Sloveniyada əfsanəvi soydaşımıza həsr olunmuş roman işıq üzü görüb 
   
   Sloveniyanın Nova Qoritsa şəhərinin Çepovani qəsəbəsində Sovet İttifaqı qəhrəmanı, həmyerlimiz Mehdi Hüseynzadəyə həsr edilmiş “Mixaylonun təkbaşına qisası” (“Jeden za vse Mihajlovo Mascevanje”) ikicildlik romanın təqdimatı olub.
   Mərasimdə çıxış edən Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev ölkələrimiz və xalqlarımız arasındakı dostluğun tarixindən danışıb, qəhrəman Mehdi Hüseynzadənin bu dostluğun rəmzinə çevrildiyini deyib.
   Müəllif Peter Amelietti romanın məzmunu ilə bağlı məlumat verərək əsərin iki ölkə gənclərinə vətənpərvərlik ruhunun aşılanmasına töhfə olacağını bildirib.
   Dünya Azərbaycanlı Gənclər Birliyinin nümayəndəsi Günel Həsənova Azərbaycan xalqının Mehdi Hüseynzadənin xatirəsinə yüksək ehtiram göstərdiyini, Bakının mərkəzində qəhrəmanın abidəsinin ucaldıldığını diqqətə çatdırıb.
   Tədbirdə iştirak edən II Dünya müharibəsinin veteranları, Mehdi Hüseynzadənin döyüşçü yoldaşları xatirələrini bölüşüblər. Qeyd edilib ki, qəhrəmanın Sloveniyadakı muzeyi daim yerli əhali tərəfindən ziyarət olunur. Onun Çepovani qəsəbəsindəki məzarı üzərində həkk edilən “Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır” sözləri xalqlarımız, xüsusən də gənc nəsillər üçün əsl vətənpərvərlik örnəyidir.
   Mərasimdə Nova Qoritsa şəhərinin meri, Sloveniya Yazıçılar İttifaqının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə “Təxəllüsü Mixaylo idi” qısametrajlı sənədli filmi nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar