Təhsil sistemində aparılan islahatlar uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyətinə yeni vüsət vermişdir. Əsasən ötən əsrin 30-cu illərində yaradılmış bu məktəblər gənclərin maariflənməsi, onların estetik tərbiyəsinin təkmilləşdirilməsi, professional musiqiçilərin hazırlanması istiqamətində səmərəli fəaliyyət göstərir.
   Bəs indi uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyəti necədir? Redaksiyamızda keçirilən «Dəyirmi masa» söhbəti də bu mövzuya həsr olunmuşdur. Söhbətdə 4 saylı Uşaq İncəsənət Məktəbinin direktoru Səadət Eminova, 15 saylı Uşaq Musiqi Məktəbinin direktoru Nadir Babayev, 3 saylı Uşaq İncəsənət Məktəbinin direktoru Dəyanət Quliyev, 7 saylı Uşaq Musiqi Məktəbinin direktoru Mehriban Rüstəmova, 6 saylı Uşaq Musiqi Məktəbinin direktoru Validə İsgəndərova iştirak edirlər. Onlar təhsilin keyfiyyətinin yüksəldilməsi yollarından söhbət açırlar.

   Səadət Eminova: - Bizim uşaq incəsənət məktəbi Buzovna qəsəbəsində yerləşir. Məktəbdə fortepiano, xalq çalğı alətləri, nəzəriyyə şöbələri, rəsm və rəqs sinifləri fəaliyyət göstərir. 303 nəfər şagirdin təhsili ilə 62 nəfər müəllim məşğul olur. Qeyd etmək istəyirəm ki, təhsilin keyfiyyətinin yüksəldilməsində başqa amillərlə yanaşı, rahat və əlverişli binanın olması da vacib şərtdir.
   Hamıya məlumdur ki, son illərdə Heydər Əliyev Fondunun, şəxsən fondun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil ocaqları üçün yeni binalar inşa olunur, mövcud binalar isə əsaslı təmir edilir. Bu il Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bizim məktəbin binası əsaslı şəkildə təmir edilmiş, yenidən qurulmuşdur. Burada məşğələlərin yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Buna görə də nazirliyə dərin minnətdarlığımızı bildiririk.
   Respublika miqyasında keçirilən festival və müsabiqələrdə, həmçinin Buzovna qəsəbəsində keçirilən mədəni-kütləvi tədbirlərdə şagirdlərimiz müvəffəqiyyətlə çıxış edir, mükafatlara, diplomlara, fəxri fərmanlara layiq görülürlər.…
   Müxbir: - Səadət xanım, dərslərin keyfiyyətinə mane olan cəhətlər varmı?
   - Bilirsiniz, dünya standartları səviyyəsində qurulan təhsilin özündə də nöqsan tapmaq olar. Bizdə çatışmayan cəhətlər mövcuddur. İstismar müddətini başa vurmuş musiqi alətlərini, xüsusilə piano və royalları dəyişdirməliyik. Yeni dərsliklərin, müntəxabatların nəşrinə, müxtəlif musiqi cihazlarına ehtiyac var. Bundan başqa, müxtəlif musiqi materiallarından ibarət disklər dərsin maraqlı və məzmunlu keçməsinə böyük kömək edər… Düşünürəm ki, bütün bunları da əldə edəcəyik.
   Nadir Babayev: - Artıq 15 ildir ki, 15 saylı Uşaq Musiqi Məktəbinə rəhbərlik edirəm. Bu illər ərzində məktəbimiz bir sıra nailiyyətlər əldə etmiş, qabaqcıl təhsil ocaqlarının siyahısına düşmüşdür. Şagirdlərimiz respublika üzrə keçirilən bütün festival və müsabiqələrdə uğurla çıxış edir, yüksək mükafatlara layiq görülürlər. Son vaxtlarda qazandığımız nailiyyətlər haqqında bir neçə fakt söyləmək istəyirəm. 1998-1999-cu illərdə dünya şöhrətli bəstəkarımız Qara Qarayevin yubileyi ilə əlaqədar Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən keçirilən fortepiano ufaçıları müsabiqəsində məktəbimizin III sinif şagirdi Səriyyə İsayeva III dərəcəli diplomla, IV sinif şagirdi Şəhla Məcidova fəxri fərmanla mükafatlandırılmışdır. Keçən il ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş respublika müsabiqəsində trombon ixtisası üzrə Tural Tağıyev I yerə, skripka ixtisası üzrə Əli Əsgərov IV yerə layiq görülmüş və mükafatlandırılmışlar.
   Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən uşaq musiqi və incəsənət məktəblərinin I Respublika müsabiqəsində məktəbimiz yüksək professional səviyyədə şagirdlər hazırladığına görə I dərəcəli diploma layq görülmüşdür...
   Müxbir: - Nadir müəllim, təhsilin keyfiyyətini yüksəltmək üçün təklifləriniz varmı?
   - Təkliflərim çoxdur. Onlardan ikisini söyləyim. Xalq çalğı alətləri şöbəsində uşaqlara yaşlarından asılı olmayaraq 5 il təhsil müddəti müəyyən olunmuşdur. İstərdik ki, fortepiano şöbəsində olduğu kimi xalq çalğı alətləri şöbəsində oxuyan uşaqlar da iki yerə bölünsünlər. 7-9 yaşlılar - 7 illik, 10-13 yaşlılar isə 5 illik təhsil almaq imkanı əldə etsinlər.
   İstərdim ki, musiqi məktəblərinin şagirdləri Simfonik Orkestrin müşayiəti ilə çıxış etsinlər. Şagirdlərin professional dirijor və peşəkar musiqiçilərlə birlikdə çıxış etmələri onların məsuliyyət hissini artırar, bu da tədrisin keyfiyyətinə müsbət təsir göstərər.
   Dəyanət Quliyev: - Fəaliyyətimizdə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil konsepsiyasının müddəalarını əsas götürürük. Bu istiqamətdə islahatların uğurla aparılması, perspektiv proqramlar çərçivəsində intensiv səy göstərmək artıq öz müsbət nəticələrini verməkdədir.
   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqələr, festivallar və sərgilər uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin mənəvi inkişafına, onların istedadlı gənclər kimi yetişməsinə böyük kömək edir.
   Gələcəyin məktəb modeli təhsilin variantlığı prinsipinə əsaslanır. «Təhsil mühiti» deyilən bir anlayış var. Pedaqoji prosesin uğuru, pedaqoji tərkibin peşəkarlığı, eyni zamanda təhsil mühitinin keyfiyyətindən çox asılıdır. Şəxsiyyətin formalaşmasında mühitin birinci dərəcəli əhəmiyyəti vardır. Məhz əhatə və təsir dairəsi insanı və onun daxili aləmini yaradır. Daha səmərəli təhsil mühitinin yaradılmasında pedaqoji kollektivlərin üzərinə məsuliyyətli vəzifələr düşür.
   Gələcəyin məktəbi də bir orqanizmdir ki, onun mərkəzində kiçik uşaqların böyük dünyada gerçəklənməsi təmin olunur. Peşəkar müəllimlərin bilik və təcrübəsi, həmçinin təhsil mühiti bu məqsədə xidmət edir.
   Mehriban Rüstəmova: - Mənim deyəcəyim bəzi fikirləri Dəyanət müəllim ətraflı şərh etdi. Ona görə də mən fikrimi qısaca ifadə etmək istəyirəm. Pedaqoji kollektimizin əsas məqsədi tədrisin keyfiyyətini yüksəltmək və istedadlı gənclər yetişdirməkdir. Bunun üçün müasir mütərəqqi iş üsullarından istifadə edir, işimizə məsuliyyət hissi ilə yanaşırıq. Təhsildə uğurlar qazanmaq üçün Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi bizim üçün lazımi şərait yaratmışlar. Elə qazandığımız nailiyyətlər də bununla bağlıdır.
   Məktəbimizin şagirdləri Orxan Tağızadə «Gənc musiqiçilər təhlil və ifa edir» müsabiqəsinin, Ülviyyə Məmmədova xalq çalğı alətləri üzrə respublika müsabiqələrinin diplomuna layiq görülmüşlər.
   Aydan Rüstəmova Rusiya Federasiyasının Soçi şəhərində keçirilən VII «Kinotavrik» Beynəlxalq Uşaq İncəsənət Festivanlında vakol-solo nominasiyası üzrə II dərəcəli diploma layiq görülmüşdür. O, həm də YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın dəstəyi ilə Fransada və Belçikada keçirilən «Azərbaycanın xoşməramlı mələkləri» konsert proqramında Dövlət Gənclər Simfonik Orkestrinin solisti kimi uğurla çıxış etmişdir.
   Məktəbin xor kollektivi bu ilin aprel ayında Uşaq xor kollektivlərinin VI Respublika müsabiqəsində fəxri fərmana layiq görülmüşdür.
   Onu da qeyd edim ki, xalq çalğı alətləri üzrə Respublika müsabiqəsinə yüksək səviyyəli şagird hazırlığına görə məktəbimiz Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanını alıb. Məktəbin fortepiano ixtisası üzrə müəllimi Kamilla Əmirova Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən «Ən yaxşı müəllim» adlandırılmış, ona fəxri fərman təqdim olunmuşdur.
   Müxbir: - Mehriban xanım, təklifiniz yoxdur ki?
   - Bir təklifim var. Məktəbin ümumi sahəsi 1500 kv.m olan inzibati binası bu təhsil ocağının 2 illik təhsil ocağına çevrilməsinə imkan yaradır. Düşünəm ki, 11 illik təhsil bazası üçün bizim potensial gücümüz vardır.
   Validə İsgəndərova: - Təhsilin keyfiyyəti ən əvvəl müəllimdən asılıdır. Gərək uşaqların musiqi, yaradıcılıq təhsili ilə məşğul olan müəllim pedaqoji və psixoloji amilləri, fərdi yanaşma prinsiplərini yaxşı bilsin, uşaqların ürəyini oxumağı bacarsın. Tərif kimi qəbul etməyin, qeyd etməliyəm ki, bizim məktəbdə belə işgüzar müəllimlər çoxdur. Məhz onların səyi ilə uşaqların təhsilində, tərbiyəsində müvəffəqiyyətlər qazanırıq. Uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin IV Respublika müsabiqəsində uğurlu çıxışına görə məktəbimizin müəllimi Məlahət Məmmədova fəxri fərmana layiq görülmüşdür. Fortepianoda müşayiət ifaçılığına baxışa yüksək səviyyədə şagirdlər hazırladığına görə müəllimimiz Elmira Balayeva Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanını almışdır.
   Bizdə gənc müəllimlərin peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə onları təcrübəli müəllimlərin hamiliyinə veririk. Bu təcrübə müsbət nəticə verir.
   Müəllimlərimizin gərgin səyi şagirdlərin musiqi təhsilinin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir. Bizdə də istedadlı uşaqlar çoxdur. Gənc pianoçuların respublika müsabiqəsində çıxış edən VI sinif şagirdi Tofiq Şəkinski, III sinif şagirdi İnarə - Sermin Əsədova diplomlarla təltif olunmuşlar.
   Bir məsələni də deyim. Məktəbimizdə görkəmli sənətkarlarla tez-tez görüşlər keçirilir. Bu da böyük marağa səbəb olur, təhsilin keyfiyyətinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edir. Bu il may ayında SSRİ xalq artisti, respublikanın xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovla görüş böyük maraq doğurdu. Həmin görüşdə bəstəkarın əsərləri müəllimlər və şagirdlər tərəfindən ifa olundu. Görüş böyük sənətkara, müəllim və şagird kollektivinə xoş əhval-ruhiyyə bağışladı. Tanınmış sənətkarlar Fərhad Bədəlbəyli, Əziz Əzizli, Tofiq Bakıxanov, Süleyman Ələsgərov, Azər Dadaşov və başqaları ilə təşkil olunan görüşlər böyük maraq doğurmuşdur.
   Müxbir: - Validə xanım, bir təcrübəli pedaqoq kimi uşaq musiqi və incəsənət məktəblərində təhsilin səviyyəsini daha da yüksəltmək, dünya standartları səviyyəsinə çatmaq üçün hansı təklifləriniz var?
   - Təkliflərim çoxdur. Əvvəla, Bakı Musiqi Akademiyasının, Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecinin və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin professor və müəllimlərinin açıq dərslərinin videoyazılarını musiqi məktəblərində nümayiş etdirmək ümumi işimizə fayda verə bilər. Müəllimlərin ixtisaslarının ildən-ilə təkmilləşdirilməsi, onların İnternet vasitəsilə qabaqcıl metodlara yiyələnmələri, ustad dərslərinin keçirilməsi vacibdir.
   Keyfiyyətli not ədəbiyyatının nəşri, uşaqların bədii-intellektual səviyyəsinin, bədii nitqinin yüksəldilməsi, klassik musiqiyə geniş yer verilməsi, telekanallarda uşaqların tez-tez çıxışlarının təşkili ön plana çəkilməlidir.
   
   Sözardı: «Dəyirmi masa» iştirakçılarının ümumi fikrinə görə, musiqi və incəsənət məktəblərində tədris olunan hər bir fənn ixtisas fənni qədər əhəmiyyət daşıyır, burada birinci və ikinci dərəcəli fənn ola bilməz. Məşğələlər zamanı şagirdlərə sərbəstlik verilməlidir. Uşaqlar ifa etdikləri əsərləri özləri duyduqları, hiss etdikləri kimi, başqa sözlə, öz dəsti-xətləri ilə təqdim etməlidirlər.
   Müəllim uşaqlara müəlliflərin əsərlərinin mahiyyəti, texniki və musiqi üsulları barədə düzgün izahat verməlidir. «Musiqi fonetikası» otağının yaradılması vacibdir.
   Maraqlı bir cəhət də vurğulandı. Musiqi məktəblərində şagirdlərə bir il «Xalq yaradıcılığı» fənni tədris olunur. Bu isə yetərli deyildir. Yaxşı olar ki, qeyri-milli musiqi alətləri üzrə (fortepiano, skripka, violençel, gitara və s.) təhsil alan şagirdlərə də muğam dərsləri tədris olunsun. Gənc istedadlar gələcəkdə yaradacaqları əsərləri milli musiqimizin bünövrəsi üzərində yaratsınlar.
   
   Söhbəti qələmə aldı:
   Canalı Mirzəliyev

   
   Redaksiyadan:
   Əziz oxucu! İllər uzunu qəzet səhifələrində imzasını gördüyünüz təcrübəli jurnalist, neçə-neçə bədii və sənədli kitabın müəllifi və qəzetimizin əməkdaşı Canalı Mirzəliyevin bu yazısı, çox təəssüf ki, sonuncu oldu. Vaxtsız əcəl onu sıralarımızdan ayırdı. Ancaq bizə təsəlli verən odur ki, Canalı müəllim adı, imzası mətbuat tariximizdə yaşayacaq.