Bildiyimiz kimi, bu gündən etibarən ölkəmizdə I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir. Ölkədə kitab-oxucu münasibətlərinə nəzər salmaqla, kitab istehsalçısı ilə istehlakçısı arasındakı əlaqələrin bərpasına, naşirlərin öz işlərini bazar tələbləri - yəni, oxucu sorğuları əsasında qurmalarına istiqamət verəcək tədbir, həm də Azərbaycan kitabının dünya çapında yayılmasına şərait yaratmış olacaq. Bu barədə fikirlərini bizimlə bölüşən M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov tədbirin Azərbaycan həqiqətlərinin nümayiş olunan çap məhsulları vasitəsilə daha geniş auditoriyada yayılacağı qənaətindədir.
  
   Bu kimi tədbirlərin əvvəllər də keçirildiyini deyən kitabxana direktoru sərgi-yarmarkanın özəlliklərindən də danışdı: «Qeyd edim ki, belə bir tədbir Azərbaycanda ilk dəfə olaraq keçirilir. Əslində, biz Mədəniyyət və Turizm Nazirliyilə birgə belə tədbirlərdə mütəmadi olaraq iştirak edirik. Sonra hörmətli nazirimiz Əbülfəs Qarayev belə qərara gəldi ki, biz də belə bir tədbir keçirək. 2 ildən bir keçiriləcək sərgi-yarmarkanın təşkilində əsas məqsəd, sadəcə olaraq, Azərbaycan oxucularını Azərbaycanda nəşr olunan ədəbiyyatla tanış etməklə həm də onların satışına şərait yaratmaqdır. Yəni, kitabı bilavasitə təqdim etməklə, Azərbaycanın nəyə qadir olduğunu dünyaya çatdırmaq, kitab ətrafında xoş bir dünyəvi aura yaratmaq, KİV və elektron nəşrlər vasitəsilə bütün dünyaya yayılacaq bu hadisə Azərbaycan kitabının bütün dünyada təbliğidir. Neçə gündür qəzet və televiziyalarımızda reklam gedir, minlərlə, on minlərlə insan ora gələcək. Və sözsüz ki, bununla da kitaba, kitab oxunmasına maraq artacaqdır. Bilirsiniz, çox təəssüflər olsun ki, Azərbaycanda bu gün kitaba münasibət yaxşı deyil. Kitabın reklamı çox aşağı səviyyədədir. Bəzən görürsən ki, çap olunan kitablardan əhalinin xəbəri yoxdur. Kitab çap edənlər isə onu əhaliyə çatdırmağın yolunu o qədər də yaxşı bilmirlər».
    Bu gün kitab mağazalarının sayının az olmasını problem kimi önə çəkən müsahibim hazırda bu faktorun da kitaba marağın azalmasına təsirsiz ötüşmədiyini deyir: «Məncə, bizim bu tədbirimiz kitabın tanınmasına və bu xüsusda kitab satışı şəbəkəsinin genişlənməsinə də öz töhfəsini verəcək. Çünki tədbirdə Azərbaycanda fəaliyyət göstərən nəşriyyatlarla yanaşı, xarici ölkənin nəşriyyat və kitabxanaları da iştirak edirlər. Onu da deyim ki, bu kitabxanaların hamısı bizim qarşılıqlı əlaqə qurduğumuz kitabxanalardır. Bu sırada Slovakiya, Xorvatiya, Latviya, Litva, Gürcüstan, Qırğızıstan milli kitabxanalarının adını çəkmək olar».
   Dövlət və özəl nəşriyyatların istehsal etdiyi çap məhsullarının yayılacağı sərgi-yarmarkada ölkə başçısının sərəncamı ilə latın qrafikası ilə nəşr olunan 400-dən artıq, bundan başqa Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti ilə çap olunan yeni kitablar ayrıca nümayiş olunacaq. Sərgidə «Yaddan çıxmaz Qarabağ» adlı ayrıca başlıq altında ölkədə və dünyada çap olunan bu mövzulu kitablar da nümayiş etdiriləcək.
   Müsahibim sərginin nəşriyyat işi, kitab satışı və təbliği sahəsindəki çatışmazlıqların üzə çıxarılması və aradan qaldırılmasına kömək edəcəyini də dedi: «Bu gün geniş oxucu kütləsi öz tələbatına uyğun kitabı tapa bilmir, nəşriyyat isə çap etdiyi kitabı sata bilmir. Deməli, oxucu-naşir arasında əlaqə qırılıb. Hesab edirəm ki, kitabla onun istehsalçısı və oxucusunun bir araya gəldiyi kitab şölənində bu körpü də bərpa olunacaq».
   Kərim müəllim söhbət əsnasında yeni çap olunan kitabların kitabxanalara gəlib çıxmasındakı problemlərə də toxundu. Kitabxana direktoru nəşriyyat nümayəndələrinin çap etdikləri nümunələri baş kitabxanaya gətirməkdə maraqlı olmadıqlarını, bu işin çox vaxt müəlliflərin istəyindən asılı olduğunu dedi: «Konstitusiyamızın 15- ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün dövlət və özəl nəşriyyatları, poliqrafiya müəssisələri, hətta fiziki və hüquqi şəxslər çap etdirdikləri hər bir poliqrafiya nümunəsindən 4 nüsxə Milli Kitabxanaya verməlidir. Təəssüflər olsun ki, bu gün o qanun icra olunmur. Bunu icra edən yalnız dövlət nəşriyyatlarıdır. Qeyd edim ki, yeni kitabları bizə nəşriyyatlar yox, daha çox, onların müəllifləri gətirir. Müəlliflərin aktivliyi olmasa, nəşriyyatların passivliyi bizə baha başa gələr. Bir neçə dövlət nəşriyyatını çıxmaqla, heç bir nəşriyyat öz xoşuyla kitab gətirib vermir. Deməli, onlar kitablarının təqdimatınqa maraqlı deyillər. Ona görə də biz Milli Məclisin Mədəniyyət məsələləri üzrə Daimi Komissiyası ilə birgə bu qanunun daha da sərtləşməsinə nail olmaq istəyirik. Belə ki, kitabların fonda daxil edilməsi ilə bağlı hər hansı pozuntuya qarşı məcburiyyət və ciddi sanksiyalar nəzərdə tutulacaq. Çünki bu, ümumxalq işidir, hamının vəzifəsidir. Ölkənin mənəvi dəyərlərinin mühafizə olunub gələcək nəsillərə çatdırılması üçün kitabxanaların rolu ölçüyəgəlməzdir. Odur ki, hərə öz səlahiyyəti çərçivəsində bu işdə fəal iştirak etməlidir. Onların vəzifəsi kitabı gətirib bizə vermək, bizimki isə mühafizə etməkdir. Söhbət bundan gedir. Amma eləmirlər, artıq biz məcburi sanksiyalardan istifadə etməyi düşünürük».
   Hazırda 4 milyon 583 min kitab fondu olan Milli Kitabxanaya təkcə ötən il 25 mindən artıq yeni kitab daxil edilmişdir. Kitabxana direktoru bu sayın ildən-ilə artığını da dilə gətirdi: «Çox vaxt oxucuların say azlığından şikayət edirlər. Amma mən deməzdim ki, kitaba maraq azalır. Maraq var, sadəcə bu gün oxucu istədiyi kitabı, kitab isə öz oxucusunu tapmır. Mən yenə deyirəm, bu gün oxucu problemi yoxdur. Oxucuya verilən kitabın problemi var. Bizim kitabxananın oxucusu niyə gündən- günə artır? Çünki bizdə yeni nəşrlər var».
   Texnogen eranın üstünlüklərinin kitabxanalarda da tətbiqinin oxuculara böyük imkanlar aşıladığını diqqətə çatdıran müsahibim hazırda virtual oxucularının sayının ənənəvi oxucuları üstələdiyini deyir: «Ənənəvi oxucularımızın sayı 30- 40 min olduğu halda, virtual istifadəçilərimizin say göstəricisi 80 mini keçib. İnternet saytımızdan istifadəçilər isə artıq 100 mindən çoxdur. Elektron kataloqumuzun köməyilə biz oxucularımızın sayını bilirik. Onlar potensial oxucudu, amma ənənəvi deyil. KİV-dən gündəlik istifadə edən oxucularımızın da tələblərini nəzərə alaraq, saytda qəzet və jurnalların da açılmasını təmin edirik. Bu gün kitabxana işi sahəsində əsas məqsəd zaman və məkan problemini aradan qaldırmaqdır. Odur ki, prezidentimizin sərəncamı ilə gələn ilin yanvarından kitabxanamızda əsaslı yenidənqurma işləri gedəcək, ən son texnika tətbiq olunacaq. Azərbaycan oxucusunun kitabxanamızın yüksək səviyyəli xidmətlə yararlanmasına şərait yaradacaq bu layihə istifadəçilərimizin sayının artmasına da gətirib çıxaracaq».
   Mili Kitabxananın hazırda dünyanın 17 Milli Kitabxanası ilə müqaviləsi olduğunu diqqətə çatdıran K.Tahirov, 60- dan artıq ölkə ilə əməkdaşlıq etdiklərini və kitabxana sahəsi ilə bağlı beynəlxalq təşkilatlara üzv olduqlarını xatırlatdı: «Avrasiya Kitabxanalar Assambleyasının, Avropa Milli Kitabxanalar Konfransı Təşkilatının, İslam Ölkələri Milli Kitabxanalar Şurasının üzvüyük. Son 1 ildə həmin təşkilatlardan 3-nün toplantısı bizdə keçirilib. İsveç Milli Kitabxanası ilə də razılaşmamız var. Bir müddət öncə Suriya, İran, Misir, Rusiya, Slovakiya, Belarus milli kitabxanaları ilə müqavilələr bağlamışıq».
  
   Söhbətləşdi: Həmidə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar