Küləklər, küləklər, ey sərin küləklər,
   Sizdə var qoxusu hər yerin, küləklər!
   
   Qismətə bax. Şeirləri də elə bil ad gününü təbrik etməyə gəlmişdi. 19 iyun 2009-cu il. Yaddaşlardan silinməyəcək növbəti tədbir. Sərin külək əsirdi. Bütün müşfiqsevərlər Cəfər Cabbarlının ev-muzeyində idi. İçəridə o qədər sıcaq, o qədər doğma ab-hava var idi ki...Müşfiq sevgisi hamını bir yerə toplamışdı. Muzeyin elmi işçisi, C.Cabbarlının nəvəsi Qəmər xanım şairin həyat və yaradıcılığı haqda qonaqlara qısaca danışıb, ilk sözü Mikayıl Müşfiq şeirlərinin tətqiqatçısı Gülhüseyn Hüseynoğluya verdi. Gülhüseyn müəllimin çıxışı emosional olduğundan hətta tədbir iştirakçılarını da kövrəltdi : “Əziz müşfiqsevərlər, sizin bu gün Cəfər evində böyük şairimizin işığına yığışmanıza çox sevindim. Mən, adətən, Müşfiqlə bağlı keçirilən bütün tədbirlərdə iştirak edirəm. Bir dəfə belə tədbirlərdən birində idim, məktəblilər onun şeirlərini deyirdi, bir də gördüm ki, yanımdakı adam qoluyla mənə vuraraq “Gözlərinin yaşını sil” deyir. Bilirsiz mən hər dəfə onun şeirlərini oxuyanda hər misranı yenidən kəşf edirəm, misraların arasında gizlənmiş yeni fikri üzə çıxarıram. O, bir dərya idi, oxunduqca oxunurdu. Onu oxuyub kövrəlməmək mümkün deyil. Biz 29 yaşında gənc şairimizi itirmişik. Ədəbiyyatımız böyük itki verib! Onu zaman bir də yetişdirəcəkmi?! Başa düşürsüz, çox əzab çəkirəm, hər dəfə onu xatırlayanda göz yaşlarıma sahib çıxa bilmirəm...”
   Daha sonra söz Əminə Yusifqızına verildi. O, vaxtilə səhnədə oynadığı Müşfiqin anasının rolundan danışaraq şairin “Həyat sevgisi” şeirini söyləyib şairi andı. Tədbirdə bədii qiraət ustası, ADMİU-nun professoru Ənvər müəllim, tanınmış şair Oqtay Rza da tarın sədaları altında Müşfiqin şeirlərindən bir neçəsini söylədilər. Sonra söz Bakı Uşaq Teatrının rejissoru İntiqam Soltanlıya verildi. O, şairin yaradıcılığında uşaqlar üçün xüsusi yer ayırdığından, şeirlərindən, onun poeziyasına olan vurğunluğundan söhbət açdı. Teatrın aktyoru Mehman Dilqəmoğlu da öz növbəsində çıxış edərək Cəfər Cabbarlını da yad etdi. O, məşhur dramaturqun “Ana” şeirini səsləndirib qonaqları bir az da kövrəltdi.
   
   Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
   Çünki onun xilqətində ayrıca bir füsun var.
   
   Gecədə Eyyub Yaqubov Elçin İmanovun şairin sözlərinə bəstələdiyi “Küləklər”, “Ana” və başqa mahnılarını ifa etdi. Oxuduqca da zaldakılar yenidən mahnı istəyirdi. Sonra söz bəstəkar Elçin İmanova verildi: “Müşfiqdə olan Vətən sevgisini başqa şairlərdə duymaq olmur. Başqa şeirlər onun şeirləri qədər ürəyimizi isitmir. Biz həmişə ona müraciət etmişik, edirik, edəcəyik də!”
   Sonda isə Cəfər Cabbarlının qızı Gülarə xanım qonaqlara tədbirə gəldikləri üçün təşəkkür etdi.
   Tədbir artıq bitmişdi. Amma heç kəs yerindən qalxıb Müşfiqi tərk etmək istəmirdi. Qəmər xanım çox gözəl bir söz söylədi : “Əslində Müşfiq bu gün də bizim aramızdadır. Demək olar ki, bu gün elə danışan da o oldu, onun şeirləri oldu”.
   Bəli o, bizim aramızda idi. Axı özü söyləmişdi:
   “İnsanı, zəhməti qiymətləndirən
   Yaxşı adamların sırasındayam”.

   
   Yeganə CANSAİL