Mayın 7-də Azərbaycan İstiqlal Muzeyinin Ekspozisiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş “Xalqımızın qayğıkeş atası” adlı tədbir-sərgi təşkil olundu. Burada ilk dəfə olaraq muzeyin fondunda saxlanılan və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin kinoşəkil sənədlər arxivindən əldə edilmiş H. Əliyevin müxtəlif dövrlərdə uşaqlarla birlikdə çəkdirdiyi fotoşəkillər sərgiləndi.
   Azərbaycan Respublikası Uşaq Təşkilatı ilə birgə keçirilən tədbiri İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi açaraq qonaqları salamladı.
   Tədbirdə iştirak edən Azərbaycan Uşaq Fondunun sədri, Sosialist Əməyi Qəhrəmanı İ.İbrahimov 2009-cu ilin uşaq ili elan olunması münasibətilə uşaqları təbrik edərək, ulu öndərin Azərbaycan xalqının tarixindəki əvəzolunmaz xidmətlərindən söz açdı. O, ümummilli liderin Azərbaycan tarixindəki əvəzolunmaz fəaliyyətini vurğulayaraq, belə şəxsiyyətlərin bəşəriyyətə gec-gec gəldiyini qeyd etdi. Daha sonra Respublika Uşaq Fondunun sədr müavini Roza xanım ulu öndərin 86 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi, H.Əliyevin uşaqlara saysız qayğlarından söhbət açdı. Tədbirdə şagirdlərin “Mənim sevimli Heydər babam” mövzulu inşa yazıları müsabiqəsinin nəticələri elan olundu. Müsabiqənin qalibləri Fəridə Həsənova, Vasif Axundov, Fidan Abdullayeva və xüsusilə fərqlənən Tural İbrahimov mükafatlandırıldı. Sonda Bülbül adına Musiqi Məktəbi şagirdlərinin musiqili kompozisiyası tədbirə rəngarənglik qatdı.
   Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatı G. Əhmədova, Səbayel rayon Qadınlar Cəmiyyətinin sədri A. Hümbətova, Prezident Qvardiyasının əsgərləri və digər qonaqlar iştirak edirdilər.
  
   Yeganə CANSAİL