Azərbaycan Respublikası Nazirlər Kabineti və Təhsil Nazirliyinin müvafiq qərarı ilə ənənəvi olaraq aspirant və gənc tədqiqatçıların “Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda III Respublika elmi konfransı keçirildi.
Konfransı giriş sözü ilə ADMİU-nun tədris və tərbiyə işləri üzrə prorektoru, professor Rafiq Sadıqov açdı. Sonra ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Maral Manafova universitetdə Boloniya sisteminə keçidlə əlaqədar reallaşdırılan islahatlar və tədbirlər barədə məlumat verdi: “2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sitemində islahatlar üzrə Dövlət Proqramının 8 istiqamətindən biri elmi-tədqiqat işlərinin Boloniya sisteminə uyğun qurulmasıdır. Universitetimizdə bu sahədə ilk addımı sənətşünaslıq fakültəsinin atdığını tədbir iştirakçılarının nəzərinə çatdırmaq istərdim”. Çıxışının sonunda o, universitetin professor-müəllim heyətinin məqsədyönlü, davamlı fəaliyyətinin Boloniya prosesinə uğurla keçidin yeganə qarantı olduğunu bildirdi.
Tədbirdə həmçinin Mədəniyyət və Turizm Nazirliyinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev “Azərbaycanda mədəniyyət siyasətinin bəzi aspektləri” mövzusunda məruzə ilə çıxış edərək, konfransın mədəniyyət sahəsində mövcud problemlər və onların həlli yollarının araşdırılması, mədəniyyətin inkişaf perspektivlərinin müəyyən edilməsində mühüm rol oynadığını bildirdi. Tədbirdə universitetin magistr, aspirant və gənc tədqiqatçıları - “Teatrlarda beynəlxalq standartlara cavab verən tamaşaların hazırlanması problemi”, (Yelena Sidorenko), “Müasir dövrdə mədəniyyətlərarası ünsiyyətdə kütləvi informasiya vasitələrinin rolu” (Nərgiz Sadıxova), “Azərbaycan və YUNESKO arasında mədəni əməkdaşlıq” (Pərvin Rüstəmova), “Azərbaycan ekran sənətində janr problemi” (Vüsalə Bağırova), “Aşıq musiqisində variantlıq prinsipinin təzahürünə dair”, “Qərb fəlsəfəsində dəyərlər problemi” (Hafiz Kərimov), (Aysel Zöhrabova - Azərbaycan Dövlət Rəssamlıq Akademiyası), “İsmayıl Məmmədovun yaradıcılığında portret janrı” (Mehin Vahabova - AMEA Memarlıq və İncəsənət İnstitutu) məruzələrilə çıxış etdilər. Tədbir bədii hissə ilə sona yetdi.
“Mədəniyyət”