Bu fikir S.Bəhlulzadənin 100 illiyinə həsr olunmuş elmi-praktik konfransda səsləndi
   
   Milli rəngkarlıq sənətimizin əvəzsiz nümayəndəsi, görkəmli rəssam, Azərbaycan boyakarlığında öz dəst-xətti olan Səttar Bəhlulzadənin yaradıcılığı hələ çox-çox illər bundan sonra da sənətsevərlərin diqqətini cəlb edəcək, onları sözün həqiqi mənasında heyrətləndirəcəkdir. Bu heyrətin, bu diqqətin ən böyük səbəbi isə odur ki, bu dünyaya məhz rəssam olmaq üçün gəlmiş bu fırça sehrkarı təbiətin özü qədər təbii, sadə, munis, ürəyi yaratmaq eşqi ilə çırpınan bir Tanrı möcüzəsi idi. Elə ona görə də bu qeyri-adi sənət adamının, görkəmli rəssamın heyranları dekabrın 19-da, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Suaraxanı Rayon İcra Hakimiyyəti ilə birlikdə təşkil etdikləri “Səttar Bəhlulzadə-100” adlı elmi-praktik konfransda bu həqiqəti bir daha təsdiqlədilər.
   Tədbir iştirakçıları öncə dahi rəssamın doğma Əmircan kəndindəki məzarını ziyarət etdilər. Sonra Suraxanı Rayon İcra Hakimiyyəti binasındakı Heydər Əliyev Mərkəzinin geniş salonunda elmi-praktik konfransın açılış mərasimi oldu. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və Səttar Bəhlulzadə sənətinin pərəstişkarları iştirak edirdilər.
   Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, Respublika Prezidenti İlham Əliyevin 31 yanvar 2008-ci il tarixli sərəncamı ilə xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyi ölkəmizin hər yerində, o cümlədən xarici ölkələrdə və YUNESKO miqyasında qeyd olunur. Bu işdə ulu öndərin adını daşıyan Fondun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da xüsusi xidmətləri vardır.
    Konfransda çıxış edənlər ulu öndər Heydər Əliyevin Səttar Bəhlulzadə sənətinə yüksək qiymət verdiyini qeyd etdilər... Tədbir iştirakçıları bir daha yekdilliklə təsdiq etdilər ki, hələ sağlığında ikən doğma Azərbaycan torpağını qarış-qarış gəzib dolaşan xalq rəssamı milli rəssamlıq sənətinə dəyərli töhfələr vermiş, Azərbaycan təbiətinin əsrarəngiz gözəlliyini, ulu yurdun biri digərindən füsunkar guşələrini özünəməxsus tərzdə, əlvan və təkrarsız boyaların ecazkar vəhdətini yaratmaqla kətan üzərinə köçürmüşdür. Bu istedadlı rəssamın müxtəlif vaxtlarda yaratdığı “Səhər”, “Atəşfəşanlıq”, “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol”, “Yaşıl xalı”, “Xəzər üzərində axşam şəfəqləri”, “Xəzər gözəli”, “Bahar çiçəkləri”, “Bağlar arasında”, “Tut ağacı”, “Kəpəzin göz yaşları”, “Cıdır düzü”, “Yuxarı daşaltı”, “Şuşa ətrafında” və dögər tabloları milli rəssamlıq sənətimizin əvəzsiz töhfələridir.
    Tədbirdə sənətşünas, əməkdar incəsənət xadimi Səttar Bəhlulzadənin tələbəsi olmuş Ziyadxan Əliyevin xalq rəssamının həyat və yaradıcılığına həsr etdiyi çıxışı tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
   Görkəmli rəssamın 100 illiyinə həsr olunmuş elmi-praktik konfransın sonunda 1969-cu ildə “Ekran” yaradıcılıq birliyinin istehsal etdiyi “Bu - Səttar Bəhlulzadədir” adlı sənədli film nümayiş etdirildi.
   
   C.Tağıyev