Əbülfəs Qarayev:
   «Azərbaycan, xüsusilə Bakı şəhəri İslam mədəniyyətinə müasir dövrdə də öz töhfələrini verməkdədir»

   
   
   Bu gündən etibarən “Bakı - İslam Mədəniyyəti Paytaxtı-2009” mədəniyyət ilinə start verilir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Heydər Əliyev Sarayında baş tutacaq təntənəli açılış mərasimi və qala-konsert, eləcə də ümumilikdə il ərzində tədbirlər barədə keçirdiyi mətbuat konfransında geniş məlumat verdi.
   
   
   İSESKO-ya üzv dövlətlərin Mədəniyyət nazirlərinin 21-23 noyabr 2007-ci il Liviyanın Tripoli şəhərində keçirilmiş V konfransının nəticələrinə görə Bakı şəhərinin 2009-cu ildə İslam Mədəniyyəti Paytaxtı elan edilməsini xatırladan nazir, ölkəmizin İslam dünyasına böyük töhfələr verdiyini və elə bu seçilmə şansının da ondan qaynaqlandığını bildirdi: «Azərbaycanın İslam mədəniyyətində oynadığı rol vacib və mühümdür. Ölkəmizin tanınmış din və elm xadimləri əsrlər boyu İslam mədəniyyətinin inkişafına əvəzsiz töhfələr veriblər. Bakuvidən Tusiyədək ən müxtəlif sahələrdə dərin izlər qoymuş, İslam dünyasında ilkliklərə imza atmış alim və mütəfəkkirlərimiz olub. Elmin və incəsənətin əksər sahələrini təmsil edən dühalarımız İslam maddi-mədəni irs xəzinəsinə dəyərli incilər bəxş etmişlər. Azərbaycan, xüsusilə Bakı şəhəri İslam mədəniyyətinə müasir dövrdə də öz töhfələrini verməkdədir. Burada öz dini, milli-mənəvi dəyərlərilə bərabər, digər xalqlar və dinlərin nümayəndələrinə də tarixən böyük hörmətlə yanaşılıb. Məncə, İslamın ən əsas tələblərindən biri də elə bu bərabərlik və humanizmdir. Digər tərəfdən, xalqımızın böyük, zəngin, qədim və çoxşaxəli mədəniyyəti var. Bu da bizə öz maddi-mədəni varlığımızı nümayiş baxımından böyük imkanlar verir. Azərbaycanın Asiya və Avropanın qovşağı olması nəticəsində yaranmış fərqli mədəni incilər və ondan öncəki minilliklərə söykənən mədəniyyəti və müasir durumu bu ölkənin İslam mədəniyyətinin vacib hissəsi olmasını göstərir və hesab edirəm ki, «İslam Mədəniyyəti Paytaxtı» anlayışı bu şəhərə elə-belədən verilməyib. Mütəxəssislər, alimlər bunu şəhərimizə layiq bilərək veriblər».
   «Bakı - İslam Mədəniyyəti Paytaxtı - 2009» çərçivəsində və açılış münasibətilə keçirilən tədbirlərdə xalqımızın maddi-mədəni irsi, onun sahib olduğu zəngin mədəniyyət nümunələrini yüksək səviyyədə təbliğ ediləcəyini də əlavə edən nazir, fevralın 18 və 19-da keçiriləcək açılış tədbirlərini də diqqətə çatdırdı: «Hesab edirik ki, iki gün müddətində biz olduqca maraqlı proqramla çıxış edəcəyik. Bu münasibətlə ölkəmizə təşrif buyuracaq qonaqlar mədəniyyətimizin zənginliyinin və çoxşaxəliliyinin şahidi olacaqlar. Qonaqlarımıza gəlincə, bu sırada İSESKO-nun baş katibi Əbdüləziz Osman Əl-Tuveycrinin, İKT baş direktoru müavininin, 4 ölkənin nazir və nazir müavinlərinin, Avropanın mədəniyyət paytaxtları olan Lins və Vilnüs şəhərlərinin nümayəndə heyətlərinin, Bakı ilə qardaşlaşmış Hyuston şəhərindən nümayəndə heyətinin adlarını saya bilərəm.
   Şəhərimizə gələn rəsmi nümayəndə heyətləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edəcəklər. Sonra Heydər Əliyev Sarayında təntənəli açılış olacaq. Rəsmi hissədən sonra qala konsert keçiriləcək. Asiya ilə Avropanın qovuşağında yerləşən ölkəmizin mədəniyyəti də bu sintez kontekstində təqdim olunacaq. Konsertdə Vilnüs şəhərindən gəlmiş musiqiçilər də iştirak edəcək. Dərhal sonra (saat 16.00) «Bakı şəhəri» adlı foto və rəsm sərgilərinin açılışı olacaq. Burada təkcə Azərbaycan rəssamları yox, digər Avropa ölkələri rəssamlarının əsərləri də sərgilənəcək. Bununla da Bakını digər yaradıcı insanların gözü ilə görəcəyik. Ardınca (saat 18.00) «Bakı - İslam Mədəniyyəti Paytaxtı - 2009» İnternet saytının və Azərbaycan mədəniyyətinə həsr olunmuş sənədli filmlərin nümayişi olacaq. Sonra saat 19.00-da N.Gəncəvi adına Dövlət Ədəbiyyat Muzeyinin və A.Şaiq adına Dövlət Kukla Teatrının qarşısında incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunacaq. Bakı sakinlərinə yönələn konsertin ardınca (saat 21.00-da) maraqlı atəşfəşanlıq təşkil ediləcək. Növbəti gün rəsmi görüşlər və Azərbaycan Milli Kitabxanasında ingilis dilində çap olunan «Qədim Bakı» kitabının təqdimatı olacaq. Sonra qonaqlar Heydər Əliyev Fondunu ziyarət edəcəklər. Axşam isə Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Rəqs Ansamblının konserti olacaq. Ümumilikdə Bakının bütün muzeyləri, qoruq və mədəniyyət ocaqları qərara gəliblər ki, həftənin sonunadək muzeylərlə açıq qapı günləri təşkil etsinlər. Odur ki, istəyənlər təmənnasız olaraq o ekspozisiyalarla tanış ola biləcəklər. Bu, bizim şəhər sakinlərinə təqdim olunan hədiyyədir. Sözsüz ki, bu yalnız başlanğıcdır. Bir il müddətində bizi olduqca maraqlı və zəngin proqram gözləyir. Bu tədbirlərdə İslam mədəniyyətinin Bakısını müasir şəkildə təqdim edəcəyik».
   Nazir həmçinin bu ilin noyabrında dünyanın məşhur Viktoriya və Albert muzeyində İslam mədəniyyətinə aid nümunələrdən ibarət sərginin də paytaxt sakinlərinin ixtiyarına veriləcəyini dedi: «Azərbaycan Dövlət İncəsənət Muzeyinin yeni binasında İslam üst geyimləri Viktoriya və Albert Muzeyində» adlı sərgi açılacaq. Böyük Britaniya muzeyinin belə səyyar sərgiləri nadir hallarda təşkil etdiyini nəzərə alsaq, bu, böyük hadisədir. Onu da qeyd edim ki, mədəniyyət ili təkcə Azərbaycanda keçirilən tədbirlərlə məhdudlaşmayacaq. Belə ki, 5 ölkədə mədəniyyət günlərimizi təşkil edəcək, eləcə də beynəlxalq turizm sərgilərində iştirakımızı davam etdirəcəyik. Onu da deyim ki, artıq mədəniyyət və turizmin birləşməsi gözəl əks-səda verdi. Belə ki, Türkiyədə keçirilən ən böyük və nüfuzlu turizm fuarında bizim nümayəndə heyətimiz də iştirak edərək uğura imza atdı. Onlar «Ən yaxşı şou və mədəniyyət proqramının təqdimatına görə» xüsusi diploma layiq görüldülər».
   Ə.Qarayev artıq Bakının mədəniyyət paytaxtı olması ilə bağlı reklamın CNN və «Əl Cəzirə» kanallarında yerləşdirildiyini də diqqətə çatdırdı. Açılış mərasiminə həm İslam, həm də Qərbin aparıcı mətbu orqanlarının dəvət edildiyini də bildirən natiq, İslam dünyası tarixində cəmi 30 ölkənin İslam mədəniyyətinin paytaxtı olmasını və Bakının da bu şəhərlərin sırasına daxil edilməsini özü-özlüyündə ölkəmizə və onun mədəniyyətinə hörmətin təzahürü kimi dəyərləndirdi: «Bu tədbir mədəniyyətimizlə yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da önəmlidir. Bununla Azərbaycan mədəniyyəti və onun yaradıcısı olan xalqımız barədə dünyaya geniş şəkildə xəbər verilmiş olur. Bakıda bu möhtəşəm tədbirin keçirilməsini bayraq edərək xarici dövlətlərdə mədəni irsimizin təbliğini də davam etdirəcəyik. Bu il 5 ölkədə mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur. Bundan başqa, ölkəmizdə bir sıra beynəlxalq tədbirlər baş tutacaq, eyni zamanda biz də mədəniyyətlə bağlı beynəlxalq konfranslara qatılacağıq».
   Ötən il Almaniyada keçirilən mədəniyyət ilinin böyük marağa səbəb olduğunu diqqətə çatdıran nazir ilk dəfə olaraq bu ilin iyunundan etibarən 4 ay müddətində İsveçrədə Azərbaycan İli çərçivəsində rəngarəng mədəniyyət tədbirlərinin keçiriləcəyini vurğuladı: «Çalışırıq ki, Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən tədbirlər mədəni potensialımızın nümayişinə xidmət etsin.
   Ötən il bir çox teatr və konsert müəssisələrimiz təmir-bərpa olunaraq əhalinin istifadəsinə verildi. Bundan başqa, Beynəlxalq Muğam Mərkəzi inşa olundu. Eləcə də regionlarda muzey və kitabxanaların bərpası həyata keçirildi. Bu proses bu il də davam edəcək. Mart ayında Gənc Tamaşaçılar Teatrı binasının təmir-bərpadan sonra açılışı olacaq. May ayına qədər Dövlət İncəsənət Muzeyinin birinci binasının bərpasını tamamlayacağıq. Çox maraqlı bir muzey təqdimatı nəzərdə tutulub. Biz orada xüsusi anbarların qurulmasına önəm verdik. Artıq Finlandiyadan xüsusi avadanlıqlar gəlib ki, onlarda rəsm əsərləri və tarixi əhəmiyyət daşıyan incəsənət nümunələri xüsusi saxlama şəraitində qorunacaq. Bakıda inşası davam etdirilən Xalça Muzeyi ən müasir memarlıq abidəsinə çevriləcək. Yəqin ki, bu bina öz qapılarını ziyarətçilərin üzünə 2010-cu ildə açacaq».
   Turizm sahəsindəki məlumatları rəqəmlər vasitəsilə diqqətə çatdıran nazir, dünya turizm bazarında ilin sonunun mənfi göstəricilərinə toxundu, lakin bunun ölkəmizin turizm imkanlarına o qədər də təsir etmədiyini dedi: «Hesablamalar ölkəyə gələn turist sayını 2006-cı ildə 903 min 889 nəfər, 2007-ci ildə 1 milyon 10 min 792 nəfər, 2008-ci ildə isə 1 milyon 408 min 988 nəfər nəfər olduğunu göstərir. Bununla da Azərbaycana gələn turistlərin sayında 39,4% artım olub. Mənə elə gəlir ki, ÜTT bunu nəzərə alacaq və ölkəmiz bu sahədə məşhurlaşmış 5-10 ölkə sırasına daxil olacaq. Bu çox vacib rəqəmlərdir və ölkədə siyasi, iqtisadi sabitlik və tanıtımımızın yüksək səviyyədə olduğunu, eləcə də beynəlxalq aləmdə imicimizin artmasını göstərir».
   Keçən il 52 yeni turizm ocağının tikilib istifadəyə verildiyini deyən Ə.Qarayev, Bakının özündə də 2 ilə tam yeni infrastrukturun, nəqliyyat vasitələrinin və xidmətin səviyyəsinin yaxşılaşdırılacağının hədəfləndiyindən danışdı: «Turist axını baxımından əsas artımın müşahidə olunduğu ölkələr sırasında Ukrayna, Qırğızıstan, Belarus, Körfəz ölkələri arasında İran, Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi, İordaniya və Omanın, Avropa ölkələri arasında Almaniya, Avstriya, Bolqarıstan, Bosniya Hersoqavina, İtaliya, Finlandiya, Lüksemburq və Belçikanın adını çəkmək olar. Digər ölkələrdən də turistlərin marağı artıb. Asiyadan ən böyük artım Hindistan, Filippin, eləcə də Avstraliyanın payına düşür. ABŞ və Afrika ölkələri də bu artım sırasındadır. Coğrafiyanın genişlənməsi sərgilərdə iştirakımız və təbliğatımızın geniş arealı əhatə etməsi sayəsində olub».
   Nazir həmçinin mart ayında I Beynəlxalq Muğam Festivalının keçiriləcəyini də dedi. Festivalın təşkilindən məqsəd Azərbaycanda muğam sənətinin inkişafına kömək etməkdir. Festival Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
   
   Həmidə Nizamiqızı