Bəstəkarlar İttifaqının 75 illiyinə həsr edilmiş musiqi festivalı bir sıra maraqlı tədbirlərlə yadda qaldı. Onların sırasında «Azərbaycan bəstəkarlıq məktəbi: axtarışlar və perspektivlər» beynəlxalq konfrans xüsusi qeyd olunmalıdır. Bəstəkarlar İttifaqının üzvlərinin, musiqi ocaqlarının təmsilçilərinin və ümumən musiqişünasların, iştirak etdiyi bu konfransda musiqimizin inkişaf perspektivləri ilə bağlı yeddi məruzə dinlənilmişdir. Məruzələrdə musiqinin müxtəlif sahələri əhatə olunmaqla, ötən 75 ildə əldə edilən nailiyyətlərə nəzər salınmış, musiqimizin qarşısında duran vəzifələrdən danışılmışdır.
Tədbirdə Bəstəkarlar İttifaqının İdarə Heyətinin sədri, xalq artisti F. Əlizadə konfrans iştirakçılarını salamlamış, onlara uğurlar arzulamışdır.
Musiqişünaslardan Z.Dadaşzadə «Azərbaycan musiqisində avanqard texnologiyalarının tətbiqinə dair», C.Səlimxanov «Yerli «yeni musiqi» və yaxud paralel «avanqard» (1970-1990-cı illər Azərbayjan musiqisinin tədqiqat çərçivəsinin müəyyən edilməsinə dair)», S. Fərhadova «Musiqi - elm və incəsənət kimi», R.Abbasova «Müasir Azərbaycan operasının bəzi problemlərinə dair», K.Dadaşzadə «Azərbaycan musiqi eposşünaslığının problemləri müasir elmi paradiqmalar kontekstində», C.Mahmudova «Azərbaycan mahnısı: dünəni və bu günü» və T. Məmmədəliyeva «Azərbaycan caz sənəti postsovet məkanında (başlıca aspektlər və üslub təmayülləri)» mövzularında dolğun məruzələr ilə çıxış etmişlər.
Z. Dadaşzadə öz çıxışında qeyd etdi ki, Azərbaycanda avanqardizm dahi bəstəkar Qara Qarayevlə başlamış, yeni nəsil bəstəkarlar isə onun yolunu davam etdirmişlər. C.Səlimxanov 1970-1990-cu illərə bir ekskurs edərək müasir dövrdə ölkəmizin qazandığı müstəqillik nəticəsində bəstəkarlarımızın bütün dünya musiqisi ilə yaxından tanış olmalarını alqışladı. S. Fərhadova musiqinin elm və incəsənət kontekstində yeri və rolunun dərk olunmasına dair müfəssəl məlumat verdi. R. Abbasova müasir dövrdə səhnəyə qoyulan opera əsərlərinin səhnə quruluşu, librettolarda aparılan dəyişikliklərlə bağı fikirləri ilə bölüşdü. K. Dadaşzadə semiotika və digər müasir elmi cərəyanlar kontekstində musiqi eposunun öyrənilməsi perspektivlərinə toxundu. C. Mahmudova Azərbaycan klassik mahnı ənənələrinin son dövrlərdə layiqincə inkişaf etdirilməsində yaranmış problemlər üzərində dayandı. T. Məmmədəliyeva Azərbaycan caz sənətinin hal-hazırda gənc musiqiçilər tərəfindən yüksək səviyyədə davam etdirilməsini ön plana çəkdi.
Məruzələr təkcə azərbaycanlı musiqi tədqiqatçıları tərəfindən deyil, festivalın işində iştirak edən Rusiya və Tacikistandan olan qonaqların da böyük marağına səbəb oldu. Xüsusilə ilk məruzə ətrafında yaranmış diskussiyalarda rusiyalı bəstəkar A. Çaykovski və musiqişünas V. Meduşevski yaxından iştirak edərək, öz dəyərli fikirlərini bölüşdüşlər.
Ceyran Mahmudova,
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq namizədi