Qədim və zəngin mədəniyyəti olan Azərbaycan xalqı dünya mədəniyyəti xəzinəsinə zaman-zaman şöhrətli sənət adamları - teatr, musiqi, ədəbiyyat xadimləri bəxş etmişdir. Əgər dönüb geriyə-keçmişə baxsaq, o zaman milli mədəniyyətimizin inkişafında misilsiz xidmətləri olan onlarla sənət fədailərimizin işıqlı, unudulmaz, həmişəyaşar simalarını görərik. Sənət aləminin ecazkar səmasında parlayan bu “Sönməyən ulduzlar” zaman keçdikcə öz işığını, şöləsini nəinki azaltmır, əksinə daha gur və parlaq, işıq saçmaqda, şölələnməkdə davam edir. Bəlkə də elə bu səbəbdəndir ki, onlar bu gün də anılır, xatırlanır və sevilir. Ötən gün Azərbaycan Yaradıcılıq Fondunun layihəsi əsasında, Respublika Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr olunmuş “Sönməyən ulduzlar” xatirə kitabının təqdimat mərasimi bu həqiqəti bir daha təsdiq etdi.
   Gecəyə toplaşan tanınmış sənət adamlarını, musiqi və teatr xadimlərini salamlayan Respublika Yaradıcılıq Fondu İdarə Heyətinin sədr müavini, əməkdar incəsənət işçisi Rafiq Kaşanlı öncə bu kitabın ərsəyə gəlməsində böyük əməyi olan insanlara təşəkkürünü edərək, belə bir nəşrin milli mədəniyyətimizin təbliği və öyrənilməsi sahəsində mühüm rol oynadığını bildirdi. O, həmçinin belə bir həqiqəti də vurğuladı ki, bu gün Azərbaycanda “Sönməyən ulduz”lar - unudulmaz sənət adamları kiçik bir kitabın səhifələrinə sığmayacaq qədər çoxdur. Gələcəkdə bu seriyadan olan kitabların çap edilməsinin vacib və gərəkli bir təşəbbüs olduğunu bildirən natiq, Yaradıcılıq Fondunun fəaliyyətini, onun rəhbəri AMEA-nın müxbir üzvü, professor, əməkdar elm xadimi Kamal Abdullanın müstəsna zəhmətini də gecəyə toplaşanların nəzərinə çatdırdı.
    “Sönməyən ulduzlar”ın təqdimat mərasiminə toplaşanlar kitabın müəllifi Bəsti Əlibəylinin tanınmış sənət adamları barədə böyük məhəbbət və sənətkarlıqla qələmə aldığı oçerklərin bədii məziyyətlərindən, bu yazılardakı bioqrafik materialların işlənməsi və oxuculara təqdim edilməsinin forma və məzmun xüsusiyyətlərindən danışdılar. Qeyd olundu ki, ensiklopedik xarakterli bu kitabın maraqli və təqdirolunası məziyyətlərindən biri də müəllifin müxtəlif zaman kəsiyində yaşayıb-yaratmış sənət adamlarının məişət və ailə gizlinlərini, şəxsi həyatını deyil, məhz sənət dünyasını işıqlandırmasıdır.
   10 çap vərəqi həcmində olan bu kitab AMEA-nın müxbir üzvü, professor, əməkdar elm xadimi Kamal Abdullanın redaktorluğu ilə “Şərq-Qərb” nəşriyyatında 500 nüsxə tirajla çap olunub.
   
   Cəlal Tağıyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar