Bu dünyandan arxayın ol, o dünyadan muğayat...
   
   Çox yava-havalı səslənişdir, şair, özüm də bunun fərqində. Amma bu səkkiz illik sənsizlikdə də xalqın səni hər gün, hər saat təbərrik kimi yad etməsilə ilgilidir bu ruhi ismarıc. Bir az da sənin bu illərdən öncəki “dildəndışarı” səslənişlərinə güvənimdən yanadır. Sən “qədim tarix dərəsi”ndəkilərə - “məndən ötdü” demişlərimizə demirdinmi “Adınızı tarixlərdən oğrayaram, Ruhunuzu qiymə-qiymə doğrayaram!”?..
   
   Elə demirdinmi, belə yazmırdınmı:
   
   “Nazim qırx il, düz qırx il dünyanın şeir-sənət limanlarına Türkiyə yükü boşaltdı, Bəs ondan şairə nə çatdı?!”
   Bəs, sənin - düz əlli il dünyanın o çağkı və gələcək qəlblərinə təkrarsız, - təkrar edirəm, - təkrarsız poetik obrazlar bəxş etmişin ruhuna belə xitab etməyib, necə səslənim, Məmməd Araz?! Səkkiz ildir sənsiz düşülən “dəvə yal”larla, əllərdən çıxan “ovsar cığır”larla, qayaların - körpə cüyür balalarına “su saxlayan çalası”yla, “bir də öpüm telindən” umacağın öncəsi xitab etdiyin incədən incə, qəlblərə sözqönçə təsiri bağışlayan “balam çiçək”lərlə, “...arxamca sən də - boylan, salamat qal, bax, salamat qal” - deyə vidalaşdığın, bütün real cazibədarlardan daha canlı, dipdiri “ey qaragöz pəri”lərlə müqayisədə bu yazının başlığında nə “dəvədə buynuz”luq varmış ki?..
   Hələ “Altı qızdan biri Pəri”!..
   ...Və bu da mənim sənsizlik illərində yazdığım -
   
   Səkkiz yazıdan biri...
   
   O yazılarımın əksərində Səndən var kimi danışmışam. Tək elə ulu kimi yox, bu gün də olu kimi bəhs etmişəm. Ötənilkində isə, sözümün sapını qaçırıb, bir qədər anımanə, ağısayağı söz açmışam. Öz misralarını tutarğalayıb yazmışdım ki, bir şair vardı, ömrü boyu tufan əydi, su yardı, Xətainin qılıncını suvardı - Məmməd Araz karandaşı göyərdi...
   Ərz etmişdim ki, bu şair o karandaşla bir xətt çəkdi - “Vətən daşı olmayandan - olmaz ölkə vətəndaşı” patriot-portreti yarandı. Can kətanına iki cızıq atdı - “Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim!” avtoportreti donatdı. O karandaşın üçüncü çaba-çəkimində - “Ey dəvə yal, düşdüm daha belindən, Ovsar cığır, çıxdın daha əlimdən, Balam çiçək, bir də öpüm telindən...” peyzaj-triptixi boy atdı...
   
   Sonra da
   
   ataların “say cızığı”ndan çıxmaq cəhdilə söz havasını dəyişmişdim. Belə bir hədəflə ki, o cızıqdan çıxar olmasam, bu ümummilli, ümumədəb və əbədi karandaş yiyəsinin ümumturan ruhuna toxunmuş ollam. O ruhun ki, cisminə “Ürəyimsiz kəlmə yazan deyiləm, Nə qədər ki, öz əlimdir yazanım!” dedirdilən çağlarda “Azərbaycan!” deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər” söyləyirdi. “İti bazarında atından baha - Mən belə dünyanın nəyindən küsüm?!” hayqırırdı. “Bir ağılın budağından sallanıb, Neçə-neçə ağlıdayaz yaşayır” rəsmləyirdi.
   Elə yeri gəlmişkən (daha doğrusu, üslub havasını dəyişmişkən), o karandaşın yaratdığı yüzlərlə tablodan dörd və beşxətlisini də sərgiləyim; birini təbiətdən, birini cəmiyyətdən.
   ...Yox, o özü də təbiəti “hakim”, cəmiyyəti “məhkum” saydığı üçün, qoy hər ikisi “fağır”a yönəli olsun. Öncə daha bir avtoportret qisimlisi:
   
   Bu axşam...
   Özümdə yoxam bu axşam,
   Ağlı kəsilməmiş kəsilmiş başam,
   Elə bil özümdə dəfn olunmuşam...
   Ey ilham pərisi, varsansa əgər,
   Bu axşam üstümə qanadını gər...
   
   Əl saxlayıb, göz yumub düjün-düjün düşüncələrə dalmayaqmı? Bu lövhədəki “tragizm”də səslənən minor-major taktların fərqinə varmayaqmı? Yəni, guya, heç nə yaza bilmədiyinə acıyıb, ilham pərisini dadına yetişməyə çağıran şairin bu dadlı-ləzzətli mənəvi təamından qan təzyiqimizin göylərin “səkkizinci” poeziya qatına qalxması ehtimalına da düşməyəkmi? Əlbəttə, burada söhbət təkcə tibbi qandan yox, nitqi məsdər-fel halından (qanmaq) da gedir...
   Daha bir cəmiyyət lövhəsi. Bu dəfə beş xətlə:
   
   Bax donqar dəvənin səbət yükünə,
   Bənzəyir içiboş şöhrət yükünə,
   Ömür karvanının sənət yükünə
   Bir-iki qeyrətli söz yükləməsək -
   Sən kimə gərəksən, mən kimə gərək?..
   
   Bu, şairin elm və ədəbi-mədəni-mənəvi təfəkkür korifeylərimizdən biri, milli ziyalılıq meyarı kimi qiymətləndirdiyi Xudu Məmmədova ithaf etdiyi üç şeirinin birindən bir bənddir. Bu beşxətli beş bəndlik “tablo”da, bir çox milli-mənəvi obrazlardan başqa, iki subyekt var, beş obyekt. Subyektlərdən biri - həmin o “bir çox milli-mənəvi obrazları” bütün ömrü uzunu canında-qanında bişirib bu rəsmi çəkən Məmməd Arazdır, o biri elm ilə ədəbiyyat-mədəniyyət-mənəviyyatı qoşa qanad hesab edib, öz peşə borcunu yerinə yetirməkdən əlavə, xalqının irfan-intellekt təsərrüfatına vətəndaşlıq toxumları əkən Xudu Məmmədov. Obyektlər isə - üç olsa da - eynidir: Vətən! Deməli, sentimental hissləndiyi qədər də arqumental səslənən bu obyekt-subyekt vəhdətini belə fəhm etmək olar: “Vətən - Məmməd Araz - Vətən - Xudu Məmmədov - Vətən”...
   
   O çağ Vətəni...
   
   İndilər ürəklərimizə batman-batman yüngüllüklər, fəxarətlər gətirən müstəqil ölkəmizin o çağlarkı ağırlığı, ağrıları, elələrinin çiyinlərində dövr, ürəklərində qövr edirdi. O halətlər elələrinin şaxını-şuxunu əzirdi. Və dillərdə “Sıx gözünü - hansı daşda su yansa, o daş altda Məmməd Araz yaşayır” kimi poetik-idiomatik “nekroloq”lar gəzirdi. O tay-bu tay - Güney-Quzey arasında inşa edilən “Arazstroy”a alatoran nəzərlərlə baxıb, yarı qəlpən, yarı qəlbən sevinənlərin, dəvələngəri axan Araz çayı sahillərində sayrışan işıqlara birləşməyimizin ilk qaranquşu kimi baxanların inter-menyularına: “İşıqlar da ayrılığa öyrəşəcək, Yükünü çək, dəvə qardaş, yükünü çək” kimi təəssüb-təəssüflər sızılırdı. Bu ölməz şairin doyulmaz alim tərəf-müqabilinin sözləri də el dilindən, elita düşüncələrindən düşmürdü: “Adətən ev-eşikdə nə çatışmazsa, nədən çox danışılarsa, uşaq ondan istəyər. Bir gün üç yaşlı oğlum mənə qayıtdı ki, ata, mənə Vətən al...” 1983-cü ilin bu günü Məmməd Arazın 50 illiyilə bağlı hazırlayıb efirə verdiyim televerilişdə Xudu müəllimin söylədiyi bu qorxulu sözlərin dadı indiki kimi yadımda, rəngləri indiki kimi qanımdadır...
   Hərdən adama elə gəlir ki, 1933-cü il 14 oktyabr - 2004-cü il 1 dekabr ömürlü Məmməd Araz bizim eradan əvvəl, yaxud ən azı, orta əsrlərdə doğulub və hələ yaşayır. Nədən ki, “Ey Xan Eyvaz, Dəli Domrul, Fətəli xan, İbrahim xan, sizinləyəm!” deyir. “Danış görək, a daş qardaş” kimi “daş dövrü” dialoqları edir, “Ey daşlaşan, torpaqlaşan ulu babam, Bu günümdən dünənimə uzaqlaşan ulu babam!” kimi xitablar edir.
   Şərikim olsaydı, deyərdim mənə belə də gəlir ki, o, tək elə Şahbuz rayonunun Nursu kəndində yox, Azərbaycanın bütün el-obalarında dünyaya gəlib. Nədən ki, onun şeirlərinin dilində, hal-xasiyyətində, təhər-tövründə bir cıqqan da olsun ləhcə-şivəlik, bölgəvilik, etnos-etniklik yoxdur. Onun “ulu babam!” deyə müraciət etdiyi kişilər hamımızın cılxa-çuxa babamız deyilmi? “O gündənmi bitdi bizim dilimizin “sənin”-“mənim” damarı da, O zamanmı bitdi bizim dilimizin “haralısan?” qabarı da?!” sual-qınağında hamımızın payı yoxmu?..
   Bəs bunlar sənə necə gəlir, şərikim olmayan sayın oxucu? Sənə də təəccüblü gəlmirmi ki, bu böyüklükdə fikirlər, düşüncələr, hisslər sahibi “Kəndim, balacasan, çox balacasan” dediyi o yurdun məktəbində müəllim işlərkən o kənddən min dəfə balaca sinif otaqlarına necə sığıb? Təəssüflü gəlmirmi ki, “26-lar” qaçqını Stepan Şaumyanın Moskva ərköyünlü oğlu “Gəncləri nərimanovlaşdırmaq” damğalı hədə-qorxuları, təsir-təzyiqlərilə bu cavan şairi illər xəstəsi etdi! Dəyərləndirməkdəsənmi ki, onun müayinə və müalicəsinə Heydər Əliyev nə qədər diqqət, necə qayğılar göstərdi. Fərqindəsənmi, ömrü uzunu öz təbirincə “əsgər misralar”ı (qədirbilənlərcə isə general misraları!) ilə azadlıq inqilabımız üçün ərəfə ordusu yaratmış bu şairin gözləri onunla müstəqillik illəri görüşləri zamanı (xəstəlik zirvəsinə çatsa belə) necə parlayırdı! Bu görəcək görüşlər məqamında dahi siyasətçinin necə poetikləşdiyini, dahi lirikin - qəlbçi-mədəniyyətçininsə necə sənətkar-sərkərdələşdiyini sezirdinmi?
   
   Hər mənada aydın
   
   “Anamdan-bacımdan gizlətdiyimi Qələmdən-kağızdan gizlətməmişəm” açıq-aydınlığı, Günəş şəffaflığı ilə yaşamış bu şairin nəinki hər bir şeiri, hər kitabının adı da bitkin əsər təsiri bağışlamırmı? Əksəriyyətini əzbər bilsəniz də, “təkrar biliyin anasıdır” deyibən, “Anamdan yadigar nəğmələr”, “Atamın kitabı”, “Üç oğul atası”, “Oxucuya məktub”, “Dünya sənin, dünya mənim”, “Dünya düzəlmir”, “Daş harayı”, “Qanadlı qayalar”, “Araz axır”, “Qayalara yazılan səs”, “Ağlayan qayalar”, “Əsgər andı”, “Vətən deyin”, “Sənətdə son mənzil olmur” kimi nəşrləri bir daha xatırlayaq.
   Onun “Xalq şairi” adı, “Hacı Zeynalabdin Tağıyev adına milli mükafat” laureatı, “İstiqlal” ordeni təltifatları, yaradıcılıq nümunələrinin aşıqlar dilindən, aşiqlər söyləmindən, xanəndələr, hətta ən qınbəyənməz şou-mouçular repertuarlarından düşməməsi də əsl millilik nüvəsi daşımırmı? Onun adına təsis edilmiş “Məmməd Araz mükafatı” isə əsrlər uzunu yeni-yeni yaradıcı isimləri şərəfləndirəcək.
   Qələmi əlimə aldığım andan yaddaşımda cərgələnən, xəyalımda sərgilənən yüzlərlə şeirindən hansı biri ilə bitirim bu yazını? Bəlkə, “Haqqın var yaşamağa” ilə? Əlbəttə! Bəyəm, üsyankarlıq ustadlığı ilə bahəm, həm də təvazökarlıq meyarı olan bu əbədiyaşar nəğməkarın gah “haqqın yox”, gah “haqqın var, Məmməd Araz, haqqın var - yaşamağa” hökmlərinin inkar variantına qol qoyası oxucu da tapılar bu dünyada?
   Amma yaxşı olardı bu yazının əvvəllərindəki keçmiş zaman şəkilçisini indiki zamana keçirməyimi təmin edəsi misralardan ibarət bəndlərdən ikisini də araya çəkim:
   
   Aşıq Cavan sarılmışdı sazına,
   Toy qurmuşdu dünəninin yasına,
   O, qəzəbi ya sındıra, ya sına -
   Təbriz ağlayırdı dağlar başında...
   
   Belə deyə-deyə gələn şair birdən o tayın böyük sabahı haqda düşünüb, sözünə müəyyən və məlum düzəliş verir:
   
   “Təbriz ağlayırdı” dedim -
   nə dedim?!
   Ağlayan bir sazın telinə dedim,
   Ağlayan bir elin dilinə dedim -
   Təbriz oxuyurdu - dağlar başında!..
   
   Beləliklə, Məmməd Arazdan söz düşəndə nəqlilik nağıllarına, “bir şair vardı” deyimlərinə bənd olmayın. Bu an və hər zaman sizlər demiş; bu şair indi də var və dünya durduqca, həmkar sələfi demişkən, “kainat olduqca” olacaq...
   
   Tahir Abbaslı