Kürdəmir Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbərliyi, hər ay olduğu kimi, apreldə də öz iş fəaliyyətinin bir hissəsini əlamətdar tarixi günlərə uyğun olaraq qurmuşdu. Belə ki, əlamətdar tarixi günlərlə bağlı müvafiq aylıq iş planı tərtib edilmiş, həmin tədbirlər planına uyğun olaraq MKS-ə və onun filiallarına keçiriləcək tədbirlər və açılacaq sərgilər barəsində lazımi məsləhətlər verilmişdir.
   
   Aprel ayında şair-dramaturq Zeynal Xəlilin 95, yazıçı-kinodramaturq Tofiq İsmayılın 70, böyük ədibimiz Nəcəf bəy Vəzirovun 155, ədəbiyyatşünas-tənqidçi Əhməd Cəfəroğlunun 110, şair Hüseyn Hatəminin 55, dramaturq Səttar Axundovun 95, yazıçı Qılman İlkinin 95 illik yubileylərilə bağlı tədbirlər keçirilmiş, digər əlamətdar tarixi günlərlə bağlı sərgilər və guşələr təşkil edilmişdir.
   2 aprel- Uşaq kitabı Günü münasibəti ilə Kürdəmir Rayon Uşaq Kitabxanasında və filial kitabxanalarında “Dünyamız uşaqların gözü ilə”, “Uşaqlar bizim gələcəyimizdir”, “Gül balalar”, “Körpələr bizim sabahımızdır” və sair mövzulu sərgilər təşkil olunmuş fəal oxucularla kiabxana işçilərinin görüşü keçirilmişdir.
   “Uşaqların həyatında kitabxananın rolu” adlanan tədbirdə uşaqların kitab haqda fikirləri dinlənilmiş, kitabxana və kitablara münasibətləri öyrənilmişdir. Diskussiya xarakterli bu tədbir yüksək əhval-ruhiyyə ilə başa çatmışdır.
   «23 aprel - Ümumdünya Kitab və Müəllif Hüquqları Günü isə Azərbaycan dramaturgiyasının nəhəngi Cəfər Cabbarlının anadan olmasının 120-illiyinə həsr edilmişdir.
   MKS-nin oxu zalında keçirilən tədbirə gələnlər oncə “Cəfər Cabbarlı-120 “ adlı sərgi ilə tanış olmuşlar. Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev Cəfər Cabbarlının həyat və yaradıcılığı haqda geniş məruzə etmişdir.
   Məktəblilərin ifasında C.Cabbarlının şeirləri dinlənilmiş, dram əsərlərindən kiçik səhnəciklər təqdim edilmişdir.
   
   Məryəm Əliyeva,
   Kürdəmir