Bu gün müstəqil respublikamız dünyanın bir sıra aparıcı ölkələrilə siyasi və iqtisadi sahələrlə yanaşı, mədəniyyət sferasında da davamlı və dinamik əlaqələr qurmaqdadır.
   
   Bu mənada Kuba Respublikası ilə ölkəmiz arasındakı əməkdahlığın inkişafı diqqət mərkəzindədir. Belə ki, adıçəkilən ölkənin Mədəniyyət, habelə Turizm nazirliklərinin dəvətinə əsasən, Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti 25 fevral - 1 mart 2009-cu il tarixlərində Kuba Respublikasında səfərdə olmuşdur. Fevralın 26-da Ə.Qarayev Kuba Respublikasının turizm naziri Manuel Marrero Kruz ilə görüşmüşdür. Görüş zamanı Kuba Respublikasının turizm naziri Azərbaycana dəvət olunmuş, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Daha sonra nümayəndə heyəti Kubanın Varadero şəhərindəki turizm infrastrukturu, menecmenti və potensialı ilə tanış olmuşdur. Səfər çərçivəsində Kuba mədəniyyət nazirinin birinci müavini Rafael Bernal Alemani ilə də görüş keçirilmiş, qarşılıqlı mədəniyyət günlərinin təşkilinə dair ümumi razılıq əldə olunmuşdur. Nəticədə Kubada Azərbaycan mədəniyyət günlərinin keçirilməsi 2010-cu ilin fevral-mart aylarına (Hökumətlərarası Komissiyanın 3-cü iclası çərçivəsində) planlaşdırılmışdır. Bundan başqa, Azərbaycan tərəfi Kubanın caz musiqiçilərini hər il keçirilən Bakı Caz Festivalına dəvət edib. 2008-ci il 16-18 aprel tarixində Bakı şəhərində keçirilmiş “AİTF-2008” VII Beynəlxalq səyahət və turizm sərgisində Kuba Respublikasının Turizm Nazirliyinin nümayəndələri iştirak etmişdir.
    Bu kontekstdə görüləcək işlərin davamı olaraq 2009-cu il mayın 18-19-da Bakıda Azərbaycan-Kuba Hökumətlərarası Komissiyanın ikinci iclası keçirildi.
   Belə ki, Azərbaycan-Kuba Hökumətlərarası Komissiyanın ikinci iclası çərçivəsində mayın 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kuba Respublikasının xarici ticarət və xarici investisiyalar nazirinin müavini Rikardo Gerrero və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
   İki ölkə arasındakı ən müxtəlif sahələrdə əlaqələrin müzakirə predmeti olduğu görüşdə çıxış edən Ə.Qarayev qarşılıqlı səfərlərin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında mühüm əhəmiyyət daşıdığını bildirdi.
   Son illərdə Azərbaycanda turizmin inkişafına xüsusi önəm verildiyini diqqətə çatdıran nazir bildirdi ki, teatr binaları, mədəniyyət ocaqları, tarixi abidələr yenidən bərpa edilir və ölkəmizin turizm potensialı daha da möhkəmləndirilir. Görülən işlər nəticəsində cari ildə Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.
   Nazir vurğuladı ki, üç ay öncə Kubada olarkən bu ölkənin turizm naziri Manuel Marrero Krus ilə görüşü zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanmış, habelə səfər çərçivəsində qarşılıqlı mədəniyyət günlərinin təşkil olunmasına dair ümumi razılıq əldə olunmuşdur. Kubada Azərbaycan mədəniyyət günlərinin keçirilməsi 2010-cu ilin fevral-mart ayına planlaşdırılmışdır.
   Səmimi görüşə və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Rikardo Gerrero ölkəsinin Azərbaycanla mədəniyyət, turizm, səhiyyə, idman və digər sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu söylədi.
   Dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə bütün təşəbbüsləri dəstəklədiklərini bildirən qonaq ölkələrimiz arasında qarşılıqlı əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə etdi.
   Sonra Əbülfəs Qarayevlə Rikardo Gerrero Azərbaycan ilə Kuba arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzaladılar.
   Ertəsi gün - mayın 19-da “Park İNN” mehmanxanasında Azərbaycan ilə Kuba arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ikinci iclası keçirildi.
   İclasda iki ölkə arasında mədəniyyət, səhiyyə, iqtisadiyyat, ticarət, idman və digər sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olundu və yaxın vaxtlarda tərəflərin imzalayacağı yeni sənədlərin layihələri ətrafında fikir mübadiləsi aparıldı.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, komissiyanın ilk iclası Kubada keçirilmiş və bu tədbir ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında mühüm əhəmiyyət kəsb edir: «Kuba nümayəndə heyəti səfər çərçivəsində Azərbaycanın bir sıra bölgələrini də ziyarət etmiş və orada aparılan islahatlarla yaxından tanış olmuşlar. Lənkəranda olan qonaqlar qida məhsulları, diaqnostika, təhsil və s. müəssisələrdə görülən işləri, yeni turizm layihələrini yaxından izləmişlər».
   Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin yüksək olmadığını diqqətə çatdıran nazir əldə edilən razılıqların bu istiqamətdə mühüm dönüş yaradacağını dedi.
   Qeyd olundu ki, Kubada Azərbaycan mədəniyyəti günlərinin 2010-cu, Azərbaycanda isə Kuba mədəniyyəti günlərinin 2011-ci ildə keçirilməsi planlaşdırılır.
   Kubanın xarici ticarət və xarici investisiyalar nazirinin müavini Rikardo Gerrero Azərbaycanda keçirdiyi görüşləri yüksək qiymətləndirərək ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş qarşılıqlı marağa səbəb olan məsələlərin müzakirə edildiyini bildirdi.
   Azərbaycan və Kuba arasında əlaqələrin əhəmiyyətli dərəcədə inkişaf etdiyini söyləyən qonaq daha sonra əlavə etdi: «İki ölkə arasında 2006-cı ildən etibarən bir sıra saziş imzalanmışdır. Yaxın gələcəkdə isə Azərbaycanla Kuba arasında energetika, ticarət, səhiyyə, idman və s. sahələri əhatə edən sazişlərin imzalanacağı gözlənilir. Qərara alındı ki, komissiyanın üçüncü iclası 2010-cu ildə Kubada keçiriləcək və bizim ölkəmizə Azərbaycanın tanınmış mədəniyyət, incəsənət ustalarından ibarət nümayəndə heyəti gələcək. Biz iki ölkə arasında ticarət sahəsində də əməkdaşlıqda maraqlıyıq. Dörd saziş artıq hazırdır və onlar yaxın vaxtlarda imzalanacaq. Bundan əlavə, imzalanacaq sazişlərlə bağlı müzakirələr aparılır».
   Rikardo Gerrero onu da bildirdi ki, yaxın vaxtlarda Azərbaycanın neft-qaz sahəsi üzrə mütəxəssisləri Kubada yeni yataqların işlənməsində iştirak edəcək və öz təcrübələrini həmvətənlərimizlə bölüşəcəklər. Sonra Əbülfəs Qarayevlə Rikardo Gerrero Azərbaycan ilə Kuba arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ikinci iclasının yekunlarına dair protokol imzaladılar. Sənəddə iqtisadiyyat, ticarət və investisiya, sənaye və energetika, kənd təsərrüfatı, ekologiya və balıqçılıq, səhiyyə, təhsil, mədəniyyət və turizm, rabitə və informasiya, idman və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər əksini tapıb.
   
   Həmidə