Dekabrın 16-da Muzey Mərkəzində C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin 75 illik yubileyi qeyd olunub. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Teatr Muzeyinin tarixinə nəzər salıb: “Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü ildə yaradılıb. Şərqdə və Cənubi Qafqazda öz profilinə görə yeganə olan bu muzeyin yaradılmasında Bakı Teatr Texnikumunun direktor müavini, Bakı Türk İşçi Teatrının əməkdaşı, teatr xadimi Ağakərim Şərifovun böyük xidmətləri olub. O, 1920-ci ildən başlayaraq teatr tarixinə dair materialları toplamağa başlayıb, 1926-cı ildə Teatr Texnikumunun məzunları ilə Moskvada olarkən oradakı Teatr Muzeyinin direktoru Baxruşinlə görüşüb, ondan bu sahədə bir sıra məsləhətlər alıb. Bakıda Teatr Muzeyi yaratmaqla bağlı göstərdiyi təşəbbüsdə Azərbaycanın görkəmli ziyalıları və teatr korifeyləri ona böyük dəstək olublar. Bu xüsusda Əziz Şərifin, Cəfər Cabbarlının, Əzim Əzimzadənin, Sidqi Ruhullanın və başqalarının adlarını qürurla çəkmək olar. Beləliklə, 1927-ci ilin noyabrında keçmiş Tağıyev teatrının binasında yerləşən dram teatrının foyesində muzeyin Sidqi Ruhullanın şəxsi arxivindən ibarət ilk sərgisi açılır. 1928-ci ildən 1934-cü ilə qədər teatr şöbəsi kimi fəaliyyət göstərən muzey 1934-cü ildə dövlət muzeyi statusu alır və noyabrın 25-də Azərbaycan Dövlət Teatr Muzeyinin açılışı olur. 1935-ci ildə muzeyə Cəfər Cabbarlının adı verilir. O vaxtlar Sovet totalitarizm rejimi çərçivəsində formalaşan teatr incəsənəti böyük təzyiqlər və ideoloji təsirlər altında yaşayırdı. Artıq o dövrdə teatrın çox böyük bir tarixi var idi və onun saxlanılması, növbəti nəsillərə təqdim olunması böyük bir vəzifə idi”. Nazir Teatr Muzeyinin ekspozisiyasının yenilənməsi və genişlənməsi ilə bağlı müvafiq qərarlar verdiyini bildirib:”Teatr Muzeyinin ekspozisiyasının yenidən hazırlanması çox vacib məsələdir. Teatr Muzeyinin ekspozisiya fondu zənginləşdirilməlidir. Mən bununla bağlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına göstəriş vermişəm ki, Teatr Muzeyi ilə birgə bu işi həyata keçirsinlər. Çox təəssüflü haldır ki, bu gün Teatr Muzeyinin ekspozisiyasında yenilənmə aparılmır və yeni tamaşalardan fotolar belə qoyulmayıb. Şəhər və region mədəniyyət idarələri, teatrları da bu işə qatılmalı və hazırlanan tamaşalardan şəkilləri muzeyə təqdim etməlidirlər. Teatrdakı ekspozisiya tək arxivdə saxlanılmalı deyil, eyni zamanda yüksək səviyyədə nümayiş etdirilməlidir”. Daha sonra çıxış edən muzeyin direktoru Nuridə Nurullayeva muzeyin əsas fondunda 135 mindən artıq eksponat toplandığını qeyd edib. Muzeydə sənətkarlarımızın 700-ə yaxın şəxsi arxivi, müxtəlif tamaşaların proqram və afişaları, əlyazmalar, ayrı-ayrı tamaşalardan çəkilmiş foto və neqativlər, xatirə əşyalar, rejissor ekspliksiyaları, rol dəftərləri, geyim eskizləri, maketlər, kostyumlar, rekvizitlər qorunur və nümayiş etdirilir.
“Musiqi dünyası” jurnalının baş redaktoru, əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədov muzeyin saytı (www. jabbarli.ste.az) haqqında məlumat verib.
Tədbirdə Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemət, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, professor Rafael Hüseynov, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov, Dövlət Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, Bakı Bələdiyyə Teatrının rəhbəri, xalq artisti Amaliya Pənahova kollektivi təbrik etmiş, xoş arzularını bildirmişlər. Yubiley tədbiri ədəbi-musiqili proqramla davam etdirilib.