UNESCO-nun təşəbbüsü ilə 1978-ci ildən etibarən hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər gününün təsis edilməsindən məqsəd dünya ictimaiyyətinin diqqətini tarixi abidələrə və onların mühafizəsinə cəlb etməkdir. Ölkəmizdə ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılıb. Təəssüf ki, dünya mədəni irsinin zəngin nümunələri olan Azərbaycan muzeylərinin bir qismi erməni qəsbkarlarının işğalçılıq siyasətinin qurbanı olub. Hazırda ölkəmizdə mədəni irsimizin daşıyıcısı olan 190-dan çox muzey fəaliyyət göstərir. Mayın 18-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Muzeylər Günü münasibəti ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi Alla Bayramaova açaraq il ərzindəki uğurlara nəzər salıb, qarşıdakı planlardan danışdı. Daha sonra çıxış edənlər - Milli Konservatoriya nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, xalq artisti, bəstəkar Oqtay Zülfüqarov, Ü.Hacıbəyov ev-muzeyinin direktoru Sərdar Fərəcov, V.Mustafazadə ev-muzeyinin müdiri Afaq Əliyeva - dövlətimizin mədəniyyətə olan qayğısından söz açdılar və muzeyə hədiyyələr təqdim etdilər.
Tədbir konsert proqramı ilə davam etdi. Konsertdə A.Xanlaroğlu, Ş.Quliyev, O.Zülfüqarovun rəhbərliyi ilə Uşaq Dövlət Filarmoniyasının “Aysel” mahnı teatrının üzvləri musiqili proqramla çıxış etdilər.
“Mədəniyyət”