II Beynəlxalq Nəsimi Elmi Konfransı nəsimişünaslığa yeni töhfələr verdi
   
   Mədəniyyət və Turizm Nazirliyi və AMEA-nın birgə dəstəyi ilə Bakıda Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş II Beynəlxalq Nəsimi Elmi Konfransı keçirilmişdir. Üç gün davam edən beynəlxalq elmi konfransda Suriya və Azərbaycanın nəsimişünas alimlərinin elmi məruzələri dinlənilmişdir. Konfransın işini bütövlükdə nəsimişünaslıq üçün töhfə adlandırmaq olar. Belə ki, elmi konfransda Nəsiminin həyat və yaradıcılığı ilə bağlı bu günə qədər nəsimişünaslığa məlum olmayan yeniliklər səsləndirilmişdir. Beynəlxalq elmi konfransın getdiyi günlərdə əməkdaşımız tanınmış nəsimişünas alimlər AMEA-nın müxbir üzvü, filologiya elmləri doktorları, professorlar Əliyar Səfərli, Rafael Hüseynov və gənc nəsimişünas, filologiya elmləri namizədi Səadət Şıxıyeva ilə görüşmüş, onların fikirlərini qələmə almışdır.
   
   - Əliyar müəllim, XIV əsrdə yaşayıb-yaratmış Nəsiminin dünyaya göz açdığı məkan haqqında hələ də mübahisələrə son qoyulmayıb. Bu barədə yekdil fikrə gəlmək nədən mümkün deyil?
   - Çox təəssüflər olsun ki, bu günə qədər Nəsiminin elmi tərcümeyi-halı yaradılmayıb. Bu barədə monoqrafiya və məqalələr yazılıb. Ancaq bunlar qənaətbəxş deyil. Birincisi onu deyim ki, Nəsiminin dünyaya gəldiyi məkan bəlli deyil. Şairin türk və fars divanlarında anadan olduğu məkan haqqında heç bir işarəyə rast gəlinmir. Həmçinin Nəsimi ilə bağlı orta əsr mənbələrində - təzkirələrdə, xronikalarda, cünglərdə, tarixi əsərlərdə anadan olduğu yer barədə heç bir məlumata rast gəlinmir. Bütün bunlarla yanaşı, bəzi qaynaqlarda bir neçə fərziyyə irəli sürülür. Ərəb tarixçiləri yazırlar ki, Nəsimi Təbriz şəhərində anadan olmuşdur. Türk mənbələrində Nəsiminin Diyarbəkirdə, Nisibində və b. yerlərdə dünyaya göz açdığı qeyd olunur. XIV əsrdə yaşamış təzkirəçi Qəstomonlu Lətifi yazır: «Nəsimi Bağdadın Nəsimi qəsəbəsində anadan olub. Nisbəsi, təxəllüsü də elə anadan olduğu yerlə bağlıdır». Bütün bunlar elə fərziyyə və ehtimal olaraq qalır.
   - Nəsiminin Şirvanda - Şamaxıda doğulması fikrinə də rast gəlirik.
   - Mən güman edirəm ki, Nəsimi daha çox təbrizlidir. Mən o qənaətdəyəm ki, Nəsimi müəllimi - mürşidi Fəzlullah Nəimi ilə Təbrizdən çıxıb Şirvana gəlmişdir. Məqsədləri hürufilik ideallarını yaymaq olub. Nəsiminin dili, üslubu, deyim tərzi Təbriz ləhcəsinə daha çox yaxındır. Tədqiqatçıların böyük əksəriyyəti Nəsiminin Təbrizdə anadan olmasını təsdiqləyirlər.
   Ötən əsrin 20-ci illərində əzabkeş tədqiqatçı Salman Mümtaz yazır ki, Nəsiminin Şaxəndan adlı qardaşı olmuşdur. Qardaşı Nəsimiyə yazıb ki, ilahi sirləri geniş şəkildə açıb-bildirmə, bunları açıb-ağartmaq qorxuludur. Salman Mümtaz onu da göstərir ki, Şamaxıdakı məşhur qəbiristanlıq Şaxəndanın adı ilə bağlıdır. Elə bunun əsasında da görkəmli tədqiqatçı Nəsiminin Şamaxıda dünyaya gəldiyini yazmışdır. Nəsiminin Şamaxıda anadan olmasını tarixi mənbələr təsdiqləmir. Yuxarıda dediyim kimi, şairin Təbrizdə anadan olduğunu bir çox mənbələr özündə qoruyub saxlayır.
   - Nəsimi fars və ərəb dillərində də yazıb-yaratmışdır. Bu səbəbdən onun milli mənsubiyyətinə iddia olunmur?
   - Nəsimi Azərbaycan türküdür. Onun milliyyəti barədə heç bir mübahisəli fikir yoxdur. Nəsimi Güney və Quzey Azərbaycanın ərazilərində daha çox gəzib-dolaşmışdır. Nəsimi laməkan olmuş, bir yerdə qərar tutmamış, dərvişanə bir ömür sürmüşdür. Belə bir həyat tərzi də onun dünyagörüşü ilə bağlı idi. Nəsimi müxtəlif ünvanlara, məkanlara üz tutaraq hürufiliyi yayır, hürufi fəlsəfəsini və nəğmələrini şərh edirdi. Belə bir ömür sürmüş şəxsin hansı ünvanda anadan olmasını və həyat sürməsini konkret demək çətindir.
   - Bəs Hələbə niyə gedib çıxmışdı?
   - Çox güman ki, Nəsimi Azərbaycanın, Anadolunun müxtəlif yerlərində ciddi təqiblərə məruz qalmış, həyatına təhlükə hiss edən şair Azərbaycan və Türkiyə sərhədlərindən uzaqlaşmışdır. Onun Hələbə üz tutmasını bir ehtimalla da bağlaya bilərik. Şair Hələbə qohum-əqrəbasının yanına getmiş, həyatını xilas etmək və ideyalarını yaymaq naminə geyimini dəyişmiş, çalışmışdır ki, onu heç kəs tanımasın. Onun tez-tez yaşayış yerini dəyişməsi də elə bununla bağlı idi. Nəsimi bütün ömrü boyu təqiblərə məruz qalmışdır.
   - Sovet tədqiqatçıları Nəsimini İslam dininə qarşı çıxan bir şair kimi təqdim edirdilər. Bu, həqiqətənmi belədir?
   - Nəsimi Allah-İnsan birliyini-vəhdətini irəli sürmüşdür. Bu ideya təkcə XIV əsr üçün deyil, yaşadığımız XXI əsrin özündə belə möcüzə sayılmalıdır. XIV əsrin İslam dünyası üçün isə, sözün həqiqi mənasında, bir inqilab idi. Ağılda, idrakda, təfəkkürdə görünməmiş bir inqilab. Bu günün özündə belə Nəsiminin böyüklüyü, fəlsəfi vüsəti, fikir genişliyi lazımi səviyyədə öyrənilməyib. Konfransda çıxışımda da bildirdim ki, AMEA-nın institutllarında, həmçinin universitetlərdə gənc nəsimişünas alimlər yox dərəcəsindədir. Mütəfəkkir şairin yaradıcılığı ilə bağlı xüsusi tədqiqat mövzuları verilmir. Çünki heç kəs böyük zəhmət tələb edən dərin araşdırmalara qatlaşmaq istəmir. Bu gün daha çox müasir ədəbiyyatla bağlı sadə mövzularda dissertasiyalar yazılır. Mən bu barədə EA-nın müvafiq institutlarında keçirilmiş yığıncaqlarda çıxış edərək bildirmişəm ki, nəyə görə XX əsrə qədərki dövrlər lazımi səviyyədə tədqiq olunmur.
   - Müasir nəsimişünaslardan kimlərin adlarını çəkə bilərsiniz?
   - İki nəfərin adını çəkə bilərəm: Səadət Şıxıyeva və Rəhim Əliyev. Çox təəssüf ki, nəsimişünas yetişdirmirik. Bu boşluq sabah daha çox hiss olunacaq. Elmi konfransın tribunasından da bildirdim ki, bu günə qədər Nəsiminin əsərlərinin elmi-tənqidi mətni hazırlanmayıb. Düzdür, 1973-cü ildə şairin əsərlərinin 3 cildlik tənqidi mətni nəşr olunub. Ancaq nəşr saysız-hesabsız nöqsanlarla doludur.
   - Bu qüsur və çatışmazlıqlar nədən irəli gəlir?
   - Təşkilati işlərə lazımi səviyyədə diqqət yetirməməyimizdən. EA-nın Ədəbiyyat İnstitutunun nəzdində Azərbaycanın mütəfəkkir şəxsiyyətlərinin həyat və yaradıcılığını tədqiq edən xüsusi şöbələr fəaliyyət göstərməlidir. Bir vaxtlar nizamişünaslıq şöbəsi fəaliyyət göstərirdi, onu da sonradan ləğv etdilər.
   - İslam dini və hürufilik. Bu barədə danışmağınız maraqlı olardı. Müasir dövrümüzdə İslam dininin elmi dərki üçün hürufiliyin rolu, əhəmiyyəti varmı?
   - Etiraf edək ki, İslam dini adı altında insanların ağlı, zəkası, dünyagörüşü alt-üst edilir, korlanır. İslam pərdəsi arxasında fanatizm, xurafat və cəhalət yayılır. Hürufilik insan şəxsiyyətinin azadlığına xüsusi qiymət, ağıla, idraka daha çox önəm verirdi. Hürufilər insanı Allahlaşdırır və Allahı insanlaşdırır. İnsanı uca tutur, insanı Allah səviyyəsinə qaldırır. Bununla da Allahla İnsanın vəhdətini irəli sürür. Hürufilər insanla Allahın qovuşmasını özlərinin idealı elan etmişdilər. İnsan azadlığını, onun mənəvi sərbəstliyini, fikir hürriyyətini, ideya saflığını hər şeydən uca tuturdular. Nəsimi əsərlərində iki cür insandan söhbət açır: bir vəhit, yəni Allahla qovuşan insan, bir də şeytan - İblis səviyyəsində olan insanlar. Böyük mütəfəkkir insanlara fərq qoyub. Şairin nəzərində Allahla qovuşan insan mələkdir.
   Şərin, şeytanın tərəfdarlarını şair alqışlamayıb. Nəsimiyə görə, nəfsin qulu olanlar müqəddəs insan deyillər. Nəsimiyə görə, insan qəlbində Allah eşqini gəzdirməlidir. Qəlbində Allah eşqi olan insanın əxlaqı saf, əqidəsi təmiz olur.
   Hürufilər dünyada yeni bir dinin yaranması ideyasını irəli sürürdülər. Onların düşüncəsinə görə, dinlərin çoxluğu insanların parçalanmasına, müharibələrin yaranmasına səbəb olur. Hürufilər vahid din altında bütün bəşəriyyəti birləşdirmək niyyətində idilər. Onlar vahid din dedikdə yalnız hürufiliyi nəzərdə tutmurdular. Hürufilər mövcud dinlərdəki bütün mütərəqqi fikir və əməlləri birləşdirməklə, vahid din yaratmaqla bəşəriyyəti birləşdirmək istəyirdilər. Belə güman edirdilər ki, bununla da ayrı-seçkiliyə məruz qalmış xalqlar, millətlər bir din altında birləşmiş olacaqlar.
   - Səadət xanım, Nəsimi tarixi şəxsiyyət olsa da, bu və ya digər səbəbdən onun həyatı əfsanələrə bələnib. Bu nədən irəli gəlir, şairə xalq sevgisindən, yoxsa...
   - Orta əsr qaynaqlarında Nəsiminin həyatına dair elmi məlumatlar azdır. Elə bu səbəbdən Nəsimi haqqında yaradılmış rəvayətlər rəsmi tarixi məlumatları üstələyir. Şairin elmi tərcümeyi-halının yazılması nəsimişünaslığın qarşısında hələ də problem olaraq qalır. Bu qaranlıqları qatılaşdıran cəhətlər təkcə mütəfəkkir şairin bioqrafiyasına aid məlumatların azlığı ilə deyil, həm də onun faciəli ölümündən sonra şəhid və övliya olaraq qəbul edilməsi ilə əlaqədar yaradılmış çoxsaylı rəvayətlərlə bağlıdır. Hürufiliyin təməlini Nəimi qoysa da, Nəsimi öz istedadına görə daha çox parladı və məşhurlaşdı. Ölümündən sonra böyük şair ərənlik və şəhidlik zirvəsinin fatehi, övliyalıq məqabının sahibi oldu. Mənəvi davamçıları şairin qeyb olunduğuna, nə vaxtsa qayıdacağına inanırdılar.
   - Nəsimi haqqında xalq arasında yaradılmış əfsanələr orta əsrlərdə qələmə alınmışdır?
   - Nəsimi haqqında yaradılmış rəvayətlər orta əsrlərdə müxtəlif təzkirəçilər tərəfindən qələmə alınıb. Böyük şairin ömür-gün yolu barədə mənaqibnamələr də yaradılıb. Bir qayda olaraq, mənaqibnamələr təriqət mürşidləri, təriqət ocaqlarının sahibləri haqqında yaradılıb. XVII əsrin sonu XVIII əsrin birinci yarısında yaşamış türkmən şairi Nurmuxammet Əndəlib «Risaleyi-Nəsimi» adlı məsnəvisini qələmə almışdır. Həmin məsnəvinin əvvəlində verilmiş qeydlərdən aydın olur ki, qələmə alınmış əhvalat ərəb dilində mövcud imiş, o sadəcə nəzmə çəkilib. Bunu onun etirafı təsdiqləyir: «Ərəbcə idi, türk dilinə çevirdim». Bu qısa qeyddən çıxış edərək deyə bilərik ki, Nəsimi barədə ərəb dilində də rəvayətlər mövcud olub. Söhbətgedən risalədə Nəsiminin hələ kiçik yaşlarında göstərdiyi kəramətlərdə vəlilik məqamının sahibi, Tanrının seçilmiş bəndələrindən olmasından danışılır. Həmin risalədə Nəsimi mifikləşdirilir. Əndəlibin məsnəvisində Nəsiminin, Həllac Mənsurun külündən yarandığı da yazılıb.
   - Nəsiminin son aqibəti - ölümü barədə də müxtəlif fikirlər söylənilir, əfsanələr danışılır...
   - Bir sıra qaynaqlarda Nəsiminin faciəli sonluğunu öncədən gördüyü qeyd olunur. Qastomonlu Lətifinin təzkirəsində Sultan Şüca Dədə təkyəsində qonaq olan Nəsiminin önünə təkyədarın ülgüc qoyması və Fəzlullahın Hələb şəhərindən çəkinmə ilə bağlı xəbərdarlığı bu qəbildəndir.
   Lətifi təzkirəsində Nəsiminin aşiqi-vasil məqamı və bu yolla ilahi həqiqətlərdən xəbərdar olmasından söhbət açır.
   Nəsiminin faciəli həyat sonluğu bir çox rəvayət və əsərlərin mövzusuna çevrilib. Nəsiminin diri-diri dərisinin soyulması, əzablı, işgəncəli ölümü, edam kürsüsündə belə sınmaması dillərdə dastan olmuşdur. Bu məqamda onu da qeyd edim ki, şairin diri-diri dərisinin soyulması tarixi qaynaqlarda təsdiqini tapmır. Misir sultanı Şeyx əl-Müəyyidin Zülqədir bəyləri ilə birləşməklə sultana qarşı çıxmaqda ittiham etdiyi Nəsiminin barəsində verdiyi edam hökmündə deyilir: «Nəsimi öldürülüb dərisi soyulsun və yeddi gün Hələbdə car çəkilib əyan edilsin, sonra da cəsədi parça-parça edilsin». Bir qismi Əli bəy Zülqədirə və onun qardaşı Nəsrəddinə göndərilsin. Belə ki, Nəsimi onların da inamlarını pozmuşdu... Nəsimini belə də etdilər». Bu fakt məşhur Azərbaycan tarixçisi Ziya Bünyadovun əsərindəndir. Ziya Bünyadov da ərəb tarixçiləri İbn Həcər Əsqəlani və Şəmsəddin Səxaviyə istinad edərək yazır: «Bu mötəbər məxəzlərdən gətirilən məlumat göstərir ki, Nəsiminin diri-diri dərisinin soyulması, sonralar xalq tərəfindən yaranmış bir əfsanədir və geniş kütlənin ona olan hüsn-rəğbətinin ifadəsidir. Bu əfsanəyə isbat edilmiş bir elmi məlumat və ya tarixi bir fakt kimi baxmaq yanlışdır».
   Bu tarixi fakt təsdiqləyir ki, Nəsiminin edamı barədə verilmiş hökm din xadimlərinin adi bir fitvası olmayıb. Əksinə, dövrünün səlahiyyət və rəyasət sahibləri tərəfindən imzalanmış siyasi bir fərmandır.
   Böyük şairin ölümü ilə bağlı rəvayətlərin biri daha heyrətamizdir. Belə deyilir ki, Nəsimi öldükdən sonra dərisini çiyninə ataraq Hələbin 12 qapısından çıxır. Bu məqamda qeyd edək ki, şairin edamından sonra Hələbin 12 qapısından eyni vaxtda görünməsi vəlilərə xas kəramətlərdəndir. Yeri gəlmişkən, deyək ki, qiyafət dəyişmə fövqəlqüvvə sahiblərinə xas keyfiyyətlərdəndir. Nəsiminin də dərisinin soyulması əlçatmaz və çeşidli xəyallara yön almış, onun cismani varlığından azad olmasını simvollaşdırmışdır. Nəticə olaraq deyə bilərik ki, mənsəb sahiblərindən fərqli olaraq xalq Nəsimini sevmiş, ona dərin hüsn-rəğbət bəsləmiş və zaman-zaman onu məhəbbətlə yad etmişdir. Böyük ideallar şairinin ölümünə fərman verənlər isə tarixin bütün dönəmlərində lənətlənmişlər.
      AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov Nəsimi barədə söhbətinə 1970-ci illərdən başladı. «Tam cəsarətlə deyə bilərik ki, Nəsiminin Azərbaycan mühitində yenidən tanıdılmasında ümummilli liderimiz H.Əliyevin müstəsna xidmətləri olmuşdur. Belə ki, H.Əliyevin ciddi səyləri nəticəsində Nəsiminin 1973-cü ildə 600 illik yubileyi son dərəcə möhtəşəm bir şəkildə keçirilmişdir.
   Həmin illərdə Nəsiminin Azərbaycan xalqına yenidən və bütöv qayıdışı istiqamətində böyük işlər görüldü. Nəsimi haqqında çox gözəl bir film yarandı. Bədii filmlərin tarixi hadisə və şəxsiyyətlərin geniş ictimaiyyətə çatdırılmasında çox böyük rolu var. Monoqrafiya və elmi məqalələr tarixi şəxsiyyətləri xalqa, geniş kütləyə olsa-olsa dar bir çərçivədə çatdıra bilər. Çünki monoqrafiya və elmi məqalələri hər kəs oxumur və hər kəs də oxumaq imkanına malik olmur. Monoqrafiya və elmi məqaləni oxumaq yalnız kiçik bir zümrəyə aiddir. Geniş oxucu kütləsi bədii əsərləri - roman, povest, poema və s. kütləvi şəkildə oxuyur, kinoya çoxları baxmaq istəyir. Bu baxımdan Qabilin «Nəsimi» poeması, İ.Hüseynovun ssenarisi əsasında çəkilən «Nəsimi» filmi mütəfəkkir şairin xalqa tanıtdırılmasında çox böyük rol oynadı. Ona qədər Nəsimi haqqında monoqrafiya və elmi məqalələr var idi. Etiraf edək ki, adları çəkilən bədii sənət nümunələri, sözün həqiqi mənasında, Nəsimini xalqa qaytardı. Bundan başqa, Azərbaycan təsviri sənətində Nəsiminin portreti yaradıldı, qüdrətli bəstəkarlarımız şairin şeirlərinə möhtəşəm musiqilər bəstələdilər. Mənə elə gəlir ki, 1970-ci illərdə başlanmış iş bu gün də davam etdirilməlidir. Nəsimiyə yeni yanaşma üsulu müəyyənləşdirilməlidir. Nəsimi obrazı yenidən sənətə gətirilməlidir. Nəsimi yaradıcılığı bütövlükdə araşdırılmayıb, yetərincə xalqa çatdırılmayıb. Şairin ərəbcə yazdığı əsərlər bu günə kimi Azərbaycan dilinə çevrilməyib».
   R.Hüseynov rəhbərlik etdiyi N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Tarixi Muzeyində Nəsimi irsinə göstərilən diqqət və qayğıdan da danışdı. “Vaxtilə ədəbiyyat muzeyində Nəsimi kiçik bir guşədə təqdim olunurdu. Bu təqdimat böyük şairin idealları qarşısında çox kiçik görünürdü. Bu gün Nəsimi irsi muzeydə ayrıca bir zalda təqdim olunur. Burada şairin yaradıcılığı ilə bağlı orta əsrlərdə çəkilmiş miniatürlər və müasir Azərbaycan rəssamlarının əsərləri cəmlənib. Bununla yanaşı, Nəsiminin və müəllimi Nəiminin məqbərələrinin çox zövqlü şəkildə düzəldilmiş maketləri nümayiş etdirilir.
   Muzeyimiz həmçinin Nəsimi ilə bağlı müxtəlif kinoxronika materiallarını da əldə edibdi. Bu guşədə bədii və sənədli kinolentlər, Nəsiminin ayrı-ayrı Azərbaycan aktyorlarının ifasında müxtəlif vaxtlarda oxunmuş şeirləri və xanəndələrin ifasında səsləndirilmiş, qəzəlləri özündə əks etdirən lentlər cəmlənib. Muzeyi seyr etməyə gələnlər bu lentləri dinləmək imkanına malikdirlər”.
   Müsahibim Nəsimi yaradıcılığının tədrisi və təbliğindən də söhbət açdı. Tanınmış ədəbiyyatşünas-alim bu sahədə də ciddi işlərin görülməsini vurğuladı. «Düzdür, Nəsimi yaradıcılığı orta və ali məktəblərdə tədris olunur. Ancaq mənə elə gəlir ki, böyük ideallar şairi bir qədər fərqli biçimdə tədris olunmalıdır.
   Biz Nəsimini dünyaya da lazımınca təqdim edə bilməmişik. Nəsimi böyük humanist şairdir. O, insanı Allah mərtəbəsinə ucaldıb. Allahı isə İnsana doğma olacağı, insanın anlayacağı, duyacağı bir səviyyədə təqdim edir. Kiçik bir nümunəyə diqqət yetirək:
   
   Sirrimi adəmdə pünhan eylərəm,
   Adəmi həm həqq, həm insan eylərəm.

   
   Burada hər şey aydındır. Şair insanı Allah mərtəbəsinə ucaldır, Allahı da insan səviyyəsində təqdim edir”.
   - Rafael müəllim, Nəsimi sadəcə şair deyil, o, filosof-şairdir, tamamilə yeni bir fəlsəfi məktəbin yaradıcısıdır. Onu da qürurla deyə bilərik ki, şairin insan fəlsəfəsi, insana yanaşması yaşadığımız günlər üçün yeni bir aktuallıq qazana bilər.
   - Tamamilə doğrudur. Onun ənəlhəq fəlsəfəsi - insanı Allah mərtəbəsinə ucaltması, Tanrını insanlaşdırması çox maraqlı və düşündürücüdür. Dünya fəlsəfə tarixində, bəşər humanizmində çox orijinal və maraqlı yanaşmalardan biridir. Bu həqiqət özümüzə və dünyaya aşılanmalı, təbliğ olunmalıdır.
   Din çox gözəl bir dəyərdir. O, insanda lazımi mənəvi dəyərlər formalaşdırır. Ancaq biz dini insanlara xurafat, cəhalət şəklində öyrətməməliyik. Dini dəyərlər məhz Nəsimi kimi mütəfəkkir şəxsiyyətlərin təqdim etdiyi səviyyədə, insanın duyacağı anlamda təbliğ olunmalıdır. Bu baxımdan orta və ali məktəblərimizdə Nəsimi yaradıcılığı ilə bağlı yeni işlər görülməlidir. Hürufilik Azərbaycan tarixində çox maraqlı bir fəlsəfədir. Ancaq bu günə kimi hürufiliyin daşıdığı mənəvi dəyərlər lazımi səviyyədə insanlara çatdırılmayıb.
   
   Xeybər Göyyallı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar