedəndə, yaxud xaricdə olanda gözümüz daha çox tarix çağıran tikililəri axtarır. Bu gün paytaxtımızda və bölgələrdə turistlərə təqdim edə biləcəyimiz kifayət qədər tarixi məkanlarımız, mədəniyyət ocaqlarımız var. Eyni zamanda turistlərin ziyarətinin daha maraqlı, əyləncəli təşkili üçün mədəni proqramlar təşkil etmək yalnız işin xeyrinədir. Bu bir tərəfdən turistin əylənməsi deməkdirsə, digər tərəfdən mədəniyyətimizin təbliği baxımından əhəmiyyətlidir.
Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsinin inkişafında mədəni irsdən istifadəni həmişə diqqətdə saxlayır. Mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə əlaqələndirilməsi məqsədilə nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrup da fəaliyyət göstərir. Bu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir. Məsələn, bugünlərdə nazirliyin tədbirlər planı əsasında həyata keçirilən pilot layihəyə uyğun olaraq Şəki xanları sarayının yaxınlığında, qədim qala divarları ilə əhatələnən yaşıllıq ərazidə asudə vaxt və istirahət guşəsi fəaliyyətə başlayıb. Turistlər qədim dövrləri xatırladan fotoatelyedə milli geyimlərlə şəkil çəkdirə, həmçinin xüsusi çadırlarda dincələ, məşhur Şəki şirniyyatları ilə samovar çayına qonaq ola bilərlər.
Turistlərin ölkəmizə marağını artırmaq üçün digər bölgələrimizdə, həm də fərqli formatlarda rəngarəng layihələr həyata keçirmək olar. Bir də ki axı biz sonuncu tikəsini qonaqla, qəriblə bölən xalqıq. Ağlımız kəsəndən görmüşük ki, evimizdəki ən yaxşı qab-qacaq, yatacaq və digər əşyalar qonaqlar üçün istifadə olunub. Qonaq qarşılayanda süfrəyə ən dadlı yeməkləri qoymağa çalışmışıq...
Həqiqətdir ki, hər turist bizə müəyyən qazanc gətirməklə yanaşı, həm də Azərbaycanı tanıyır və tanıdır. Ona görə də turizm şirkətləri, hotel və qonaqlama yerlərinin sahibləri turisti evinin qonağı kimi qarşılamalı və bu diqqət-izzətlə də yola salmalıdır ki, onu bir də öz obyektlərində görə bilsin. Çünki turistlər hər il eyni məkanı ziyarət etməkdə o qədər də maraqlı olmurlar. İnsan daim yenilik sorağı ilə yaşayır. Bu isə bizləri ömrü boyu müşayiət edən bir xüsusiyyətdir. Ənənəvi üz tutulan məkan ya ildə bir dəfə təkrarlanan təbiət hadisəsi olar, ya da turistə elə fərqli xidmət təklif olunar ki, o bir də həmin ünvana qayıtmaq zərurəti hiss edər. Bir el deyimimizdəki kimi: “Aşıq üz görən yerdə”.
Yadımdadır, 2008-ci ildə Culfa rayonu ərazisindəki əfsanəvi Haçadağa tur təşkil olunmuşdu. 2415 metr yüksəkliyi olan dağa qalxmağımız çox zəhmət tələb etsə də, səfərimiz, həqiqətən, maraqlı alındı. Dağın zirvəsindən baxanda muxtar respublikanın, demək olar ki, bütün sərhədləri aydınca görünürdü. Buradan əyilməzlik simvolu olan Əlicəqala da möhtəşəmliyi ilə adamı ovsunlayırdı... Növbəti il yenə həmin məkana getmək təklifi gələndə isti yanaşmamışdım. O zaman da qənaətim belə idi, indi də bu fikirdəyəm ki, insan zirvəni bir dəfə “fəth” edər.

Təbliğatda yeni yanaşma zərurəti

Bu gün ölkəmizin dörd tərəfini əhatə edən altı turizm marşrutu fəaliyyət göstərir. Turoperatorlar, turizm şirkətləri istənilən bölgəyə rahat şəkildə turist qruplarından ibarət turlar təşkil edə bilərlər. Turistləri gedəcəkləri ünvanlarda, sözün geniş mənasında, xoş mənzərə gözləyir. Bölgələrdə də turistlərin rahatlığı üçün hər cür şərait yaradılıb və bu proses davam etdirilməkdədir. Eyni zamanda paytaxtda və yaxın-uzaq bölgələrdə turistləri maraqlandıra biləcək tarixi məkanlarda, abidələrdə bərpa-konservasiya işləri aparılıb, həmçinin onlar haqqında məlumatlar yenilənərək xarici dillərə tərcümə edilib. Tarixi məkanlar barədə əcnəbi dillərdə bukletlər hazırlanır ki, bu da turistlərin mədəni irs nümunələri ilə tanışlıq imkanlarını genişləndirir.

Haşiyə. Ötən günlərdə Bakıda keçirilən bir konfransa qatılan Türkiyənin Ankara və Trabzon şəhərlərindən olan dostlarla görüşdük. Hal-əhvaldan sonra Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Mədəniyyət” qəzetinin əlavəsi kimi çap olunan aylıq “Baku Guide” bələdçi kataloqunun bir neçə sayını onlara təqdim etdim. Nəşrlə qısa tanışlıqdan sonra qonaqlar bildirdilər ki, əslində onlar bu bələdçini Bakıya ilk ayaq basdıqlarında, hava limanında əldə etməli imişlər...
Söhbətimiz zamanı o da bəlli oldu ki, konfransın təşkilatçıları onları yalnız Şəhidlər xiyabanına aparmaqla kifayətlənib. Qaldıqları hotel tərəfindən isə Bakının tanıtımı üçün heç bir təşəbbüs göstərilməyib: gecələmə, bir də səhər yeməyi.

Əslində, hər hansı bir tədbirin təşkilatçısı, hotel sahibi düşünməlidir ki, xarici vətəndaşlar ölkəmizə yalnız turist kimi səfər etmirlər. İnsanları fərqli səbəblər də uzaq məsafələr qət etməyə vadar edir. Sadəcə, onları ölkənin maddi mədəniyyət nümunələri, mətbəxi, gəzməli-görməli yerləri ilə tanış etmək, maraq oyatmaq lazımdır. Çünki hər bir insanın müəyyən bir çevrəsi, əlaqədə olduğu insanlar var və səfərdən qayıdan şəxsdən mütləq gəzib gördüyü yerlər haqqında təəssüratlarını xəbər alırlar. O, təbii ki, getdiyi məkanlarda qarşılaşdığı maraqlı məqamları əhatəsində olanlarla bölüşür və həmin insanlarda müəyyən fikir formalaşdırır. Əgər qənaətlər müsbətdirsə, istər-istəməz kimlərdəsə maraq yaradacaq.
İnformasiya cəmiyyətinin tələbinə uyğun olaraq yeni innovasiyalar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Qloballaşmanın sürətli xarakter alması da böyük ölçüdə texnoloji yeniliklərdən qaynaqlanır. Bu kontekstdə ölkəmizin turizm imkanlarının təbliğatında da yeni yanaşma zərurəti meydana çıxır. Müasir tendensiyalar kütləvi informasiya vasitələri ilə yanaşı, digər informasiya daşıyıcıları və sosial şəbəkələrdən də istifadəni qaçılmaz edir.
Hazırda Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə turizm potensialımız Türkiyə, İspaniya, İngiltərə, İtaliya, Yaponiya, Rusiya və digər ölkələrdə beynəlxalq sərgilərdə yüksək səviyyədə təbliğ olunur. Eyni zamanda xarici ölkələrin telekanallarında, qəzet və informasiya saytlarında da Azərbaycan turizminin inkişafını əks etdirən reklam çarxları yayımlanır, tanıtım məqalələri çap olunur.
Azərbaycanın Körfəz ölkələri üzrə (“Atlantis Holidays”), həmçinin Almaniyada (“Aviareps”), Rusiyada (“Tur A Vent”), Türkiyədə (“Gateway”) turizm üzrə nümayəndəliklərinin fəaliyyət göstərməsi ölkəmizin bu sahədə imkanlarının daha geniş coğrafiyada tanınmasına təkan verir.
Ölkəmizin uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlər də (Dünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumları, “Eurovision” mahnı yarışması, beynəlxalq “Turizm və səyahətlər” sərgisi (AİTF), turizm filmləri festivalı, beynəlxalq kitab sərgi-yarmarkası və s.) ölkəmizin mədəni zənginliyinin, iqtisadi qüdrətinin, turizm imkanlarının təqdimatında mühüm rol oynayır. Məlum olduğu kimi, paytaxtımız 17-19 iyun tarixində “Formula 1” Avropa Qran-pri yarışına, gələn il isə İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bu kimi tədbirlər də ölkənin tanıtımına, təbliğinə öz töhfəsini verir.
Turistləri ölkəmizə cəlb etmək üçün sosial şəbəkələrin imkanlarından da geniş şəkildə istifadə olunmalıdır. Bu məsələdə vətəndaşların həssaslığı, operativliyi böyük əhəmiyyət kəsb edir. Unutmayaq ki, yerli sakinlərin diqqətini o qədər də cəlb etməyən hər hansı bir ağac, qaya, şəlalə və s. digər regiondan, eləcə də xaricdən gələn turistin marağına səbəb ola bilər. Yaşadığımız şəhərdə, kənddə olan bir tarixi abidənin, maraqlı təbii mənzərənin sosial şəbəkədə təbliğatını təşkil edərək insanları həmin məkanlara yönəltmək mümkündür. Təki istək olsun...

Fariz Yunisli

Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.