Azərbaycan Turizm İnstitutunda 20 Yanvar tarixi anıldı
Yanvarın 19-da Azərbaycan Turizm İnstitutunda “imperiyaya yox” deyib, canlarını fəda edən şəhidlərimizin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan Azərbaycan Turizm İnstitutu “Turizmin təşkili və idarə edilməsi” fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəsir Nəsirli bildirib ki, 20 Yanvar qanla yazılmış tarixmizin təkcə dünəni deyil, bu tarix sabahımızın qurucuları olacaq hər bir gəncin fəxarət duya biləcəyi böyük salnamənin önəmli bir səhifəsidir. O günləri unutmağa, utundurmağa mənəvi haqqımız yoxdur.
Tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı deyib: «Deyirlər, günahsız insanları qırdılar. Doğrudanmı, bizim günahımız yox idi? Cavabım belədir: bizm ən böyük günahımız bu torpağı, bu yurdu, Azərbaycanı sevməkdir. İşğala qarşı yox deyib, bu yolda qurban getmək şərəfdir. Biz qanla yazılan səhifəni qeyrətimizlə şanlı səhifəyə çevirib tarixləşdirdik. O gecə, ondan sonrakı günlərdə şəhid olanların ruhu qarşısında baş əyirik». ATİ-nin yerli Yeni Azərbaycan Partiyası təşkilatının sədri Anar Fərmayılov 20 Yanvar faciəsini xalqımızın taleyində yeni bir mərhələnin, özünüdərkin başlanğıcı kimi dəyərləndirdi və şərəf tariximizi qanları ilə yazanların bugünkü gəncliyə örnək ola biləcəyini vurğuladı.
Sonda N.Nəsirli mərasim iştirakçılarına bir daha xatırlatdı: «Bütün ağrı-acısı ilə bu bizim tariximizdir. Azərbaycan tarixinin şanlı səhifəsidir. Bu səhifəni qanları ilə yazanlar isə ölməzdir. Şəhidliyə qovuşanlar ölmür. Ruhları şad olsun».
FƏXRİYYƏ