Şəkidə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilən Prezident Kuboku uğrunda 4-cü Çövkən Milli Oyunları başa çatdı. Dekabrın 19-dan start götürən turnirdə 12 komanda 3 yarımqrupa bölünməklə mübarizə aparırdılar. Şəki Daşüz Atçılıq Mərkəzində keçirilən turnirə dünən final oyunu və təntənəli bağlanış mərasimi ilə yekun vuruldu. Finalda Ağdam təmsilçilərini 2-0 hesabı ilə məğlub edən Şəki komandasının üzvləri ardıcıl olaraq üçüncü dəfə kuboku başları üzərinə qaldırdılar. Qeyd edək ki, yarışların şərtinə görə kuboka 3 dəfə yiyələnən komanda həmişəlik olaraq bu mükafatı özündə saxlayır. Oyun başa çatdıqdan sonra turnirin təntənəli bağlanış mərasimi keçirildi və kubok qalib Şəki komandasına təqdim edildi. Həmçinin sürpapaq oyunu üzrə qalib olmuş Oğuz komandası, papaq üzrə qalib İsmayıllı komandası və atların yorğa yürüşü üzrə qalib Ağcabədi komandasına da mükafatlar təqdim olundu.
Turnir çərçivəsində elan edilmiş milli idman oyunları mövzusunda rəsm müsabiqəsinin ilk 3 qalibi də yarış təşkilatçılarının xüsusi diplom və mükafatlarına layiq görüldü. Eyni zamanda, ənənəvi olaraq Şəkidə keçirilən Çövkən Milli Oyunlarının inkişafına verdiyi dəstəyə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəki Rayon İcra Hakimiyyətinin xüsusi diplomu və ildən-ilə genişlənən milli idman oyunlarının yüksək səviyyədə təşkilinə görə, Şəki rayon İH-in başçısı Nazim İbrahimov Mədəniyyət və Turizm Nazirliyinin xüsusi diplomu ilə təltif olundular. Şəki rayon İH-in başçısının müavini Zərinə Cavadova və Daşüz Atçılıq Mərkəzinin direktor müavini Elman Qədirov isə fəxri fərmana layiq görüldülər.
Bayram əhval-ruhiyyəli bağlanış mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Şəki rayon İH-in başçısı Nazim İbrahimov, o cümlədən Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, xalq artisti Rasim Balayev, yazıçı Dilsuz Mustafa və başqa ziyalılar da iştirak edirdilər.
Mərasimdə turnir iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti oxundu. Müraciəti imzalayanlar prezident İ.Əliyevi qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edərək, dövlət səviyyəsində göstərilən qayğı nəticəsində milli idman oyunlarının ildən-ilə ölkəmizin mədəni həyatında daha möhkəm yer tutduğunu vurğuladılar.
Sonda məlumat üçün bildirək ki, 2006-cı ildə keçirilən Çövkən Milli Oyunlarının keçici kubokuna Ağstafa komandası, 2007 və 2008-ci illərdə isə Şəki komandası sahib çıxıb.
P.S. Turnirdən hazırlanmış geniş yazı ilə növbəti sayımızda tanış ola bilərsiniz.
Səbuhi,
Şəki