«Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009». Artıq uzun müddətdir ki, Azərbaycanın kütləvi informasiya vasitələrində bununla bağlı kifayət qəbər məlumatlar verildi, bu ad altında keçirilən tədbirin təşəbbüskarı olan beynəlxalq qurumlar, dövlətimizin və xüsusilə də Mədəniyyət və Turizm Nazirliyinin səyləri barədə məlumatlar geniş vüsət aldı. Bu tədbir ölkəmizin İslam dünyasında və bu formadan çıxış etməklə dünyada tanıdılması, mədəni imicinin formalaşdırılması, turizminin təbliği, maddi-mədəni səvətlərinin, milli-mənəvi dəyərlərinin, mental kimliyinin geniş arenaya təqdimatı baxımından müstəsna əhəmiyyət kəsb edir.
   
   Tədbir ziyarətlə başladı
   
   “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin açılış mərasiminin iştirakçıları fevralın 18-də Fəxri Xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə qızılgül dəstələri düzdülər. Qonaqlar görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etdilər.
   Tədbir iştirakçıları sonra Şəhidlər Xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini anmaqla, məzarları üstünə tər güllər düzdülər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.
   
   Açılış mərasimi mədəniyyətimizin təntənəsi oldu
   
   Elə həmin gün ölkənin ən möhtəşəm konsert salonunda - Heydər Əliyev Sarayında «Bakı-İslam Mədəniyyətinin Paytaxtı - 2009» mədəniyyət ilinin təntənəli açılış mərasimi oldu. Mərasimdə ölkə rəhbəri İlham Əliyev və xanımı,YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva, tədbirlə bağlı ölkəmizə səfər edən rəsmi nümayəndə heyətləri, dövlət və hökumət rəsmiləri, görkəmli mədəniyyət, ədəbiyyat, elm və təhsil, incəsənət xadimləri iştirak edirdilər.
   Mədəniyyət ilinin təntənəli açılış mərasimində çıxış edən respublika prezidenti İlham Əliyev bu günün çox əlamətdar olduğunu vurğulayaq, hər kəsi bu münasibətlə təbrik etdi. Mədəniyyət ilinin açılışının Bakıda, Azərbaycanda çox əlamətdar bir gün olduğunu deyən ölkə başçısı açılış mərasimi və bundan sonrakı tədbirlərin uğurlu keçəcəyinə əminlik ifadə edərək İslam dünyasının, İslam mədəniyyətinin birləşməsi, bir-birinə daha da yaxın olması üçün öz müsbət rolunu oynayacağını dedi: «Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması İslam Konfransı Təşkilatının mədəniyyət nazirlərinin toplantısında baş verdi. Bu işdə həm İslam Konfransı Təşkilatının, həm də İSESKO-nun çox böyük rolu olmuşdur. Mən bu gün İSESKO-nun baş direktoru cənab əl-Tuveycrinin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Bu qərarın qəbul edilməsində onun çox böyük rolu olmuşdur. Cənab əl-Tuveycri Azərbaycanın böyük dostudur və onun fəaliyyəti sayəsində İSESKO ilə Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir. Biz müxtəlif proqramlar həyata keçiririk. İSESKO-nun xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilir. Beləliklə, Azərbaycan ilə İSESKO arasında əlaqələr yeni yüksək pilləyə qalxır. Bu, çox böyük əhəmiyyətə malik bir məsələdir.
   Azərbaycan müstəqil ölkə kimi nisbətən gəncdir, cəmi 17 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Biz bu illər ərzində çalışmışıq və çalışırıq ki, İslam ölkələrinin həmrəyliyi, birliyi üçün öz töhfəmizi verək. Bu məqsədlə Azərbaycanda çoxsaylı tədbirlər keçirilibdir. Eyni zamanda, Azərbaycan İslam Konfransı Təşkilatı çərçivəsində çox fəal rol oynayır. Son illər ərzində Azərbaycanda çoxsaylı tədbirlər keçirilmişdir: xarici işlər nazirlərinin toplantısı, mədəniyyət və turizm nazirlərinin toplantısı. Növbəti illərdə daha da çox tədbirlər keçiriləcəkdir. Beləliklə, biz öz siyasətimizlə, addımlarımızla və praktik işlərimizlə İslam aləminin bir-birinə daha da yaxın olmasına çalışırıq. İslam həmrəyliyinin daha da möhkəm olmasına çalışırıq. Buna böyük ehtiyac var. Biz bir-birimizi dəstəkləməliyik, həm siyasi sahədə, həm də iqtisadi sahədə daha da sıx əməkdaşlıq etməliyik. Biz öz iqtisadi potensialımızı bir-birimizin xidmətinə təqdim etməliyik, İslam ölkələri arasında daha çox qarşılıqlı ticarət aparılmalıdır.
   Şübhəsiz ki, siyasi müstəvidə, beynəlxalq təşkilatlarda, Birləşmiş Millətlər Təşkilatında İslam ölkələrinin birliyi, həmrəyliyi çox böyük əhəmiyyət daşıyır. Əminəm ki, hər bir müsəlman ölkəsi bunu hiss edir. Birgə təşəbbüslərimiz çox uğurlu olur. Bütün bu təşəbbüslər bir məqsəd güdür: dünyada sülh bərqərar olunsun, təhlükəsizlik təmin olunsun, əmin-amanlıq olsun, dünyada müharibələr olmasın və sivilizasiyalar arasında aparılan dialoq daha da möhkəm olsun və daha da yaxşı nəticələr versin. Bəzi hallarda sivilizasiyalararası dialoq haqqında çox danışılır, ancaq daha da çox işlər görülməlidir. Azərbaycanın bu işlərdə rolu getdikcə artmaqdadır.
   Bayaq qeyd etdiyim kimi, bizim ölkəmizdə İslam Konfransı Təşkilatı, İSESKO və Avropa strukturlarının xətti ilə çoxsaylı tədbirlər keçirilir. Bəzən bu tədbirlər birgə keçirilir. Bu da çox önəmlidir. Yəni Avropa ilə İslam dünyası arasında münasibətlərin möhkəmlənməsi bizim maraqlarımıza cavab verir. Çünki əlaqələr nə qədər çox olsa, nə qədər çox qarşılıqlı anlaşma olsa, uğurlar da bir o qədər çox olacaqdır. Biz öz tərəfimizdən İslam həmrəyliyinin daha da möhkəm olması üçün bundan sonra da səylərimizi davam etdirəcəyik.
   İslam qardaşlıq dinidir, tolerantlıq, dözümlülük dinidir. Dünyada bizim müqəddəs dinimiz olduğu kimi təqdim edilməlidir. Bütün İslam dünyasının özünü təqdim etməsi üçün atılan addımlar mədəniyyət sahəsində də özünü büruzə verməlidir. Çünki İslam dünyasının çox zəngin tarixi, çox zəngin mədəniyyəti vardır. Bizim mədəniyyətimiz dünya birliyinə olduğu kimi təqdim edilməlidir.
   Azərbaycan qədim tarixə və mədəniyyətə malik olan ölkədir. Bayaq qeyd etdiyim kimi, baxmayaraq ki, biz müstəqil ölkə kimi cəmi 17 ildir yaşayırıq, ancaq Azərbaycan çox böyük mədəni irsə malik olan ölkədir. Əsrlər boyu insanlar Azərbaycanda yaşayıb-yaratmışlar. Bizim tarixi abidələrimiz bunun əyani sübutudur. Bizim ədəbiyyatımız, musiqimiz, incəsənətimiz, tarixi abidələrimiz, doğma Azərbaycan dilimiz - bunlardır Azərbaycan xalqının mənəvi əsasları. Bu möhkəm əsaslar üzərində biz müasir dövlət qururuq. Dövlət quruculuğu fəaliyyətimiz buna yönəlmişdir ki, möhkəm tarixi, mənəvi əsaslar üzərində müasir dövlət quraq, dövlətçiliyi, müstəqilliyi möhkəmləndirək, əbədi, dönməz edək və beləliklə, Azərbaycanın hərtərəfli inkişafına nail olaq. Bu işlərdə bizim böyük uğurlarımız var. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan tam şəkildə müstəqil ölkədir, öz müstəqilliyini qoruyub saxlaya, daha da möhkəmləndirə bilmişdir. Bu gün Azərbaycan istər xarici siyasətdə, istərsə də daxili işlərdə müstəqil siyasət aparan ölkədir. Bizim bütün imkanlarımız səfərbər olunubdur. Azərbaycanın bölgədəki rolunun artması, dünyadakı mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanın çox etibarlı tərəfdaşa çevrilməsi işləri - bunlar uğurla davam etdirilir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bizim həm siyasi addımlarımız, həm də regional müstəvidə atdığımız addımlar, irəli sürülmüş təşəbbüslər dostluğa, əməkdaşlığa yönəldilibdir. Biz istəyirik ki, bölgədə sülh olsun, təhlükəsizlik olsun. Belə olan halda, inkişaf üçün daha da çox imkanlar olacaqdır».
   Azərbaycanın son beş il ərzində dünyada analoqu olmayan sürətlə inkişaf etdiyini də diqqətə çatdıran İ.Əliyev, ölkə iqtisadiyyatının son beş il ərzində dünyada sürətlə artan iqtisadiyyat olduğunu, köklü iqtisadi və siyasi islahatların Azərbaycanı daha da gücləndirdiyini və buna görə də gələcəyə çox nikbinliklə baxdığımızı diqqətə çatdırdı: «Biz gələcəyə böyük ümidlərlə baxırıq. Buna imkan verən bu vaxta qədər görülmüş işlərdir. Bizim bütün işlərimiz uğurla nəticələndi, verilən bütün sözlər yerinə yetirilir və ölkəmiz hərtərəfli inkişaf edir. Əlbəttə ki, hər bir ölkənin hərtərəfli inkişafı üçün, ilk növbədə, mənəvi əsaslar olmalıdır. Onlar da bizdə var. Eyni zamanda, düşünülmüş siyasət aparılmalıdır və biz qoyulan məqsədə ardıcıllıqla addımlamalıyıq. Hər bir ölkənin hərtərəfli inkişafı həm də mədəniyyət sahəsində inkişafı ehtiva edir. Bu sahəyə çox böyük diqqət göstərilir. Baxmayaraq ki, Azərbaycan bir neçə il bundan əvvəl, demək olar ki, ən çətin iqtisadi sınaqlardan çıxa bilmişdir».
   Dünyada maliyyə böhranının geniş vüsət aldığını və ən inkişaf etmiş ölkələrin də bu böhrandan əziyyət çəkdiyini xatırladan ölkə başçısı, Azərbaycanda humanitar sahəyə, mədəniyyətə ayrılan xərclərin azalmadığını, bundan sonra da mədəni irsin qorunması üçün lazımi vəsaitin ayrılacağını dedi: «Artıq biz bunu görürük. Azərbaycanda, demək olar ki, bütün tarixi abidələr bərpa edilir, yeni mədəniyyət ocaqları yaradılır, teatrlar, muzeylər bərpa olunur və ən müasir, gözəl səviyyədə yeniləri tikilir. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik».
   «Azərbaycanın zəngin mədəni irsinin qorunması və zənginləşdirilməsi üçün əməli işləri bundan sonra da davam etdirməliyik» - deyən İ.Əliyev Bakının çox gözəl memarlıq abidələrinə malik olduğunu, onların Azərbaycan dövləti tərəfindən lazımı səviyyədə qorunduğunu və bundan sonra da qorunacağına əminlik ifadə etdi: «Eyni zamanda, Azərbaycanın digər bölgələrində çoxsaylı tarixi və dini abidələr mövcuddur və onlar da dövlət tərəfindən qorunur. Ancaq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş torpaqlarda biz öz tarixi irsimizi qoruya bilmirik. Çünki bizim torpaqlarımız erməni işğalı altındadır. Bu təcavüz və etnik təmizləmə siyasəti nəticəsində bizim ərazimizin 20 faizi işğal altına düşüb və bir milyondan artıq soydaşımız qaçqın-köçkün vəziyyətində yaşayır. Bununla bərabər, orada bütün tarixi abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Bütün muzeylərimiz talan edilib, bütün dini məbədlərimiz, məscidlərimiz dağıdılıbdır. Bunu, eyni zamanda, beynəlxalq müşahidəçilər də vurğulayırlar. 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyasının Dağlıq Qarabağa və işğal olunmuş digər ərazilərə səfəri zamanı hazırlanan məruzədə bütün bunlar göstərilibdir. Göstərilib ki, Ermənistan tərəfindən hər şey dağıdılıbdır. Yəni budur erməni vandalizminin nəticələri, budur təcavüzkar işğalçı siyasətin nəticəsi. Şübhə yox ki, torpaqlarımız işğal altından çıxandan sonra biz bütün tarixi abidələrimizi bərpa edəcəyik. Bütün şəhərləri yenidən bərpa edəcəyik, bütün binaları tikəcəyik. Ancaq bunu etmək üçün münaqişəyə son qoyulmalıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bitməlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və bizim vətəndaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar».
   Keçən ilin mart ayında Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətlə əlaqədar qətnamə qəbul edilərkən bizə səs verən bütün ölkələrə minnətdarlığını bildirən dövlət başçısı, bu münaqişə ilə bilavasitə məşğul olan ölkələrin qətnamənin qəbul olunmasına problemlər yaratmaq istədiklərini və əleyhinə səs verdiklərini, lakin qətnamənin böyük səs çoxluğu ilə qəbul edildiyini bildirdi: «39 ölkə qətnaməyə səs verdi və onların içində əksəriyyəti müsəlman ölkələridir. Bax, budur real İslam həmrəyliyinin nəticələri. Budur bizim müştərək siyasətimizin uğurları. Azərbaycan da öz tərəfindən bütün İslam ölkələrinin maraqlarının qorunması üçün töhfəsini verməyə hazırdır və bundan sonra da siyasətində bu prinsipləri rəhbər tutacaqdır».
   
   «Biz Bakını İslam mədəniyyətinin paytaxtı kimi qeyd etməyimizi heç vaxt unutmayacağıq»
   
   İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tuveycri “Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin təntənəli açılış mərasimindən iştirakından fərəh hissi keçirdiyini qeyd etdi. Azərbaycan Respublikasının Prezidentinə mərasimə rəhbərlik etdiyinə və İSESKO təşkilatına verdiyi güclü dəstəyə görə dərin minnətdarlığını bildirən natiq, səmimi qonaqpərvərliyə görə də ölkə rəhbərinə təşəkkür ünvanladı. Qonaq Bakının mədəniyyətlər və sivilizasiyalar arasında dialoq, birgə yaşama və həmrəylik şəhərinə, eləcə də incəsənət, elm və mədəniyyət qovuşağına çevrildiyini dilə gətirdi: «İslam Konfransı Təşkilatının mədəniyyət nazirlərinin 4-cü iclasında qəbul olunan İSESKO-nun “İslam mədəniyyəti paytaxtları” proqramı tarix boyu mədəniyyətə, ədəbiyyata, elm və biliyə verəcəyi töhfəni nəzərə alaraq, əsasən, İslam mədəniyyətinin yayılmasına, yüksəlməsinə, yeniləşməsinə, xüsusilə fərqlənən bir sıra islam şəhərlərinin mədəniyyət və sivilizasiyasının şanlı irsini qeyd etməyə yönəlibdir. Lakin proqram qətiyyən keçmişdəki uğurları xatırlatmağa xidmət etmir, onun bu cür şəhərlərin tarixi-mədəni varlığı üzərində qurulmasına xidmət edir ki, İslam sivilizasiyasının dəyərlərinə əsaslanan bu günü, həm də gələcəyi yaradaq. Bu da öz növbəsində xalqların fərqliliyinə, irqi və dini mənsubiyyətinə, mədəniyyət köklərinə və sivilizasiya xüsusiyyətlərinə baxmayaraq, bəşəriyyətin bölüşdüyü irs olaraq qalmaqdadır. Bu mədəniyyət və sivilizasiya hədəfinə biz hər il Ərəb, Asiya və Afrika regionlarından olan üç İslam mədəniyyəti paytaxtını bir araya gətirərək, mədəniyyətlərarası dialoq və sivilizasiyaların birliyi üçün qarşıya qoyulan məqsədlərlə nail olmağa çalışırıq. Beləliklə, biz İslam sivilizasiyasının fərqli cəhətlərinin birini təşkil edən keçmişi, bu günü və sabahı bir ahəngdə birləşdiririk ki, mədəniyyətlər və sivilizasiyalar arasındakı dialoqun mahiyyəti olan, xalqlar və insanlar arasında qarşılıqlı anlaşma və birgə yaşamanın əsasını təşkil edən qarşılıqlı əlaqə və zənginləşmə təmin olunsun.
   İslam mədəniyyəti paytaxtlarını qeyd etməklə, biz nə indiki məsələlərdən, nə də gələcəyin problemlərini qabartmaqdan çəkinirik. Əksinə, bu günümüzün qayğısına qaldığımız kimi, indiki nəslin yaxşı gələcəyini təmin etmək üçün çalışırıq və beləliklə, dinimizin daimi ideallarına və daim digər dünya ölkələrinə açıq olan sivilizasiyamızın bünövrəsinə əsaslanan mədəniyyətlər və sivilizasiyalararası dialoqu davamlı bir prosesə çeviririk».
   Tədbirin zəngin və rəngarəng proqramını təqdir edən baş katib İSESKO-nun paytaxtımızda keçirilməsi nəzərdə tutulan azı 15 təhsil, elm və mədəni proqramının şahidi olacaqlarından məmnunluq ifadə etdi: «Bu il İslam mədəniyyətinin paytaxtı olan Bakı mədəniyyəti, ədəbiyyatı və elmi İslamın Azərbaycana daxil olduğu dövrə təsadüf edən tarixi şəhərlərdən biridir. Bu, elə bir şəhərdir ki, özünün şanlı olmasında əsərləri təbii olaraq ölkəsinin qürur mənbəyi olan şairlərə, elm xadimlərinə, filosoflarına, mütəfəkkirlərinə, sənətçilərinə və məşhur mədəniyyət nümunələrinə borcludur. Nəcib insanları, gözəl təbiəti, möhtəşəm elmi, ədəbiyyatı, mədəniyyəti olan, sənət və biliyin müxtəlif sahələrində dünyanın ən yüksək zirvələrindən birinə çatan bu gözəl ölkə daim yanaşı yaşama, müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsi ilə seçilibdir. Bu, Azərbaycanı mədəniyyətlərin, sivilizasiyaların, sənətlərin və çoxmilli ədəbiyyat ənənələrinin birləşmə nöqtəsinə, sözün həqiqi mənasında yanaşı yaşama və mədəniyyətlərarası dialoq mərkəzinə çeviribdir.
   Bu tədbir dünyanın yeni bir eraya, bəşəriyyətin bugünkü ümidsizlikdən, çaşqınlıqdan və dağıdıcı xaosdan insanların qarşılıqlı hörmət şəraitində birgə yaşadığı, mədəniyyət müxtəlifliyinin tanındığı və beynəlxalq hüquq prinsiplərinə tam riayət olunduğu zamana, ədalət və bərabərliyə söykənən sabitliyin, təhlükəsizliyin və sülhün yeni mərhələsinə can atdığı bir vaxta təsadüf edir. Biz Bakını İslam mədəniyyətinin paytaxtı kimi qeyd etməyimizi heç vaxt unutmayacağıq».
   Azərbaycan ərazilərinin bir hissəsinin erməni işğalı altında olduğunu və bu səbəbdən bir çox tarixi abidələrin, dini məbədlərin, muzeylərin, mədəniyyət və sivilizasiya məkanlarının dağıdıldığını və İSESKO olaraq bunu qəti şəkildə pislədiklərini bir daha vurğulayan qonaq, beynəlxalq ictimaiyyəti ölkəmizin zəngin və şanlı tarixinin qorunması üçün öz konstruktiv rolunu oynamağa çağırdı: «Mən zəngin mədəniyyət dəyərlərinin təşviq olunmasına göstərdiyi xüsusi marağa və səmimi qonaqpərvərliyə, eləcə də bu şəhərin mədəniyyət, ədəbiyyat və incəsənət mərkəzinə çevrilməsinə görə cənab Prezidentə bir daha minnətdarlığımı bildirirəm. Eyni zamanda, ölkənizdə mədəniyyət məsələlərinə qayğısına, xüsusi yaradıcı yanaşmasına və yorulmaz fəaliyyətinə görə onun xanımı Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Sizin müdrik rəhbərliyiniz altında paytaxtınıza ən böyük uğurlar arzulayıram.
   Yaşasın Azərbaycan Respublikası! Yaşasın İslam ölkələri xalqlarının qardaşlığı! Qoy Allah-Təala dünyanın bütün xalqlarına sülh, əmin-amanlıq və təhlükəsizlik bəxş etsin!» İSESKO rəhbəri çıxışının ardınca «Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin xatirə emblemini prezident İlham Əliyevə təqdim etdi.
   
   2009-cu ildə Bakının İslam mədəniyyəti paytaxtı elan edilməsi İslam Konfransı Təşkilatının 40-cı ildönümü ilə üst-üstə düşür
   
   Sonra İslam Konfransı Təşkilatı baş katibinin müavini Atta Əl- Mənna çıxış edərək təşkilatın baş katibi Ekmələddin İhsanoğlunun təbrik məktubunu oxudu:
   “Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyev! Hörmətli birinci xanım Əliyeva! İSESKO-nun hörmətli baş direktoru! Hörmətli iştirakçılar, əziz qonaqlar, xanımlar və cənablar! Bakı şəhərinin 2009-cu il üçün İslam mədəniyyəti paytaxtı elan edilməsi münasibətilə təşkil olunmuş bu möhtəşəm toplantının iştirakçılarına müraciət etməkdən böyük məmnunluq duyuram. Bu mərasimin məhz Bakıda keçirilməsi çox önəmlidir. Bakı bu torpağın oğul və qızları tərəfindən yaradılmış bənzərsiz mədəni irsin zənginliyini əks etdirən şəhərdir. Bakı tarixi şəhərdir və bir çox sivilizasiyaların mədəniyyətlərini özündə qovuşdurur.
   Bu gün Azərbaycanın ortaq tariximizə verdiyi böyük töhfəsini etiraf edirik. Ümumi keçmişimizə əsaslanaraq, hazırda biz ümumi gələcəyimizi müəyyən etməkdəyik. 2009-cu ildə Bakının İslam mədəniyyəti paytaxtı elan edilməsi İslam Konfransı Təşkilatının 40-cı ildönümü ilə üst-üstə düşür. Bu təşkilat müsəlman aləminin maraqlarını qoruyan, mədəniyyətini və tarixini təşviq edən yeganə böyük təşkilatdır. Bu münasibətlə hazırkı tədbirə, onun keçirilməsinə rəhbərlik etdiyinə görə mən görkəmli lider və uzaqgörən dövlət xadimi cənab İlham Əliyevə ən səmimi təşəkkürlərimi çatdırmaq istəyirəm.
   Cənab Prezident, Sizin bu mərasimdə iştirakınız bu sahədə olan təşəbbüslərə şəxsi marağınızın və İslam mədəniyyətinə verdiyiniz yüksək qiymətin əyani sübutudur. Bütün bunlar mədəniyyətlərarası mübadilələrə və dünya miqyasında dialoqa töhfə verir. Bugünkü tədbirin uğurla keçirilməsi məqsədi ilə mədəniyyət və turizm nazirinin də göstərdiyi səyləri yüksək dəyərləndirirəm və İslam Konfransı Təşkilatına tədbirdə iştirak etmək üçün göndərdiyi dəvətə görə minnətdaram.
   Azərbaycan öz zəngin tarixinə və adət-ənənələrinə əsaslanaraq, müsəlman dünyasında və İslam dəyərlərinin qorunub saxlanılmasında rolunu get-gedə artırır və mühüm rol oynayır. Əsrlər boyu İslam dini bu ölkədə inkişaf etmiş və digər dinlərə və mədəniyyətlərə mənsub olanlarla sülh şəraitində yaşamış və bu birgəyaşayışın nümunəsinə çevrilmişdir. Azərbaycan xalqının zəhmətsevərliyi, bu dəyərlərə bağlılığı və sadiqliyi, onun böyük tarixi irsi qürur duymağa əsas verir. Bu, dünya xalqları üçün, o cümlədən bütün müsəlman ümməti üçün xüsusi əhəmiyyət kəsb edir.
   Əsrarəngiz təbiət, gözəl iqlim şəraiti, tükənməz təbii ehtiyatlar zəngin islam mədəniyyəti ilə bir araya gələrək, Bakını xüsusilə cəlbedici şəhərə çevirir. Buna görə 2009-cu ildə Bakının İslam mədəniyyəti paytaxtı elan edilməsi yerinə düşən faktdır. Ümid və arzu edirəm ki, keçmişdən götürdüyümüz dərslər sivilizasiyaların uzun əsrlər boyu formalaşdırdığı tarixi irs və mədəniyyət sahəsində quracağımız körpülər vasitəsilə biz müharibələri doğuran ayrı-seçkiliyin, yanlış konsepsiyaların və qütbləşmənin aradan qaldırılmasına nail olacağıq.
   Fürsətdən istifadə edərək, öz tərəfimdən sizi əmin etmək istəyirəm ki, İslam Konfransı Təşkilatı dünya miqyasında bu sahədəki quruculuq səylərini davam etdirəcəkdir və bu baxımdan İSESKO-nun fəal rolunu təqdirəlayiq hesab edirəm. Cənab Prezident, İslam Konfransı Təşkilatının bütün fəaliyyətinin Azərbaycan tərəfindən dəstəkləndiyini görərək və İslam həmrəyliyinin daha da möhkəmləndirilməsində ölkənizin səylərini nəzərə alaraq, mən bir daha təsdiqləmək istəyirəm ki, İslam Konfransı Təşkilatı Azərbaycanı tam dəstəkləyir. Azərbaycanın Dağlıq Qarabağdakı vəziyyətlə bağlı haqq işini dəstəkləyir. Cənab Prezident, bütün müsəlman ümməti Azərbaycanın qanunsuz olaraq zəbt edilmiş torpaqlarının tam azad edilməsinə və Dağlıq Qarabağın ölkənizin ayrılmaz hissəsi kimi Azərbaycana qovuşmasına qədər sizin arxanızda dayanır. Yaratdığınız bu fürsətə görə Sizə bir daha İslam Konfransı Təşkilatı adından minnətdarlığımı bildirir, gələcək işlərinizdə uğurlar arzulayıram».
   Tədbirin rəsmi hissəsinin ardınca “Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin açılışı münasibətilə konsert oldu.
   
   H.Nizamiqızı