Yanvarın 18-də Mədəniyyət və Turizm Nazirliyi ilə birgə İstiqlal Muzeyi 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı “Yarımçıq qalmış uçuş” adlı tədbir-sərgi keçirdi. Sərgidə «AzərTAc»ın tanınmış fotojurnalisti, əməkdar mədəniyyət işçisi mərhum Oqtay Məmmədovun 20 Yanvar faciəsini əks etdirən fotoşəkilləri nümayiş olundu.
   Tədbiri giriş sözü ilə İstiqlal Muzeyinin direktoru Şəmsi Fəridə açdı. 20 Yanvar faciəsindən və faciə günündə Oqtay Məmmədovun gördüyü tarixi işlərdən, keçirdiyi mənəvi sarsıntılardan danışdı. Millət vəkili, əməkdar jurnalist Elmira Axundova da əvvəl 20 Yanvar faciəsinin başvermə səbəbləri və faciəni törədənlər haqqında söhbət açdı. Sonra isə əməkdar mədəniyyət işçisi, fotojurnalist O.Məmmədov haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşdü: «O, mənim həmkarım olub. Onunla on il yol yoldaşı olmuşam. Gözəl davranışı, yüksək intellektual səviyyəsi ilə onu tanıyan hər kəsdə xoş təəssürat yaratmışdı. O, zəhmətkeş, həm də vətənpərvər idi... Onun 20 yanvar 1990-cı ildə gördüyü işləri həqiqətən qəhrəmanlıq saymaq olar. Məlumdur ki, qəhrəmanlar xalqın, vətənin çətin günündə meydana çıxır. O da bu tarixi gündə bir fotojurnalist kimi tanındı. Heç kimin görmədiyi işi gördü. Ona görə də onu bu sənətin banisi hesab edirəm».
   Mərhumun həyat yoldaşı Gülayə Məmmədova, oğlu Oqtay Məmmədov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlıqlarını bildirdilər.
   Daha sonra millət vəkili Jalə Əliyeva, “Azərbaycan uğrunda“ qəzetinin baş redaktoru Xatirə Rəhimli, Avroasiya Universitetinin dosenti Ədalət Tağızadə, Qarabağ müharibəsi veteranı, mayor Aidə Şirinova və «AzərTAc»ın kollektivi adından Zərəngiz Mansurova çıxış etdilər.
   Tədbirdə həmçinin «20 Yanvar» Cəmiyyətinin üzvləri, hadisə qurbanlarının ailələri, Prezident Qvardiyasının əsgərləri, Daxili Qoşunların və Sərhəd Qoşunlarının müdavimləri, Cəmşid Naxçıvanski adına Liseyin kursantları və Qarabağ Müharibəsi Veteran Qadınlar Birliyinin üzvləri iştirak etdilər.
   
   F.Savalan